“Bu təxribat Qarabağ separatçıları və Suriyadan gətirilən muzdluların işinə yarayır” Aydındır ki, Qarabağda Vətən müharibəsindən sonra yaranan reallıq hələ də Ermənistanda olduğu kimi qəbul edilməyib. “Yenilməzlik” və şişirdilmiş eqo fikirləri erməni mühitində gəzməyə davam edir və bu fikirlərin daşıyıcılarını, ən azı bir az fərqli fikirdə olan hər kəslə mübarizə aparmağa sövq edir. Və mübarizə ermənilərin dünən öz təcavüzkar siyasətlərinin dayağı hesab etdikləri şəxslərə qarşı da aparılır.
Bunu AYNA-ya türkiyəli hərbi ekspert Abdullah Bekçi deyib. Rusiyanın “avia.pro” saytında Qarabağ separatçılarının silahlı qruplarının Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğaldan azad edilməsinə dair üçtərəfli razılaşmanın şərtlərinə tabe olmaq istəmədiklərini, buna qarşılıq rus sülhməramlılarının atəş açdıqları haqqında yayımlanan məlumatı şərh edən ekspert bildirib ki, Ermənistan fanatikləri məğlubiyyəti qəbul edə bilmirlər.
“Paşinyanın Azərbaycan ərazilərini azad etmək üçün yeganə düzgün qərarına reaksiya və erməni xalqının ona olan münasibəti televiziyada yayımlandı. Ancaq Rusiya sülhməramlılarına qarşı çıxışlar Rusiyaya və onun beynəlxalq nüfuzuna qarşı zərbələrdir. Və Rusiya “böyük qardaş”ın bölgədəki rolunu şübhə altına almağa icazə verməyəcək. Buna görə də, Ermənistanla əlaqəli qruplar razılaşmaya əməl etməzsə, Rusiya onları ram etmək üçün güc tətbiq edəcək. Onlar tam məhv olana qədər”, - Bekçi vurğulayıb.
Rumıniyalı hərbi ekspert Valentin Vasilesku da AYNA-ya açıqlamasında oxşar fikir səsləndirib. Deyib ki, Qarabağ separatçılarının özləri ilə yanaşı, əvvəllər İrəvan tərəfindən kütləvi şəkildə idxal edilən və indi pulsuz qalan, geri qayıtmaq imkanı olmayan muzdlular da bu təxribatın arxasında ola bilərlər.
“Bu təxribatın müəlliflərinin, əmrə tabe olmaqdan imtina edənlərin Suriyadan olan radikal muzdlular olması mümkündür. İndi onlar pulsuzdurlar və onlara yalnız fanatizm deyil, həm də pul lazımdır. Pulu isə onlar yalnız müharibə olduğu təqdirdə ala bilərlər. Müharibə yoxdursa, onu təhrik etməlisən. Ancaq Rusiya sülhməramlılarının atəşə tutulması, reallığı açıq-aşkar etiraf etmək istəməyən və rus sülhməramlılarını “xain” kimi görən erməni separatçı fanatiklərinin özləri tərəfindən həyata keçirildiyi istisna deyil”, - deyə Vasilesku əlavə edib.
Tarix: 18-11-2020, 21:14