Merkel nə qədər pensiya alacaq?




Angela Merkel Almaniya kansleri postunu tərk edəndən sonra nə işlə məşğul olacaq?
16 ildir Almaniya hökumətinə başçılıq edən Merkel kansler postundan gedəcəyini hələ 2018-ci ildə elan edib. Həmin il o bildirib ki, 2021-ci ilin parlament seçkisində namizədliyini verməyəcək, kansler postuna və başqa vəzifəyə iddia etməyəcək. Nəticədə 2021-ci ilin yanvarında Merkelin 2000-ci ildən baçılıq etdiyi Xristian Demokrat İttifaqına yeni sədr seçilib. Bu postu Armin Laşet tutub.
2021-ci ilin parlament seçkisi sentyabrın 26-da keçirilib. İlkin nəticələrə görə, 735 deputatı olacaq parlamentdə mandatların 206-nı Sosial Demokrat Partiyası, 196-nı Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyans, 118-ni Yaşıllar Partiyası, 92-ni Azad Demokrat Partiyası, 83-nü Almaniya üçün Alternativ Partiyası, 39-nu Sol Partiya, 1-ni kiçik bölgə partiyası qazanır.
Heç bir qurum təkbaşına hökumət formalaşdırmaq üçün lazımi sayda mandat qazana bilmədiyinə görə parlament partiyaları koalisiya hökuməti qurmaq istiqamətində danışıqlara başlamağa hazırlaşır. Ancaq nəticə necə olur-olsun, hətta hökumətə Xristian Demokrat və Xristian Sosial ittifaqlarından ibarət alyans başçılıq etsə belə, Merkel kansler postundan gedəcək.
Bəs o, təqaüdə çıxandan sonra nə işlə məşğul olacaq?
Novator.az saytının məlumatına görə, Almaniyanın “Deutsche Welle” telekanalının internet səhifəsində bu mövzuda dərc edilmiş məqalədə deyilir ki, Angela Merkel kartof şorbası və kərə yağında piroq bişirməyi xoşlayır. Bu təamlar əsasən alman mətbəxinə xas payız yeməkləridir: “Ancaq Merkelin hələ bir müddət bu işlə məşğul ola bilməyəcək, çünki o, yeni hökumıt formalaşana qədər kansler vəzifəsini icra etməlidir”.
Yazıda xatırladılır ki, iyul ayında Vaşinqtona səfəri zamanı Angela Merkelə pensiyaya çıxandan sonra nə edəcəyi barədə sual verilmişdi: “Başqa vaxt Merkel sualdan yayınardı, amma bu dəfə o, əvvəlcə siyasi fəaliyyətinə ara verəcəyini, heç bir dəvəti qəbul etməyəcəyini bildirdi. Artıq kansler vəzifəsini başqa birisinin icra edəcəyi fikri ilə barışdığını vurğulayan Merkel dedi ki, hakimiyyətdən sonrakı halını da bəyənəcəyinə inanır. Xanım Merkel onu da bildirdi ki, 16 ildir şəxsi marağının nədə olduğunu götür-qoy etməyə imkanı olmayıb, vaxt tapan kimi bu barədə də düşünəcək. ABŞ-ın Con Hopkins Universitetinin fəxri doktoru diplomuna yenicə layiq görülmüş kansler xəfifcə gülümsəyərək əlavə etdi: “Bəlkə qiraətlə məşğul olaram ki, yorulum, yuxum gəlsin, bir qədər mürgüləyə bilim. Sonrasını isə zaman göstərər”.


Məqalədə qeyd olunur ki, Merkelin 67 yaşı iyulda tamam olub. Maliyyə baxımından sıxıntısı yoxdur, kansler ayda 25 min avro maaş alır. Parlamentin deputatı kimi əlavə 10 min avro maaşı da var. O, otuz ildir parlamentin üzvüdür.
Kansler postundan gedəndən sonra Merkel üç ay ərzində bu vəzifədəki maaşını tam həcmdə alacaq. Sonra maksimum 21 ay ərzində ona maaşının yarısı qədər müvəqqəti müavinət veriləcək.
Kansler postunda 16 il çalışmasının faydasını Merkel pensiyaya çıxanda da görəcək. 1953-cü ildə qəbul edilmiş federal qanuna görə, ən azı 4 il kansler postunu tutmuş şəxs bu postu tərk edəndən sonra vəzifə maaşının 27,74 faizini ala bilər. Kansler postunda hər əlavə iş ilinə görə isə məbləğ 2,29167%-dən 71,75%-dək arta bilər. Bu o deməkdir ki, Merkel keçmiş kansler kimi ayda 15 min avroya yaxın pensiya almaq imkanında olacaq.
Eyni zamanda o, xidməti avtomobil, sürücü və cangüdənlə təmin olunacaq. Qanun keçmiş kanslerə parlament binasında (Bundestaqda) ofis ayrılmasını, ofis meneceri, iki müşavir və katiblə təmin olunmasını da nəzərdə tutur.
Bütün bunlarla bərabər otuz il Bundestaq üzvü, yeddi il nazir (1991-1994-cü illərdə qadınlar və gənclər naziri, 1994-1998-ci illərdə ətraf mühit və təbiətin mühafizəsi naziri) olması da Merkelə əlavə imtiyazlar verir. Bunları da üstünə gələndə Merkelin pensiyasının daha çox olacağını ehtimal etmək mümkündür.
“Deutsche Welle” yazır ki, Merkelin ən azı bir müddət Berlində yaşayacağı ehtimal olunur. Çünki onun həyat yoldaşı, kimyaçı alim Yoahim Zauer hələ öz işindən ayrılmağı düşünmür.
72 yaşlı Yoahim Zauer Berlində Humboldt Universitetinin fəxri professorudur. Onun ən azı gələn ilə qədər baş elmi işçi kimi müqaviləsi qüvvədədir.
Angela Merkel 1954-cü ildə Almaniya Federativ Respublikasının Hamburq şəhərində doğulub. Üç yaşında olarkən valideynləri ilə Almaniya Demokratik Respublikasına köçüb. 1978-ci ildə Leypsiq Universitetinin fizika fakültəsini bitirən Angela Merkel uzun müddət elmi fəaliyyətlə məşğul olub, 1990-cı ildə Almaniya birləşəndən sonra siyasətə qoşulub.
Tarix: 29-09-2021, 15:43
Xəbəri paylaş



Xəbər lenti