"Kəlbəcər rayonunun Ermənistan işğalından azad olunması Azərbaycan xalqı üçün çox əlamətdar hadisədir".
Bunu
“Report”a açıqlamasında israilli hüquqşünas, beynəlxalq hüquq və beynəlxalq siyasət üzrə ekspert
Mixail Fenkel bildirib.
Ekspertə görə, həm bitki və heyvanat aləminin zənginliyi, həm də çoxlu sayda tarixi və dini abidələri baxımdan fərqli mövqeyə malik Kəlbəcər rayonu Azərbaycan xalqının əzəli yurd yerlərindəndir.
“Bu müharibə dövrü ərzində ermənilər özlərini az qala xristian dünyasının sipəri kimi qələmə verir, müharibənin guya iki mədəniyyət arasında getdiyini iddia edirdilər. İndi isə qaytarılan Kəlbəcər rayonunda qarşımızda nələr görürük? Buradakı qədim xristian məbədləri acınacaqlı vəziyyətdədir, baxımsızlıqdan viranəyə çevrilib. Budurmu “xristian dünyasının, sivilizasiyasının fədailəri”nin göstərdiyi davranış? Yəni bütün bu iddialar ağ yalandan ibarətdir, müharibə Azərbaycan torpaqları uğrunda gedirdi".
Ekspertin qeyd etdiyinə görə, Qarabağda, o cümlədən Kəlbəcər rayonu ərazisindəki kilsələrin həqiqi mənsubiyyətini dərk etmək mühüm əhəmiyyət daşıyır:
“Tarixə bələd olan insanlar bütün bu kilsələrin Qafqaz Albaniyası xristianlarına məxsus olduğunu, erməni kilsəsinə dəxli olmadığını başa düşməlidir. XIX əsrdə Rusiya imperiyası tərəfindən erməni kilsəsinə verilən bu məbədlər erməniləşdirilməyə başladı. Qədim alban kilsələrini saxtakarlıq yolu ilə erməni kilsəsi donuna bürüyürdülər”.
Tarix: 26-11-2020, 19:54