Aqil Abbas: “Rusiya sülhməramlıları üç ildən sonra da ərazilərimizi tərk edə bilər” Qondarma “Dağlıq Qarabağ Respublikası”nın “prezident”i Arayik Arutunyan noyabrın 15-də Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi Hərbi Prokurorunun birinci müavini, polkovnik Dmitri Şuvarkin ilə görüşüb. Arutunyan “Facebook” səhifəsində görüşdə Qarabağdakı “Azərbaycan təcavüzü” nəticəsində yaranan humanitar vəziyyətin müzakirə edildiyini bildirib. O, həmçinin Vladimir Putinin fərmanına uyğun olaraq Xankəndidə İdarələrarası Humanitar Mübarizə Mərkəzinin yaradılmasını da alqışlayıb.
Bununla yanaşı, görüşdən sonra Dmitri Şuvarkin qondarma rejimin “bayrağı” altında qondarma rejimin “prezidenti” ilə şəkil çəkdirib, yayımlamağı da yaddan çıxarmayıb.
Bütün bunların fonunda Rusiya birbaşa qondarma rejimlə əlaqələr qurmağa, Xankəndidə mərkəzlər yaratmağa da başlayıb. Bu mərkəzlərdən biri də Rusiya Müdafiə Nazirliyi tərəfindən Xankəndidə yaradılan İdarələrarası Humanitar Mübarizə Mərkəzidir. Mərkəz humanitar adı daşısa da, Müadifə Nazirliyi, Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti, Fövqaladə Hallar Nazirliyi və digər dövlət orqanlarının təmsilçilərindən formalaşdırılır.
Rusiyanın ikitərəfli əlaqələri birbaşa qondarma rejimlə qurmasının yaratdığı narazılığın daha bir əlavə, Rusiyanın media kapitanlarından olan, erməni əsilli Marqarita Simonyanın “Twitter” hesabında paylaşdığı məlumat olub. Simonyan Ermənistanda sosial şəbəkə istifadəçiləri arasında yeni trendin yaradıldığını bildirib və buna belə bir açıqlama verib: “Bu trendin mənası “Qarabağ Rusiyadır” deməkdir. Dünyada ən yaxşı şey həqiqətin yalana qalib gəlməsidir.”
Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi 5-ci Rusiya sülhməramlı briqadasının hərbi bölmələrinin şəxsi heyətinin və zirehli maşınların olduğu daha 2 ədəd “An-124” və 18 ədəd “İl-76” tipli hərbi nəqliyyat təyyarəsinin İrəvan hava limanına endiyini açıqlayıb. Bildirilib ki, gün ərzində Rusiyanın hərbi təyyarələri ilə 58 avadanlıq-zirehli personal daşıyıcı, yük maşınları, tankerlər, ekskavatorlar və digər maddi-texniki avadanlıqlar Ermənistana gətirilib. Halbuki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingentinin 1960 sayda odlu silahlı hərbi qulluqçudan, 90 hərbi zirehli texnika, 380 ədəd avtomobil və xüsusi texnikadan ibarət olacağı bildirilmişdi.
Baş verənlərlə bağlı AYNA-ya danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas, artıq Arayik Arutunyanın seperatçı rejimin rəhbəri olmadığını deyib: “Arutunyan artıq seperatçı rejimin rəhbəri yox, Xankəndinin icra başçısıdır. İnşallah, bu yaxınlarda da Prezidentin sərəncamı olacaq və onun yerinə azərbaycanlı icra başçısı təyin edəcək. Sülhməramlıların da onunla görüşməsinin məqsədi ona işinin bitdiyini başa salmaqdan ibarət olub. Təbii ki, sülhməramlılar Xankəndidə olduqları üçün Xankəndinin icra başçsı ilə görüşməli idilər. Sabah Ağcabədiyə getsələr, Ağcabədinin icra başçısı ilə görüşəcəklər. Həmçinin, digər rayonların”.
“Ona görə də Arutunyan nə deyir desin, bizim üçün heç bir fərqi yoxdur. Xankəndidə vaxtı ilə 55 min insan yaşayırdı, onun da 15 mini azərbaycanlı idi. Biz də geri qayıdacağıq, onlar da. Sadəcə bilmək lazımdır ki, birdən-birə heç nə əldə etmək olmaz. Bircə ay gözləyək, nəticəni birlikdə görəcəyik”, - deputat bildirib.
Abbas Rusiya mətbuatının Qarabağla bağlı xoşagəlməz mövqeyinə də münasibət bildirib: “Rusiya mətbuatının xoşagəlməz xəbərlərini Rusiya hakimiyyətinin mövqeyi kimi dəyərləndirmək olmaz. Rusiyanın mövqeyi Qarabağın Azərbaycan torpağı olmasından ibarətdir və bunu Prezident Putin də deyib. Rusiyada da Putindən böyük adam yoxdur. Ona görə də Rusiyada hansısa Simonyanın, yaxud Jirnovskinin nəsə deməsi, Rusiya dövlətinin mövqeyini əks etdirmir. Sadəcə, belə məqamlarda bizim əhali dərhal təşvişə düşür. Amma buna ehtiyac yoxdur. Biraz gözləyək, sonra həll şeyi həll edəcəyik”.
“O ki, qaldı Rusiya sülhməramlılarının yeni hərbi texnikalar gətirməsinə, bundan da qorxmağa ehtiyac yoxdur. Rusiya Dağlıq Qarabağa 5 il müddətinə gəlib. Hətta, ola bilər ki, 3 ildən sonra çıxıb getsinlər. Yəni, Ermənistan və Azəbaycanın sülhməramlıları istəməyəcəyi təqdirdə, onlar 3-5 ildən sonra çıxıb gedəcəklər. Sülhməramlılar nə texnika gətirir gətirsinlər, qarşılarında Türkiyə sülhməramlıları da olacaq. Əsas odur ki, biz qalib gəlmişik, müharibəni udmuşuq. Bundan sonra nə olur olsun. Rusiya bizə mane olsaydı, 44 gün ərzində torpaqlarımızı işğaldan azad edə bilməzdik. Ona görə də kim nə deyir desin, fərqi yoxdur. Adətən məni də danlayanda nə qədər yalan uydururam. Onların açıqlamaları da buna bənzəyir”, - deyə, millət vəkili əlavə edib.
Müəllif:
Mərahim Nəsib
Tarix: 18-11-2020, 11:03