36 kəndin 31-də azərbaycanlılar yaşayırdı - "Nyu York Tayms"



Cənubi Qafqazda baş verən proseslər dünyanın gündəmindədir. Qərbin media nəhəngləri də bu mövzuya xüsusi diqqət ayırırlar.
Neqativ.com xəbər verir ki, bu dəfə ”Nyu York Tayms” qəzetində getmiş “Layers of Tragedy, in a Cemetery and in the Mountains” (“Faciənin qəbiristanlıq və dağlardakı qatları”) adlı müəllif yazısını təqdim edirik. Anton Troyanovskinin qələmindən çıxmış məqalədə ermənilərin Kəlbəcər rayonun tərk etməsinin bəzi detalları öz əksini tapıb.
“Dağlıq Qarabağda görə başlamış və 6 həftə davam etmiş müharibə başa çatdıqdan sonra ermənilər tarixi torpaqları hesab etdikləri əraziləri qoyub qaçırlar” – belə bir girişlə başlayan müəllif dağlıq ərazi olan Kəlbəcəri tərk edən ermənilərin maşınlarla daşıdığı ev əşyalarına diqqət çəkir. Zirehli maşınlarda yer alan Rusiyalı sülhməramlıların nəzərləri altında baş verən bu köç 1993-cü ildəkindən xeyli fərqlidir. O vaxt Kəlbəcərdə yaşayan minlərlə azərbaycanlı uca dağları aşaraq erməni separatçılarından xilas olmağa can atırdılar. İndi isə beynəlxalq hüquqa görə Azərbaycan ərazisi olan Kəlbəcəri ermənilər tərk edir və bir vaxt yaşadıqları evlərə od vuraraq çıxıb gedirlər. Erməni əsgərlərinin gözündə boşluq var. Yolların kənarında qalmış əsgər meyitləri, Azərbaycan Ordusunun istifadə etdiyi dronlar haqqında qorxu hissi ilə düşünən erməni hərbçiləri…
Yaxınlıqda sovet dövründən qalma azərbaycanlı qəbiristanlığı var. Dağıdılmış qəbirlərin minarə həkk olunmuş parçaları saralmış otların içində itib-batıb.
Müəllif vurğulayır ki, enerji mənbələri ilə zəngin olan Xəzər dənizi, strateji önəmi olan Qara dəniz tarixən Rusiya, Türkiyə və İran üçün xüsusi önəm daşıyıb. Elə bu səbəbdən də regional güclər bu ərazilərdə nüfuz uğrunda mübarizə aparır. Dolayısı ilə müəllif Ermənistan-Azərbaycan savaşının kökündə dayanan səbəbin məhz bu amilə söykəndiyini bildirir.
Anton Troyanovski yazır ki, ermənilərlərlə azərbaycanlılar arasında mövcud olan zorakılıq bitmək bilmir. XX əsrin əvvəllərində azərbaycanlılar erməniləri qırıb (?). 1980-ci illərdə isə talanlar baş verib. Ermənilər yarım milyondan çox azərbaycanlını bu ərazidən qovublar: “Son 6 həftəlik müharibədə 2 min nəfərdən çox erməni öldürülüb, Azərbaycan tərəfi isə hələ itkilərini rəsmən açıqlamayıb”.
Müəllif Kəlbəcərdəki Xudavəng monastırında gördüklərini də qələmə alıb: “Rusiya sülhməramlılarının nəzarətində olan tarixi abidə üç tərəfli müqaviləyə əsasən Azərbaycanın nəzarətinə keçəcək. Bu isə erməniləri və dünya tarixçilərini narahat edir”.
Amerikalı jurnalist monastırın keşişi Hovanes Hovanesyanla danışarkən müşahidə etdiyi bir olayı belə təsvir edir: “Monastıra uzun müddət keşik çəkmiş şəxs evə od vurmuşdu, baxmayaraq ki, keşiş onu bu əməldən çəkinməyə çağırmışdı”.
