Neqativ.com Kulis.az-a istinadən Xalq artisti Əjdər Həmidov haqqında maraqlı faktları təqdim edir. Əjdər Qüdrət oğlu Həmidov 28 sentyabr 1953-cü ildə Şabran rayonunun Aygünlü kəndində müəllim ailəsində anadan olub. Ailədə iki qardaş, iki bacı olublar. Uşaq vaxtı ən böyük arzusu rəssam olmaq olsa da, atasının istəyinə görə bu arzunu gerçəkləşdirə bilməyib. Qəribə də olsa, atası bir oğlunu prokuror, Əjdəri isə aktyor kimi görmək istəyib.
1976-cı ildə o, atasının istəyini yerinə yetirərək İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsinə daxil olub. Ondan Adil İsgəndərov və Rza Təhmasib imtahan götürüblər. 1979-cu ildə o, təyinatla Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərilib. 1990-cı ildə Akademik Milli Dram Teatrının aktyor heyətinə qəbul edilib.
Bu illər ərzində o, "Özümüzü kəsən qılınc", "Burlaxatun", "Bu dünyanın adamları", "Hökmdar və qızı", "Ölülər", "Kaş araba aşmayaydı" tamaşalarında müxtəlif janrlı obrazlar yaradıb. "Azərbaycanfilm"in istehsal etdiyi "Kişi sözü"ndə Qasım, "Lətifə"də Əhməd, "Hacı Qara"da Kərəməli və başqa rolları onu tamaşaçıların sevimlisinə çevrilib. 2007-ci ildə Azərbaycan Televiziyası ilə nümayiş etdirilən "Yoxlama" adlı çoxseriyalı televiziya filmindəki Müfəttiş obrazı sənətçiyə böyük uğur gətirib.
Əjdər Həmidovun sözlərinə görə o sakit, fağır uşaq olub:
“Uşaqlıqda həddindən artıq sakit, fağır olmuşam. Hətta atam əsəbiləşirdi ki, oğlan uşağı da bu qədər fağır olar? Bir az diribaş, cəld ol. Bir iş dalınca göndəririk, gəlib çıxmırsan. Uşaq hərəkətli, dəcəl olar. Belə sakit uşaq olmaz".
Əjdər Həmidov ilk dəfə təhsil almaq üçün kənddən şəhərə gələndə maddi çətinliklərlə üzləşib. Atası xəstə olduğundan ailə ananın maaşı ilə dolanıb. Aktyor çox ağır şəraitdə, çətinliklə universiteti başa vurur, dörd il tələbə yataqxanasında qalır. Qardaşına alınan plaşı növbəli şəkildə geyinməli olur. Universiteti bitirəndən sonra onu tələbə yataqxanasından çıxarırlar, kirayə ev tutmağa pulu olmadığından, maşın qarajında yaşamağa başlayır. Bir müddət sonra maaşını yığıb bir otaqlı ev alır.
Əjdər Həmidov “Kişi sözü” filmindəki Qasım obrazı ilə daha çox tanınıb. Aktyor filmin əsas qəhrəmanı Qasım kimi həyatda da böyük və dərin sevgi yaşayıb. O, müsahibələrinin birində bu haqda deyir:
“Elə böyük bir sevgi mənim həyatımda da olub. Amma kinodakı kimi, həyatdakı sevgimdə də uğursuzluqla qarşılaşdım. Məhəbbətimiz filmdəki kimi nakam qurtardı. Çox gözəl bir xanımı 10 ilə yaxın sevdim. Amma bəxtimiz gətirmədi, evlənə bilmədik. Ona görə də mən həmişə deyirəm ki, Qasımla mənim həyatımda oxşarlıq çoxdur. Kinoda Solmaza qarşı keçirdiyim hissləri həyatda da yaşamışam. Filmdə isə Qasımı mən, Solmazı Sənubər İsgəndərli oynayırdı. Rejissor Cahangir Mehdiyev dedi ki, Əjdər, Sənubəri sevməlisən, yoxsa alınmayacaq, təbii olmayacaq. Dedim, sevmək sifarişlədir? Durduğum yerdə necə sevim? Amma etiraf edim ki, qısa müddətdə Sənubəri sevməyə başladım. Onu sevməmək olar? Bizim sevgimiz qısa çəkdi - 3 ay. Film bitən kimi Sənubər xanım öz, mən də öz yoluma getdik”.
Əjdər Həmidov həmkarı, Xalq artisti Hicran Nəsirovanın bacısı ilə ailə həyatı qurur. Bu evlilikdən onun iki qız övladı dünyaya gəlib.
Vaqif Mustafayev qrim probleminə görə Əjdər Həmidovu “Yoxlama” filminə təsdiq etməkdə tərəddüd edib. Bir neçə məsləhətləşmədən sonra Əjdər Həmidov bığlarının qırxılmasına, saçlarının boyanmasına razılıq verib. Filmin çəkilişləri çox əziyyətli olub. Moskvadan onu əvəz etmək üçün 3 kaskadyor dəvət olunsa da, ən çətin və qorxulu səhnələri özü yerinə yetirib. İnadkarlığı isə ona baha başa gəlir. Yüksəklikdə çəkilən səhnələrin birində aktyor qorxub stress keçirib, xəstələnir. Bakını iki il tərk etməli olur, rayonların birinə gedib orada yaşamağa başlayır. Hətta iki dəfə intihara cəhd edir.
Bu hadisədən sonra aktyor 2007-ci ildə insult keçirərək xəstəxanaya aparılıb. Bir müddət müalicə olunduqdan sonra səhhəti düzəlməyə başlayıb. Həkimlər ona bir müddət səhnəyə çıxmağı qadağan etsələr də, aktyor teatrsız yaşaya bilməyəcəyin əsas gətirərək səhnəyə çıxıb. Mütəmadi həkim nəzarətində olan aktyorun təzyiqi isə çox vaxt 250-dən aşağı olmurmuş.
Əjdər Həmidov sonralar müsahibələrinin birində filmin çəkilişləri haqqında bu sözləri deyir: “Həmin filmdə elə səhnələr var idi ki, məni maşına sarıyırdılar, maşın da məni sürətlə sürüyürdü. Sonra məni qayadan aşağı atıblar, quyulara düşmüşəm, turbalardan keçmişəm və sairə. Yəni, filmdə ağır səhnələrdə olmuşam, çox xəsarətlər almışam. Demək olar ki, çəkilişlər zamanı mənim bədənimdə sağ-salamat yer olmayıb. Bütün qollarım, ayaqlarım zədələnmişdi, bədənim yaralı idi. Hətta filmdə bir yer var idi, gəminin lyukundan çıxıb qaçmalı idim. Sən demə, lyukun ətrafında kəsilmiş dəmir parçası qalıbmış. Qaçanda həmin dəmir mənim ayağımı kəsib parçaladı. Məni təcili xəstəxanaya gətirib, ayağımı tikdilər”.
Aktyor hələ gənclik illərindən bu günə qədər 30 ildir toylarda tamada kimi iştirak edib. Tamadalığı sənətindən ayrı biznes hesab edib. Toylarda iştirak edə-edə filmlərə çəkilib, tamaşalarda iştirak edib.
Aktyor 2020-ci il noyabrın 24-də Kliniki Tibbi Mərkəzdə insultdan vəfat edib.
Tarix: 25-11-2021, 09:14