“Yerli televiziya kanallarının video kontentinin arxiv problemi var.
TV-lərin saytları üzərindən qısa bir araşdırma ilə müəyyən etmək olur ki, bizdə bu istiqamətdə ciddi problemlər mövcuddur. AzTV-dən başqa, yerli televiziyaların hamısının arxivi əsasən, YouTube üzərindədir”.
Bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məlumat paylaşıb.
O qeyd edib ki, xeyli maraqlı və ictimai əhəmiyyət kəsb edən kontenti olmasına baxmayaraq, büdcədən maliyyələşən İTV hələ də özünün kontenti üçün yerli bir arxiv formalaşdıra bilməyib.
Məsələ ilə bağlı İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Ələsgər Vəliyev TNS-ə bildirib ki, İctimai Televiziya yaranandan indiyədək özünün xüsusi arxiv fondunu formalaşdırıb: “Çəkilən, əldə edilən bütün audiovizual materiallar həm çəkilişin tam versiyasında, həm də efir formatında qısa müddətə arxivləşdirilir. Bunun üçün təbii ki, peşəkarlardan ibarət ayrıca şöbə fəaliyyət göstərir.
Bütün arxiv materialları həm klassik, həm də ən müasir elektron formatda qorunub saxlanılır. Audiovizual arxiv materiallarının rəqəmsallaşdırılması və müasir standartlara uyğun vahid bazasının yaradılması üçün daim zəruri tədbirlər görülür. Arxiv bir tarixdir və İctimai Televiziyanın arxiv materiallarının keyfiyyətli, operativ çalışması, təhlükəsiz şəraitdə qorunub saxlanılmasına daim diqqət göstərilir”.
TNS-in əməkdaşı İTV-in cavabı ilə bağlı Osman Gündüzlə təkrar əlaqə saxlayıb.
Forum prezidentinin cavabı belə olub: “Ötən gün TV kanalların arxivləri ilə bağlı açıqlamama İTV münasibət sərgiləyib. Təəssüf edirəm ki, münasibət mahiyyəti üzrə olmayıb.
İTV bildirib ki, onun keyfiyyətli arxivi var. Əlbəttə İTV-nin arxivi ola bilər, amma açıqlamadan görünür ki, bu, onun hansısa oflayn resursunda saxlanılır, yaxud da YouTube-da yerləşdirilir. Amma bu arxiv əlçatan deyil axı.
Yəni bu anda İTV-də canlı bir veriliş gedirsə, “10 dəqiqə öncə olana necə yenidən baxaq” sualının cavabı yoxdur.
AzTV məhz bu prinsiplə arxivləşmə aparır. Yəni AzTV-də canlı yayım real vaxtda arxivlənir, istənilən an tamaşaçı öncəki vəziyyətə baxa bilir. AzTV 8 günlük arxivi də əlçatan formada rəqəmsallaşdırıb, yerli hostda yerləşdirib.
İTV-də isə canlı yayım real vaxtda arxivlənmir. Gərək, veriliş bitsin, sonradan İTV arxivləşdirsin. Ən maraqlısı odur ki, İTV onu öz hostinqinə, yaxud yerli bir milli hostinqə deyil, xarici resursa - YouTube-a yerləşdirir.
Bizi narahat edən, qaldırdığımız məsələ də odur ki, milli infromasiya resurslarının yalnız xarici hostda olması asılılıq yaradır, İTV-nin müstəqilliyi itirilir.
Youtube istəsə, onu müəllif hüquqlarının, hansısa qaydaların pozulması səbəbilə silə bilər.
YouTube xaricdə yerləşdidiyindən hansısa səbəblərdən əlçatan olmaya bilər”.
Osman Gündüz xatırladıb ki, II Qarabağ savaşı zamanı YouTube ölkəmizdə bloklandığından İTV-nin arxivi əlçatan deyildi: “Odur ki, dünyanın indiki vəziyyətində, informasiya təhlükəsizliyi baxımından, informasiya sahəsində milli maraqlarımızı qorumaq baxımından TV kanalların, xüsusilə də büdcədən maliyyələşən, ictimai mahiyyət kəsb edən İTV-nin audiovizual kontentinin yalnız YouTube-da yerləşməsi doğru hal deyil. Bu kontentin, canlı və bütöv arxivin ölkə daxilindəki milli bir hostda yerləşdirilməsi və əlçatan olması vacibdir”.
Tarix: 17-12-2024, 22:15