Çinin Hubey əyalətinin Enşi prefekturasında yüzlərlə təbii mağara var. Əsrarəngiz Tenqlonq, yaxud “Uçan əjdaha” mağarası Çinin ən iri karst mağara sistemlərindən biridir. 60 kilometrə qədər uzanan bu mağaranın içində növbənöv yarasalar yaşayır. Yaxınlıqda isə porsuq və yenotdan tutmuş uçan sincab, oxlu kirpi və qabana qədər ən müxtəlif vəhşi heyvan növləri yetişdirən fermalar var. Alimlər deyirlər ki, bu heyvanlar virusların yarasalardan insana keçməsində vasitəçi olmuş ola bilərlər.
“The Washington Post” yazır ki, Dünya Səhiyyə Təşkilatı (DST) Çinin Enşi kimi ferma ərazilərinə çıxış icazəsi istəyib. Təşkilat bu əraziləri koronavirusun mənşəyinin öyrənilməsi baxımından mühüm sayır. Ancaq Pekin bu xahişləri rədd edib.
Qəzetin müxbirləri ötən ay koronavirusun ilk dəfə aşkarlandığı Vuhandan qərbə doğru altı saatlıq məsafədə yerləşən Enşiyə səfər edib. Onlar buradakı mağaraların daxili turistləri cəlb etdiyini, vəhşi heyvan fermalarınınsa cəmi 1,5 kilometrlik məsafədə olduğunu görüblər. Fermalar hazırda qadağalara görə işləmir.
Qəzet yazır ki, Enşinin yerli rəsmiləri bu ərazidə yoxsulluğu azaltmaq üçün mağaraların yaxınlığındakı geniş torpaqlarda vəhşi heyvanların yetişdirilməsinə şərait yaradıblar. Hubey əyalətindəki vəhşi heyvan fermalarının 17 faizi Enşi prefekturasının payına düşür. Rəsmilər fəaliyyəti dayandırılmış 290 fermada 450 mindən 780 minədək heyvanın olduğunu bildiriblər.
Çin hökuməti və DST pandemiyanın mənşəyini vəhşi heyvanlarla əlaqələndirir. Ancaq xəstəliyin təbii yolla yarasadan Vuhan bazarına gəldiyi yolu müəyyən edə bilməyiblər. Digər ehtimallarla bağlı da vəziyyət eynidir. Məqalədə bu, Çin hökumətinin alimlərə icazə verməməsi ilə izah olunur.
Belə çıxır ki, Çin hökuməti turistlərin və yerli əhalinin Enşi mağaralarına girişinə icazə verdiyi halda, alimləri ora buraxmır. Yerli əhalinin o mağaralardan gübrə məqsədilə istifadə etmək üçün yarasa peyini topladığı və deməli, yarasalarla təmas etdiyi bildirilir.
"Biz Enşi mağaralarındakı yarasaların arasında hansı virusların dövr etdyini öyrənməliyik. Fermada saxlanan heyvanlarla yarasalar arasındakı bu tip məsafə yaxınlığı məhz bizim narahat olduğumuz məqamdır”, – Arizona Universitetindən təkamül bioloqu Maykl Vorobey qəzetə müsahibəsində deyib.
Parisdəki Pastör İnstitutunun patogen kəşflər bölməsinin rəhbəri Mark Elua da Çində, xüsusilə də həmin karst ərazilərindən daha çox nümunələrin götürülməsinə ehtiyac olduğunu söyləyir.
Pekin virusun mənşəyi barədə öz versiyasını yeritməyə çalışır və virusun Çinin xaricində meydana gəlmiş ola biləcəyini bildirir. Çin hökuməti cavabların Hubeydə axtarılmasına çox da maraq göstərmir. İllərlə Vuhan Virologiya İnstitutunda çalışmış bir xarici mütəxəssis bildirib ki, dünyanın virusun yayılmasından xəbər tutmasından əvvəl Çin hökuməti Enşini nəzarətə götürüb, 2019-cu il dekabrın 23-də isə vəhşi heyvan bazarlarını bağlayıb. Bu isə hökumətin virus haqqında rəsmi elanından səkkiz gün öncə deməkdir. Dünya yeni koronavirusdan xəbər tutmamış Enşidəki vəhşi heyvan ticarəti yox edilib.
Qəzet yazır ki, yerli sakinlərin və xəbər agentliklərinin məlumatlarına əsasən insanlar Tenqlonq mağaralarında çoxdan yarasalarla təmasda olurdular. Hələ 1988-ci ildə Belçika-Çin kasrtlar və mağaralar Assosiasiyası yerli sakinlərin mağaralardan intensiv istifadə etdiyini, o cümlədən yarasa peyinini gübrə kimi topladıqlarını bildirib.
Turistlər və macəra axtaranlar isə hələ də mağaraya baş çəkməkdədirlər. Tenqlonqun aşağı mağarasının girişində Tsin çayı Yantszı çayı ilə qovuşur, bu yaxınlarda yerli speleoqlar öz ləvazimatlarını götürərək həmin çayda tədqiqat aparıblar.
Bir mil aralıda isə vəhşi heyvanların yetişdirildiyi Çanyan ferması yerləşir. Hazırda həmin ferma bağlıdır, o cümlədən yaxınlıqdakı restoran və otel də bağlanıb. Fermanın yaxınlığındakı obyektlərdən birinin qarovulçusu deyir ki, ötən ilin əvvəllərində meşə təsərrüfatının işçiləri gəlib fermanı bağladılar. “Mən bilmirəm onlar orada hansı vəhşi heyvan yetişdirirdilər və nə işlə məşğul olurdular”,-həmin şəxs bildirir.
ABŞ-ın kəşfiyyat agentlikləri də Covid-19-un insana təbii yolla keçməsi, yaxud laboratoriyadan sızması üzrə qəti bir qənaətə gələ bilməyiblər. Buna səbəb kimi Çinin detallı informasiya verməməsi göstərilirdi. DST ekspertlərinin bu ilin əvvəlində açıqladığı hesabatda virusun Vuhanda heyvandan insana keçməsi əsas versiya kimi göstərilirdi. Ekspertlər laboratoriyadan sızma versiyasının az inandırıcı olduğunu qeyd edirdilər. Ancaq sonradan yayılmış informasiyalarda Çinin DST ekspertlərinə təzyiq göstərdiyi, laboratoriyadan sızma versiyasının hesabata salınmasına qarşı çıxdıqları deyilirdi.
Bir qrup nüfuzlu alim isə açıq məktubda israr edirdi ki, virusun təbiətdən çıxması, yoxsa laboratoriyada hazırlanaraq ehtiyatsızlıqdan sızması məsələsi açıq qalır.(Virtualaz.org)
Tarix: 12-10-2021, 23:29