İsti havanın beynin işləməsinə təsiri elmi faktdır: Deyilənə görə, Eynşteyn tez-tez başına soyuq su tökürmüş.
Sputnik Azərbaycan-ın "7x7" rubrikasında həftənin ən maraqlı yeddi hadisəsi şərh edilir.
Əfqanların əfqanı
Xalid Hüseynin “Çərpələng uçuran” romanı əfqanların əfqan etdiyi bu günlərdə yenidən aktuallıq qazandı. İllərdir Əfqanıstanda “uşaq var, uşaqlıq yoxdur”, “Uşaqların qorxularına qalib gəlmə üsulu budur: yatmaq” deyən yazıçını eşidən olmadı, belə görünür.
Əfqanıstana faciəni Talibanmı gətirdi? Xeyr. Sabitləşməkdə olan ölkə əl dəyişdirə-dəyişdirə, imperialistlərin giriş-çıxışları ilə bataqlığa çevrildi.
“Kopolunun” sovet hökuməti Əfqanıstanda səliqə-səhman yaratmışdı, Qorbaçov SSRİ-ni yıxan kimi, əfqanları da təkbaşına qoyub ordunu çıxartdı, taliblər hakimiyyətə gəldilər və sonrasını da bilirsiniz...
Ölkənin adındakı əfqan sözü, görünür, onun taleyinə biçilib.
İran ustaları
Onlardan bir az şimalda özünü islam dünyasının bayraqdarı kimi aparan İran isə əfqanlara yardım əlini uzatmadığı halda, Qarabağda islam düşmənlərinə dəstək verir. Xankəndiyə yük daşıyan İran avtomobillərinə görə Tehran hələ də heç bir izah verməyib.
Bu günlərdə isə sosial şəbəkələrdə İranın “jooiakar.com” saytında yerləşdirilmiş “Qarabağda tikinti işlərinə ustalar tələb olunur” elanı yayıldı. Elanda Qarabağın sülhməramlıların nəzarətində olan hissəsini Ermənistan kimi təqdim edən sayt və işçi axtaran şirkət, görünür, reallıqları öz arzusuna uyğun qavrayır.
İranlı qardaşlarımız ermənilərin viran qoyduğu, donuz saxladığı məscidlərin bərpasında da çalışa bilərdilər.
Xankəndidəki masaj salonları
Bir gün bölgədə əməkdaşlıq bərpa olunacaq, hətta bəlkə, azərbaycanlılarla ermənilər yenidən kirvə də olacaqlar - əbədi düşmənçilik mümkün deyil, – ancaq ədalətin tərəfində yer almayan dost dediyimiz ölkələrin mövqeyi yaddaşlarda həmişəlik qalacaq.
İrəvan artıq Bakı ilə konfrontasiyanın perspektivsizliyini dərk edir. Paşinyan son olaraq, hökumətin 2025-ci ilədək proqramını müzakirə edərkən 2 mesaj verib. Birincisi, sərhədlərin dəqiqləşdirilməsinin vacibliyi – baş nazir deyib ki, ordunun sərhəddən geri çağırılması, sərhədçilərin oraya yerləşdirilməsi nəzərdən keçirilir. İkincisi, Türkiyə ilə əməkdaşlıq mümkündür.
Məcburdurlar. Aclıq, səfalət milli ideologiyanı dalana gətirib çıxarıb.
Bu arada Xankəndidə masaj salonlarının sayı artıb, onlar əsasən rus sülhməramlılara xidmət göstərirlər. Və məlumata görə, bu günlərdə Ermənistanın müxtəlif yerlərindən əxlaqsız qadınların Xankəndiyə axını qeydə alınır.
