“Şahin Musayev də Nəcməddin Sadıkov kimi xalqımıza qarşı normal yanaşmırdı... Hey deyirdi ki, siz döyüşən millət deyilsiz...”Müdafiə nazirinin sabiq müavini, ehtiyatda olan polkovnik Mehman Səlimov
Moderator.az-a geniş müsahibəsində 1988-ci ildə Gümrüdəki sovet tank alayının komandir müavini kimi xidmət edərkən Ermənistanda Azərbaycan türklərinin kompakt yaşadığı ərazilərdə baş verən hadisələr, 1991-ci ildə Azərbaycanda Milli Ordunun bünövrəsinin qoyulması üçün gördüyü işlər, ordu quruculuğundakı çətinliklər, birinci Qarabağ müharibəsi zamanı bir sıra əməliyyatların təfərrüatından danışıb, həmin dövrdə bir çox müəmmalı olaylar, o cümlədən Rusiya kəşfiyyatının əməliyyatlara müdaxiləsindən bəhs edib...
-
Mehman müəllim, müstəqilliyi bərpa edilmiş Azərbaycanın ilk müdafiə naziri rəhmətlik general Valeh Bərşadlı necə oldu ki, qısa müddətdə vəzifəsindən azad edildi? -Rəhmətlik Valeh Bərşadlı peşəkar hərbçi idi. Rusiyada yetişmişdi. Doğrusu, onun hansı səbəbdən çıxarılması yaxşı yadımda deyil. O vaxt mən hələ Bakıdakı sovet diviziyasında işləyirdim. Amma o yadımdadır ki, həmin vaxt müxalifətçilər onun guya Rusiyanın adamı olması üçün vəzifədən kənarlaşdırılmasıyla bağlı etiraz aksiyaları keçirirdi...
-Sizcə, general Valeh Bərşadlı doğrudan da Rusiyanın adamı idi? -Onu mən dəqiq deyə bilmərəm. Amma Bərşadlı, dediyim kimi, sovet-rus ordusunun yetirməsi idi... Onu da əlavə edim ki, Rusiyada, sovet ordusunda xidmət etmək hələ Rusiyanın adamı olmaq deyil... “QRU” hər zabitə nüfuz edə bilmirdi... “QRU”-nun kimləri, necə ələ alması haqda sonra ətraflı danışarıq...
Qayıdaq söhbətimizə... O da yadımdadır ki, 1992-ci ilin yayında, yəni Xalq Cəbhəsinin hakimiyyəti dövründə Baş Qərargah rəisi olanda hansısa əməliyyatın uğursuzluğuna görə onu işdən azad etdilər və bundan sonra Bərşadlı yenidən əvvəlki iş yerinə Naxçıvanski adına hərbi məktəbin rəisi vəzifəsinə qaytarıldı...
- Şahin Musayevin baş qərargah rəisi vəzifəsinə gətirilməsini necə xatırlayırsız? -Səhv etmirəmsə, 1992-ci ilin yanvarında onu polkovnik rütbəsində Baş Qərargah rəisi təyin etdilər, az müddət keçməmiş isə general-mayor rütbəsi verdilər. O zaman mən müdafiə nazirinin köməkçisi - şəxsi heyətlə iş üzrə idarənin rəisi vəzifəsində xidmət edirdim. Sonradan bizə məlum oldu ki, Şahin Musayev Azərbaycana gələndə əslində onun əsl rütbəsi polkovnik-leytenant (o vaxtkı podpolkovnik) olub, polkovnik paqonlarını o, yalandan taxıb. Və o guya Əfqanıstandakı xidmətdən sonra psixi xəstəliyinə görə sovet ordusundan kənarlaşdırılıb...
-Şahin Musayevlə münasibətiniz necə idi? -Belə baxanda normal idi. Yadımdadır ki, tapşırıqlar verirdi, biz də lazımınca yerinə yetirirdik. Sadəcə, Nəcməddin Sadıkov kimi o da Azərbaycan dilində qətiyyən bilmirdi. Nəcməddin, heç olmasa, azərbaycanca söyüşü başa düşürdü, Şahin Musayev heç onu da anlamırdı... Bir az da əsəbi idi... Amma o söyüşcül deyildi... Bununla belə, o da Nəcməddin kimi xalqımıza qarşı normal yanaşmırdı... Hey deyirdi ki, siz döyüşən millət deyilsiz...