Keşiş jurnalistə bildirib ki, ermənilərin bu cür düşünməsi 1915-ci ildə olmuş erməni genosidi ilə bağlıdır. Ona görə də ermənilər belə fikirləşirlər ki, ev düşmənə qalsa, murdarlanacaq. Buna yol verməmək üçün ən yaxşısı evi yandırmaqdır.
Jurnalist yazır ki, yanmış, yanmaqda və tüstülənməkdə olan evlərin yanından keçib ermənilərin nəzarəti altında olan əraziyə daxil olub: “Sual olunur, nə qədər erməni bu ərazilərə geri dönəcək. Stepanakertin (Xankəndi) küçələri boş qalıb. Hər yerdə dağıntılar var, mağazalar yanıb, binaların divarlarında qəlpə yerləri aydın görünür, şüşələr qırılıb tökülüb. Ərazidə nə istilik sistemi, nə də isti su var. Ermənilərin hazırda istifadə etdikləri mobil internet xidməti də Azərbaycana məxsusdur. Ermənilər həmin xəttin keçdiyi ərazini azərbaycanlılara təslım etməli olublar”.
Müəllif bildirir ki, şəhər meri 58 yaşlı Danelyan onu öz evinə dəvət edib. Həmin evdən onlar birlikdə yüksəklikdə qərar tutmuş tarixi Şuşa şəhərinə tərəf baxıblar: “Şuşa hazırda azərbaycanlıların nəzarəti altındadır”.
Şəhər meri jurnalistə deyib: “Təəssüf ki, indiki məqamda azərbaycanlılar və ermənilər ayrı yaşamalıdır. Nə vaxtsa birgə yaşamağa ümid etmək, bunu arzulamaq olar”.
Jurnalist yazır ki, mən bu şəhərdə müharibə gedən üçüncü həftədə olmuşdum. O vaxt buradakı qəbiristanlıqda müharibədə həyatını itirmiş xeyli adam dəfn edilmişdi. İndi isə buradakı qəbiristanlıqda dəfn olunanların sayına daha 60 qəbir əlavə edilib. Cəmi bir-iki həftə əvvəl sağ olanlar indi torpağın altındadır. Əlavə üç sıra qəbir yerləri qazılıb: “Yeni qəbirlərin üstündə süni güllər düzülüb, əsgər şəkilləri yerə sancılmış taxta xaçların üzərinə yapışdırılıb. Bir az yuxarı boylandım. Orada isə 1990-cı ildə öldürülmüş erməni əsgərləri basdırılıb. Daha yuxarıda isə Dağlıq Qarabağdan gedərək II Dünya müharibəsində ölənlərə ucaldılmış abidə diqqət çəkir”.
Ermənistan sakini Arsen Nalbəndyanın amerikalı müxbirə dedikləri isə xüsusi maraq doğurur:
“Mən Ermənistandakı rayonda yaşayırdım. Əvvəl oradakı 36 kəndin 31-də azərbaycanlılar yaşayırdılar. Bizim normal münasibətlərimiz vardı. Bir-birimizin toy şənliklərində iştirak edərdik. Azərbaycanlılar erməniləri kirvə tutardular. Elə son illərdə də mən Moskvada və Sankt-Peterburqda azərbaycanlı dostlarımla sərxoş olana kimi vurmuşam”.
Gördüyünüz kimi, amerikalı müəllif öz yazısını təsadüfən “Faciənin qəbiristanlıq və dağlardakı qatları” adlandırmayıb. Anton Troianovski ermənilər və azərbaycanlılar arasında tarixən yaşanmış olayların dərin qatları haqqında oxucularda hərtərəfli təəssürat yaratmağa çalışıb. Məqalədə ermənilərə simpatiya işartıları xeyli parlaq olsa da Azərbaycan xalqının erməni separatizmindən çəkdiyi məşəqqətlər haqqında da kifayət qədər obyektiv məlumat verilib.axar.az
Tarix: 20-11-2020, 21:36
Xəbəri paylaş



Xəbər lenti