Biz indi Laçın, Füzuli və Kəlbəcərdə beynəlxalq aeroportlar tikirik. İstəsələr, çox yaxın gələcəkdə həmin hava limanlarından istifadə edib, rus sülhməramlılarının dalınca şimala uça da bilərlər. Yeri gəlmişkən, Dövlət Turizm Agentliyinin rəhbəri ötən həftə verdiyi müsahibədə bildirdi ki, ölkəyə loukost şirkətlərin gəlməsinə çalışılır və bu, biletlərin qiymətinə təsir edəcək.
O əjdaha
“Delta” deyəsən özündən öncəkinə rəhmət oxudacaq. ABŞ, İsrail, Türkiyə, Rusiya... kimi ölkələrin gözü açılmır. Texasda reanimasiya şöbələrinin 94 faizi dolub, rus arağı dezinfeksiya üçün yetərli deyil, yəhudi təfəkkürü, türk əzmkarlığı da kara gəlmir.
İsveçdə “Delta”nın yeni mutasiyası yayılıb – ona peyvəndin hətta hər iki dozasını vurduranlar da yoluxurlar.
Bir çox ölkələrdə tüğyan edən o əjdaha indi bizi də əldən salır. Gündəlik yoluxmamız 4 mindən artıqdır, ölənlərin sayı da artıq hər gün 20-ni ötür. Öz vaksinimizin özümüzə daha çox təsir edəcəyinə ümid edirik, amma onun hazır olmasını gözləmədən peyvənd zəruridir...
Qətiyyən ağdamlı olmayan ÜST-ün direktoru Gebreyesus “Delta” ştammı ilə mübarizə üçün 7.7 milyard dollar lazım olduğunu deyib.
Bu arada rus immunoloqlar açıqlayıblar ki, koronavirus daha çox kişiləri öldürür.
Yazıq kişilər
Ukraynada isə Verbayev kəndində 60 yaşlı qadın şəxsi təsərrüfatında üç kişini kölə kimi işlədirmiş. Quldar qadın kişilərin sənədlərini əllərindən alaraq, onları öldürəcəyi ilə hədələyib və tövlədə yaşayan kişilərə gördükləri iş müqabilində yalnız yemək verib.
Ancaq yazıq qadınlar da var: Sabirabadda arvadını və qaynatasını qətlə yetirən kişi intihar edib. Bərdədə isə qardaş bacısının başını kəsib. Bakıda qadın qaynı tərəfindən, Masallıda əmisi arvadı ilə mübahisə edən şəxs əmisi nəvəsi tərəfindən bıçaqlanıb, Hacıqabulda isə kürəkən qaynanasını döyüb.
İlahiyyat üzrə elmlər doktoru, Qafqaz Müsəlmanları idarəsinin nümayəndəsi Hacı Surxay müəllim bu həftə Məhərrəmlikdə toy edənlərin 99 faizinin xoşbəxt olmayacağını bəyan etdi. Görəsən, xoşbəxt 1 faiz hansı kriteriya ilə seçiləcək?!
İsti havanın beynin işləməsinə təsiri elmi faktdır: Deyilənə görə, Eynşteyn tez-tez başına soyuq su tökürmüş.
İmicimizi korlayan ot örtüyü
Necə deyərlər, sonda idman haqqında. İki klubumuz Avroliqada mübarizəsini davam etdirir. İnsafən, hələlik pis təsir bağışlamırlar da.
Pis təsir bağışlayan yeganə təmsilçimiz Tofiq Bəhramov adına Respublika stadionudur. Avropanın artıq iki ölkəsi - Kipr və Şotlandiya komandaları bu stadionda "Qarabağ"ın qonağı olub və hər iki klubun təmsilçiləri meydançaya görə narazılıqlarını ifadə ediblər.
Stadion təxminən pis bellənmiş əkin sahəsini xatırladır. Görəsən, stadion rəhbərliyi nəzərə alırmı ki, bu oyun ən azı həmin Avropa ölkələrində də izlənilir, belə meydança ölkəmiz haqqında da yaxşı təəssürat yaratmır?!
Tarix: 23-08-2021, 10:39