-
Xocalının işğalı vaxtı Azərbaycan Müdafiə Nazirliyində nələr baş verirdi? -Xocalı faciəsi zamanı Müdafiə Nazirliyi şok vəziyyətində idi. Vahid bir idarəçilik sistemi, demək olar ki, yox idi. Köməyə göndərmək üçün qoşun tapılmırdı. Əslində o vaxt həmin qurumun adı Müdafiə Nazirliyi idi. Sadəcə, yerlərdə hər rayonun bir taboru var idi və onların heç biri nazirlikdən bir başa idarə olunmurdu. Yalnız silah-sursat lazım olanda nümayəndələri zəng edərək gəlib onları aparırdı. Vəssəlam, başqa heç bir iş görülmürdü... Nazir işini də az-çox Şahin Musayev aparırdı... Bir də əməliyyat idarəsini rəisi işləyən Rüfət Əmirovun işi bir az gözə dəyirdi... Mən hələ Bakıdakı sovet diviziyasında işləyəndə o da orada əməliyyat bölməsinin baş zabiti idi. Mən nazirliyə gələndə onu da gətirdim. Sonradan Nəcməddin Sadıkovu da o gətirib bizə təqdim elədi. Həmyerli idilər... O zaman Nəcməddin hələ podpolkovnik idi...
-Yadınızda Xocalı soyqırımı ərəfəsində Şahin Musayev faktiki nazir işini aparanda Fəhmin Hacıyev də Prezidentin Qarabağ üzrə müvəkkili kimi Ağdama göndərilmişdi. Bu barədə nəsə yadınızda qalmayıb ki? -Xeyr. Fəhmin Hacıyevin Ağdama müvəkkil kimi yollanmasını xatırlamıram. Amma o, Xocalının müdafiəsi üçün heç bir iş görə də bilməzdi. Çünki onun heç bir hərbi savadı yox idi. Sadəcə, rəhbərliyə nəsə məlumatlar çatdıra bilərdi... Amma Fəhminin birdən-birə adi sovet serjantından gəlib polkovnik olmasının tarixçəsini yaxşı bilirəm... 1991-ci ilin payızında Mütəllibovun qərarıyla Müdafiə Komitəsi yaradılmışdı. Etibar Məmmmədov, Rəhim Qazıyevlə yanaşı, Fəhmin Hacıyev də həmin komitənin üzvü idi. O zaman onlar hər üçü SSRİ DTK-nın Moskvadakı Lefortovo təcrudxanasından yenicə çıxmışdılar. Mən isə hələ Bakıdakı sovet diviziyasında işləyirdim. Bir gün Fəhmin Hacıyev AXC fəallarından bir nəfərlə birgə diviziyaya gəldilər və diviziyanın həyətində kiminləsə hədə-qorxu ilə danışmağa başladılar. Komandir məni çağırdı ki, gəl, soydaşlarının nə istədiyini aydınlaşdır. Onları otağıma dəvət etdim. Söhbət zamanı Fəhmin başladı yüksək tonla danışmağa ki, siz işğalçısınız-filansınız. Ona dedim ki, bir dəqiqə dayan, sən üumiyyəytlə, hərbi xidmətdə olmusan, rütbən nədir. Dedi, bəli, olmuşam, özüm də serjantam. Dedim, o halda səndən xahiş edirəm ki, heç olmasa, danışanda səndən rütbəcə dəfələrlə böyük hərbçiyə hörmətlə yanaş... Sənin qarşında podpolkovnik dayanıb. Cavabında böyük inamla dedi ki, podpolkovnik, qulaq as, mən sənə nəinki çatacam, səni ötəcəm də... Və paradoks ondadır ki, Fəhmin Hacıyev doğrudan da hansı yolla olsa da, dediyinə əməl etdi... Bir neçə ay ötdü, bir də məlum oldu ki, səhv etmirəmsə, Şahin Musayev nazir olarkən ona leytenant rütbəsi verilib və nazirliyin əməliyyat idarəsində zabit kimi çalışmağa başlayıb. Az sonra isə kapitan oldu...
