Mərkəzi Asiyanın gizli hücrələri və “yatmış cihad”


Mərkəzi Asiyanın gizli hücrələri və “yatmış cihad”
“Taliban”ın hakimiyyəti ələ keçirməsi ətraf ölkələrdə hansı mənzərə meydana çıxarıb?
 
Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev Mərkəzi Asiya dövlətlərində beynəlxalq terror qruplarının "yatmış hücrələrinin” olduğunu qəbul etdiklərini deyib. Diplomatın sözlərinə görə, bu, “Əl-Qaidə” və İŞİD ola bilər.
 
“RİA Novosti”nin xəbərinə görə, Kazakbayev həmçinin etiraf edib ki, Orta Asiyadakı “Əl-Qaidə” və İŞİD dəstələri öz ideologiyalarını yaymağa davam edir: “Bütün dünyada təhlükəsizliyi təmin etmək üçün ümumilikdə qəbul edilmiş sistemli alqoritmlər mövcuddur. Qırğızıstan da digər qonşu ölkələrlə eyni tədbirləri görür. Əlbəttə ki, bu tədbirlər onlarla (Orta Asiya dövlətləri) qarşılıqlı əlaqədə, ikitərəfli formatda və regional təşkilatlar çərçivəsində reallaşdırılır”.
 
Burada təbii ki, problem ciddidir. Axı Əfqanıstanda taliblərin hakimiyyətə gəlişi bir çox Orta Asiya respublikalarında mövcud olan radikal ekstremistlərin, hər qoldan olan vəhhabilərin sıralarında həvəs oyada bilər. Bu ölkələrdə radikal cərəyan üzvlərinin mövqeləri necədir? Onlar hərəkətə başlayacaqları halda Orta Asiya ölkələrinin ərazisinə terror hücumları ilə nəticələnmə ehtimalı yüksəkdirmi? Yoxsa indi oradakı vəhhabilər etibarlı şəkildə sıxışdırılır, “yerin dibi”nə enməyə məcbur edilib?
 
AYNA mövzunu bölgə üzrə tanınmış ekspertlərlə müzakirə edib.
 
Türkmənistanlı jurnalist, Hollandiyanın “Turkmen.news” saytının redaktoru Ruslan Mətiyev:
 
“Türkmənistanda islamçı hərəkatlar və meyllər ya “yerin dərinliyində”dir, ya da tamamilə ləğv edilib. Səlahiyyətlilər buna ciddi nəzarət edirlər. Radikal islamçıların qohumlarının belə - tamamilə təsadüfi insanların həbsxanalara atılması halları çoxdur. Bu səbəbdən insanlar indi dindarlıqlarını nümayiş etdirməməyi üstün tuturlar.
 
Türkmənlər məscidi ziyarət edə bilər, amma eyni zamanda spirtli içki içə bilərlər. Orqanlar üçün belə "müsəlmanlar" daha əlverişlidir. Ona görə də Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi türkmən islamçılarını oyatmayacaq. Hamısının fəaliyyətini yaxşıca boğublar”.
 
Özbəkistanlı jurnalist, “AsiaTerra” müstəqil internet nəşrinin redaktoru Aleksey Voloseviç:
 
“Etibarlı məlumatımız olmadığından cihadçı qruplaşmaların gizlin varlığı ilə bağlı suallara birmənalı cavab vermək çətindir. Özbəkistan hakimiyyəti bəzən burada və orada bir qrup gəncin saxlanıldığı və guya onların cihad üçün Suriyaya getmək niyyətində olduğu barədə xəbərlər dərc edir. Amma bu hesabatlara heç bir etibar yoxdur, bir çox belə uydurma işlər Kərimovun vaxtından bəri xüsusi xidmət orqanları tərəfindən karyera məqsədləri naminə həyata keçirilib.
 
Özbəkistanın düşünməyən, dünyagörüşü məhdud olan, heç nə oxumayan insanlarla dolu olması xəbər deyil. Bəziləri əslində bir neçə il əvvəl Suriya və İraqa döyüşmək üçün getmişdilər. Buna görə də onlar aysberqin görünən hissəsi ola bilərlər. Amma “Taliban” üçün əsl dəstəyin səviyyəsini müəyyən etmək çətindir, çünki bunun üçün ən azından bəzi sosioloji araşdırmalar tələb olunur, amma heç kim onları aparmır.
 
Öz təəssüratlarımıza əsaslanaraq söyləmək çətindir, ancaq cəmiyyətdə tamamilə fərqli fikirlərə sahib insanlar var: bəziləri (bizim daxili taliblərimiz) “Taliban”ı dəstəkləyir, digərləri onu şiddətlə qınayır. Bütün bunlar sosial şəbəkələrdə müşahidə olunur”.
 
Qazaxıstanlı politoloq Kazbek Beisebayev:
 
“Rəsmi olaraq bizdə hər şey qaydasındadır. Qeyri-rəsmi olaraq küçələrimizdə saqqallı kişilərlə qara geyimli qadınları müşahidə edə bilərsiniz. Bəzi kişilərimiz iki arvadın müşayiəti ilə açıq gəzirlər. Bundan əlavə, özünü əsl müsəlman hesab edən bəzi insanlar güc strukturlarında, parlamentdə və mediada yer alırlar. Son vaxtlara qədər onlardan biri dövlət televiziya kanalına rəhbərlik edirdi. Partiya olmaq niyyətində olan bir siyasi hərəkatımız var, iki ay əvvəl İslam şüarları altında mitinq keçirdi.
 
Beş il əvvəl bir terrorçu Almatıda, digəri Tarazda insanları güllələyib, Aktobedə hücumlar olub, Aktobe bölgəsində hərbi toqquşmalar baş verib. Vətəndaşlarımız Suriyada döyüşüblər. Deməli, Əfqanıstanda baş verən hadisələr Mərkəzi Asiyada və burada - Qazaxıstanda öz ardıcıllarına bir qədər təkan və ilham verə bilər. Düşünürəm ki, bunu hamı başa düşür. Ancaq nə qədər hazır olduğumuzu söyləmək çətindir”.
 
Qırğızıstanlı jurnalist, “Almaz” teleradio şirkətinin qurucusu və direktoru Rüstəm Koşmuratov:
 
“Qırğızıstan Respublikasında dini ekstremistlərin nümayişləri olmayıb. Ümumiyyətlə, zaman-zaman xüsusi xidmət orqanları bəzi adamları saxlasa da, vəziyyət sabitdir. Mənə elə gəlir ki, Qırğızıstan Xarici İşlər Nazirliyi haqlıdır, amma gizli hücrələri kim və necə aşkar edəcək?
 
Əfqanıstanda vəziyyət dəyişdi, amma hələ də Qırğızıstan Respublikasında sakitlikdir. Son illərdə məscidləri, dini mərkəzləri ziyarət edən vətəndaşların sayı kəskin şəkildə artıb. Qırğız Respublikası Müftülüyünün yüksək çəkisi var, tamamilə müsəlman dininə həsr olunmuş telekanallar var. Küçələrdə, hicablı qadınların, ərəb kimi geyinmiş kişilərin olması adi haldır”.
Tarix: 28-08-2021, 16:57
Xəbəri paylaş



Xəbər lenti