Türk generaldan MÜHÜM AÇIQLAMA: Rus əsgərləri Qarabağda yerləşdirilsə də...


“44 günlük böyük vətən müharibəsi nəticəsində Ermənistan məğlubiyyətini qəbul edərək atəşkəsə razı oldu. Bu, Ermənistanın həm müharibə meydanında, həm də siyasi və diplomatik baxımdan məğlubiyyətinin ən böyük göstəricisidir. Paşinyan öz ölkəsini və ordusunu pərişan edərək tarixin zibilli səhifələrinə adını yazdırdı”.
"Yeni Sabah" xəbər verir ki, bu sözləri publika.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
General bildirib ki, imzalanan atəşkəs razılaşması Azərbaycanın maraqlarına və müəyyən etdiyi qırmızı xətlərə xidmət edir: “Xüsusilə, digər 3 rayonun alınması, Qazaxda işğal edilən bölgənin azad edilməsi, işğaldan xilas olunan ərazilərə məcburi köçkünlərin geri qayıtması, Ermənistanın hərbi mövcudiyyətinə son verilməsi və qondarma rejimin ləğvi, Qarabağın hüquqi statusu ilə bağlı tələbin olmaması, bundan əlavə, Azərbaycanın 100 il sonra Naxçıvanla quru əlaqəsini bərpa etməsi razılaşmanın müsbət tərəfləridir”.
Onun sözlərinə görə, xalqımızı narahat edən məsələ Ermənistan-Dağlıq Qarabağ təmas xəttinə, yəni Zəngilan-Kəlbəcər xətti və 5 kilometrlik Laçın dəhlizinə rus sülhməramlılarının yerləşdirilməsidir: “Lakin rus sülhməramlılarının fiziki olaraq gəlməsinə rəğmən, Cənab Ali Baş Komandanın ifadə etdiyi kimi, monitorinq mərkəzində rus və türk əsgərləri birgə xidmət edəcəklər. Türkiyə keçmişdə də, bu gün də, gələcəkdə də Azərbaycanın yanında olmağa və hər cür dəstəyi verməyə hazır olacaq”.
General vurğulayıb ki, razılaşma çərçivəsində yaradılan sülhməramlıların xidmət müddəti 5 ildir: “İstənilən təqdirdə, bu sülhməramlıların hərbi mövcudiyyətinə son verilməsi mümkündür. Dolayısı ilə rus cəmiyyəti və məğlub cəmiyyətlərin yaratdığı “biz bu mərhələyə gələcəkdiksə, bu müharibə niyə oldu” təəssüratı tamamilə yanlışdır. İnsanlar 12 iyul və 27 sentyabrdakı status-kvonu yaxşı dəyərləndirməlidir. Azərbaycan milli ordusu ilə xalqın milli maraqları çərçivəsində uğur əldə edib. Bu razılaşmanın imzalanması hər şeyin bitməsi demək deyil. Tarixdə bunun çox sayda nümunəsi var. Qısa müddətdə bölgələrin təxliyə edilməsi, Ermənistanın hərbi mövcudiyyətinə son qoyulması daxil olmaqla, proses təxribatlara açıqdır. Ona görə də milli birlik və bərabərliyimizi yüksək tutaraq əldə olunan qələbənin yaxşı istiqamətləri və qazancları dəyərləndirilməlidir”.
Y.Karauzun fikrincə, meydanda və masada əldə olunan böyük qələbə ilə sadəcə 28 illik itkilər geri qaytarılmır, eyni zamanda, 100 illik Naxçıvanla Azərbaycan arasındakı əngəl qaldırılır: “Bununla bütün türk dünyası üçün böyük qələbə əldə edilir. Mən bu atəşkəs razılaşmasını 95 faiz Azərbaycanın milli maraqlarəna uyğun hesab edirəm. Təbii, bu böyük qələbəni əldə etməyimizə vəsilə olan 20 min şəhidimizə borcluyuq. Şəhidlərimizin ruhları şad olsun! Mən inanıram ki, şəhidlərimizin ruhları səmada azaddır. Azərbaycan 28 ildə ordu quruculuğuna verdiyi böyük diqqət və qayğı nəticəsində bu qələbəni əldə edib. Cənab Prezident İlham Əliyev də atasının vəsiyyətini yerinə yetirərək, nəinki, Azərbaycan, həm də bütün Türk dünyasının tarixinə adını yazdırıb. Eşq olsun Azərbaycan Ordusuna!”

Tarix: 10-11-2020, 20:09
Xəbəri paylaş



Xəbər lenti