-Bəs necə oldu ki, Fəhmin Hacıyev bir neçə ayda serjant, yəni indiki çavuş rütbəsindən birbaşa leytenant, sonra da kapitan rütbələrinə layiq görüldü? Hansı məktəbi, hansı kursu keçdi o? -Mənim bu haqda məlumatım yoxdur. Yaxşı olar ki, bunu o vaxtkı Müdafiə nazirlərindən, o cümlədən Rəhim Qazıyevdən soruşasınız... Xülasə, sonra həmin Fəhmin Rəhim Qazıyevin göstərişi ilə reyd dəstələrinin yaradılmasında da iştirak edirdi. Və 1992-ci ilin mayında Ayaz Mütəllibovu ikinci dəfə devirmək üçün o da öz silahlı qüvvələri ilə “BTR”-lərlə Ali Sovetin qarşısına gəlmişdi... AXC hakimiyyətə gəldi, ona mayor rütbəsi verildi... Və cəmi bir neçə gün sonra Fəhmin Hacıyev birbaşa podpolkovnik rütbəsi verilməklə Ali Sovetin sədri İsa Qəmbərin sərəncamına əsasən Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının komandanı vəzifəsinə təyin edilidi və 1993-cü ilin iyununadək həmin vəzifəni apardı. 1992-ci ilin dekabrında Gəncə yaxınlığında Seyfəli poliqonunda 18 tabordan ibarət qruplaşmanı hazırlayan zaman baş vermiş müəmmalı hadisələrdən sonra Rəhim Qazıyev artıq məni nazirliyə buraxmadı. Məni rəhmətlik Elçibəy Prezident Aparatında hərbi quruculuq işləri üzrə şöbənin müavini təyin etdi. Bir gün təsadüfən dəhlizdə Fəhmin Hacıyevlə rastlaşdıq və o, məni görən kimi dedi, gördün, podpolkovnik, kişi sözünün üstündə durar, sən hələ də podpolkovniksən, mənsə artıq polkovnikəm və komandanam... Zaman keçdi, artıq Surət Hüseynov Elçibəy hakimiyyətinə qarşı qiyam qaldırandan sonra Fəhmin Hacıyev də Gəncəyə göndərildi və orada digərləri ilə bərabər qiyamçılar tərəfindən həbs olundu və prezident Elçibəy onu vəzifəsindən azad etdi. Həmin vaxt AXC hakimiyyəti, şəxsən Elçibəy yaranmış vəziyyətdən çıxmaq üçün məni peşəkar hərbçi kimi Daxili Qoşunlar komandanı təyin etmək qərarına gəlmişdi. Ancaq o, Kələkiyə gedəndən sonra bu alınmadı... Bir sözlə, o illərdə Fəhmin Hacıyev bir ilə serjantdan polkovnik, Nəcməddin isə mayordan general-mayor ola bilirdi...
-Rəhim Qazıyevin müdafiə naziri gəldiyi ilk günləri necə xatırlayırsız? -Təəssüf ki, ilk günləri dəqiq xatırlamıram. Amma o yadımdadır ki, Rəhim Qazıyev müşavirələrdə ancaq hamımızı yığıb kəskin tənqid və təhqir edirdi, deyirdi siz hamınız Rusiyanın adamısınız, satqınsınız, işləmirsiniz, nazirliyə boş-boşuna gedib-gəlirsiz. Bir sözlə, təhqirdən, tabeliyindəkiləri alçaltmadan başqa bir işi yox idi. Və səhv etmirəmsə, 1992-ci ilin sentyabr ayında bir gün gecə saat 1-2 radələrində qəflətən hamımızı nazirliyə müşavirəyə topladı. Hamımız yuxudan yarımçıq oyanıb gəlib toplaşdıq iclas otağına. Rəhim Qazıyev içəri girən kimi yenə başladı eyni təhqirləri, danlaqları təkrarlamağa... Mən onda yenə də nazirin köməkçisi- şəxsi heyətlə iş üzrə idarə rəisi işləyirdim. İcazə alıb dedim ki, cənab nazir, mən anlamadım, siz bunun üçün gündüz iş zamanı da bizi toplayıb danlaya bilərdiniz? Bundan ötrü gecə yarı bizi buraya toplamağın mənası nədir? Siz bununla özünüz iş rejimini pozmursunuzmu? Axı sabah biz işləməliyik? Bunu eşidən kimi Qazıyev dərhal dedi ki, yaxşı yol, səni işdən azad edirəm... Və sonra məni göndərdi sovet ordusunda işlədiyim vəzifədən 3 pillə aşağl bir vəzifəyə- Ağdamdakı Elxan Orucovun komandiri olduğu 708-ci briqadaya tərbiyə işləri üzrə müavin göndərdi... Amma mənimlə Rəhim Qazıyev arasındakı ziddiyyətlər, bilirsiz, nə vaxtdan başlamışdı?
-Nə vaxtdan?.. (Davamı var)
Sultan Laçın
Tarix: 24-11-2021, 08:00