Yeraltı (underground) nəzmin azərbaycanlı müasir ustalarından Salam Sarvanın şeirindən od qoyan bir misrasını bu günlərdə yada salmamaq olmur:
Gir tabutum altınaÇətirlən çıx gəzməyəQanımı səp üstünəƏtirlən çıx gəzməyə... Lakin bu şad-xürrəm, bir yandan sevinc, bir yandan kədər göz yaşlarını tökdüyümüz tarixi günlərdə deyəsən, bəzi siyasət adamları tamamilə huşunu itirməkdədirlər.
Bunu ona görə peyzajlaşdırırıq ki, yuxarıdakı şeirdə ətir sözünü səhv salanlar olub. Fikirləşəndə havalanırsan.
Adamın yatsa yuxusuna girməz, divara günlərlə baxıb xəyala dalsa, ağlına da gəlməz ki, belə rüsvayçı iş tutasan. Əhvalatı vaqe edirik:
Siz heç ölmüş və ya öldürülmüş bir uşağa hədiyyə göndərilməsinə şahid olmusunuzmu? Siz heç evi yıxılmış atanın balası üçün qurduğu mağara ətir göndərildiyini görmüsünüzmü?
Bunu mafiya filmlərində düşmənin düşmənə acıq vermək üçün etdiyini görə bilərik. Amma filmi qoyun bir kənara, sizə gerçək faciəni danışaq.
Anaxeber.info-nu məlumatlandıran yerli qaynaqlar hadisəni nəql edirlər ki, Bərdədə insanlıq dramı və tragikkomediyası yaşanıb.
Bu yaxınlarda faşist Paşinyan rejiminin qadağan edilmiş “Smerç” kasset raketləri ilə hədəfə aldığı Bərdənin terror olunması zamanı qətlə yetirilən, terrorun qurbanı olan 7 yaşlı Aysuya bütün ölkə ağladı, onun şəkilləri bütün dünya mediasının üzqabığında yer aldı, manşetləri bəzədi.
Bütün tüği-lənətlər, qarğışlar erməni cəllaladlarına yönəldi. Ordumuz isə Aysu və Bərdədə öldürülən digər mülki şəhidlərin qisasını layiqincə aldılar - Şuşa qələbəsi ilə...
Di gəl, ortalıqda insanlığa qarşı bir cinayət var və bu müharibənin başlamasının səbəbkarı nə Aysudur, nə bərdəli sivillər.
Onlar yıxılmadı, sınmadı, mərdi - mərdanə duruş gətirdilər, Aysunun ailəsi düşmən sevinməsin deyə dişini-dişinə sıxdı, gözünün yaşını boğdu, dim-dik durdu, bu şeirdə olduğu kimi:
Qanımı səp üstünəƏtirlən çıx gəzməyə...Bəs sizcə, belə məqamda Bərdənin deputatı Zahid Oruc nə etsə yaxşıdır, bu mənalı misranı deqradasiyaya uğradaraq şəhid balanın evinə ətir göndərib. Hələ bu azmış kimi, yanına da bir gödəkçə qoyub və yollayıb.
Məlumatlı mənbə danışır ki, Zahid Oruc Aysunun yasına getmək əvəzinə, ətir və kurtka göndərib. Sanki ad günü, bayram hədiyyəsidir.
Bunu kim edərdi? Kimin ağlına gələrdi? Amma deputat onun seçicisi olan terror qurbanlarına biganəlik göstərmək bir tərəfə, ətir və gödəkçə göndərib. Bu da sözsüz ki, Aysunun ailəsinin narazılığına səbəb olub.
Məlumatda deyilir ki, məsum uşağın atası telefonda deputata şikayətini bildiribmiş. Özünün dəfnə və yasa gəlməli olduğunu söyləyib.
Z.Oruc isə yuxarıların icazəsi olmadığını bildirib. Sizi bərdəlilər seçib, Prezident Administrasiyası yox, cənab deputat!!!
Zahid Oruc ümumiyyətlə, Bərdədə heç bir mülki şəhidin yasında olmayıb. O, Aysunun evinə ətir və gödəkçə göndərməklə borcunu yerinə yetirmiş olduğunu fikirləşib.
Xəbər verilir ki, deputat eyni “jesti” Bərdəyə atılan raketlər nəticəsində qətlə yetirilmiş Əhmədova Aybəniz Əşrəf qızının ailəsinə edib.
Z.Oruc Əhmədovların yasına da getməkdənsə, bir ətir və gödəkçə göndərib. Bu biabırçılığın heç bir izahı, arqumenti yoxdur - saymazlıq!
Onun həmkarı - deputat Fatma Yıldırım da Z.Orucdan çox geri qalmayıb. Xanım deputat yalnız Aysunun yasında iştirak edib və ailəsinə 200 manat yardım etməklə başdansovdu münasibət sərgiləyib.
Bu faktlardan adam dəhşətə gəlir, gözləri hədəqəsinə çıxır. Bu deputatlar niyə şəhid ailələrini təhqir edirlər, nə üçün laqeydlik göstərirlər? Ətir və gödəkçə hədiyyə etməyin mesajı nədir?
Bu deputatlar dövlətin və prezidentin bütün işlərini niyə korlayırlar, nə səbəbə zərbə vururlar?
Ölkədə Ali Baş Komandan öndə olmaqla, xalq, iqtidar-müxalifət, mətbuat, bütün vətəndaş cəmiyyəti bir ideya ətrafında birləşib, hamı üçrəngli bayrağa sarılıb, hər kəs şəhidi üçün ağlayır, əsgəri üçün dua edir, Zahid Oruc isə indi mənəvi dəstəkdən başqa heç nəyə ehtiyacı olmayan Aysunun ailəsinə ətir göndərir.
Bu, dövlətə və prezidentə pislik etməkdir, ölənləri və ailələrini aşağılamaq, ələ salmaq, təhqir etməkdir.
Heç kim deputatın ətirinə, ya da 200 manatına möhtac qalmayıb. Çünki Aysudan da, günahsız ölən digər bərdəli mülki şəhidlərdən də cənnətin, şəhadətin qoxusu gəlir...
Anaxeber.info Turan
Tarix: 11-11-2020, 09:25