Qurban Məmmədovla bağlı məhkəmə işinin içində Rüstəm Behrudinin də adı keçir - İLGİNC

Qurban Məmmədovla bağlı məhkəmə işinin içində Rüstəm Behrudinin də adı keçir
“Atlant-İnşaat” MMC Londonda yaşayan tanınmış hüquqşünas Qurban Cəlal oğlu Məmmədov barəsində məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, yaşayış sahəsi üzrə mübahisələrlə bağlı qaldırılan iddia Bakı Apellyasiya Məhkəməsində hakim Məhəmməd Rüstəmlinin icraatına verilib.
Qeyd edək ki, “Atlant-İnşaat” MMC Qurban Məmmədov ilə bərabər onun həyat yoldaşı Məmmədova Mehbarə Əhməd qızı, həmçinin Xammədov Azad Şahbaz oğlu, Rəhimov Natiq Qənbər oğlu, Haqverdiyev İsmayıl Əli oğlu, 50 saylı Notariat kontorunun müdiri Rəhmanov Kənan Akif oğlu və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi barədə də iddia qaldırıb.
Qaldırılan iddiada tanınmış şair Rüstəm Behrudinin adı da maraqlı şəxs kimi keçir.
Məlumat üçün bildirək ki, barəsində iddia qaldırılan Qurban Məmmədov uzun illər Azərbaycan Demokrat Partiyasının üzvü olub. 1998-2003-cü illərdə həbsdə olub. Hazırda Londonda yaşayan və “AzerFreedom Tv” adlı “Youtube” kanalına sahib olan Qurban Məmmədov barəsində 2020-ci ildən Baş Prokurorluq beynəlxalq axtarış elan edib.
Qurban Məmmədov barəsində iddia qaldıran “Atlant-İnşaat” MMC (VÖEN – 1000101391) isə 16 mart 1994-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 96 min 2 manat olan şirkətin qanuni təmsilçisi Muradov Cəmil Tahir oğludur.
Qeyd edək ki, Cəmil Muradov ölkənin tanınmış iş adamlarından biridir. O, vaxtı ilə ölkənin aparıcı şirkətlərindən biri olan “Gilan Holdinq” MMC-nin qanuni təmsilçisi olub. 2023-cü ildə “Gilan Holding” MMC adını dəyişərək “Xəzri Solutions” MMC-yə çevrilib. Cəmil Muradov “Gilan Holding” MMC-nin rəhbərliyindən getsə də, hazırda “Gilan Group” MMC adlı şirkətin qanuni təmsilçisidir. Cəmil Muradov təkcə “Gilan Holdinq”ə bağlı onlarla şirkətin rəhbəri kimi deyil, eyni zamanda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın qohumu kimi tanınır. Uzun illərdir mətbuatda Cəmil Muradovun Kəmaləddin Heydərovun xalası oğlu olduğu barədə məlumatlar yayılır və bu məlumatlar bu günə kimi təkzib olunmayıb.
Tarix: Dünən, 11:29
Xəbəri paylaş



Xəbər lenti