Xəbər verildiyi kimi bir neçə gün əvvəl Rusiya İstintaq Komitəsinin Moskva üzrə Baş istintaq idarəsi daha əvvəl “qanuni oğru” statusu daşımağa görə barəsində cinayət işi qaldırılmış azərbaycanlı kriminal avtoritet Rəşad İsmayılova (“Rəşad Gəncinski”) yeni və daha ağır ittiham irəli sürüb. O, 2009-ci ildə Moskvada iki azərbaycanlının güllələnməsində, yəni ikili qətl törətməkdə ittiham olunur.
İstintaqın məlumatına görə, İsmayılov 2013-cü ildən etibarən 7 il ərzində “qanuni oğru” statusunu daşıyıb. Rusiyada iki il əvvəl qəbul edilən qanuna görə, cinayətkar iyerarxiyada yüksək mövqe tutmaq, yəni “qanuni oğru” titulunu daşımaq cinayət məsuliyyəti yaradır və 10 ilə qədər həbslə cəzalandırılır.
Müəyyən olunub ki, 2009-cu il mayın 13-də “Rəşad Gəncinski” əlbir olduğu şəxslərlə birlikdə İzmaylovsk şossesindəki kafelərdən birinə gedib, orada avtomobilə odlu silahdan atəş açıb. Nəticədə iki nəfər öldürülüb. İstintaqın versiyasına görə, cinayətin motivi şəxsi düşmənçilikdir. İsmayılov hesab edir ki, həmin şəxslər onun yaxın adamını öldürüblər. Hazırda istintaq “Rəşad Gəncinski”nin başqa cinayətlərdə iştirakını da araşdırır.
Qeyd edək ki, “Rəşad Gəncinski” 2019-cu ildə Minskdə həbs olunmuşdu və ona qarşı ölkə sərhədini qanunsuz keçmə, qanunsuz silah gəzdirmə maddələri üzrə cinayət işi qaldırılmışdı. Məlumatlara görə, “Rəşad Gəncinski” digər azərbaycanlı kriminal avtoritet, “Lotu Quli” ləqəbli Nadir Səlifovun (2020-ci ilin avqustunda Antalyada öldürülüb) tapşırığı ilə getmişdi və məqsədi Belarusda kriminal “obşak”ın işlərini təftiş etmək idi. Lakin özü iddia edirdi ki, Belarusa bir az kazinoda qumar oynamaq və dincəlmək üçün gəlib.
Belarus məhkəməsi onu 10 il azadlıqdan məhrum etsə də ötən ilin avqustunda yuxarı məhkəmə instansiyası “Rəşad Gəncinski”nin barəsində çıxarılmış hökmü dəyişdi, ona 1 il 6 aylıq həbs cəzası kəsib məhkəmə zalından buraxdılar. Lakin “Rəşad Gəncinski” azadlığın sevincini dada bilmədi və onu məhkəmə zalından birbaşa Belarus-Rusiya sərhədinə apardılar. Və orada Rusiya hüquq-mühafizə orqanlarına təhvil verdilər. Çünki Rusiyada “Rəşad Gəncinski”nin barəsində kriminal iyerarxiyada yüksək mövqe tutmaq ittihamı ilə cinayət işi qaldırılmışdı.
Bəs “Rəşad Gəncinski”nin 12 il əvvəl güllələdikləri adamlar kimlər idi? Onların kriminal avtoritetlə hansı düşmənçilikləri olub?
“Kommersant” qəzetinin yazdığına görə, həm “Rəşad Gəncinski”, həm onun güllələdiyi şəxslər Azərbaycandan Moskvaya meyvə-tərəvəzin topdan təchizatı uğrunda illərdir davam edən kriminal müharibələrin iştirakçıları idilər. Həmin müharibəni o vaxtlar “Vaxa” ləqəbli kriminal avtoritet Baxış Əliyevin, “Rövşən Lənkəranski” ləqəbli Rövşən Canıyevin və “Lotu Quli” ləqəbli Nadir Səlifovun qruplaşmaları aparırdı. Hazırda onların heç bir sağ deyil və Moskvada Azərbaycan pomidorunun satışına nəzarət uğrunda gedən müharibələrin nəticəsi olaraq həyatlarını itiriblər. Bu səbəbdən “Rəşad Gəncinski”-yə qarşı irəli sürülmüş qətl ittihamını sübuta yetirmək elə də asan olmayacaq.
Baş istintaq idarəsinin materiallarında deyilir ki, 2009-cu ildə “Rəşad Gəncinski” hələ “qanuni oğru” titulu daşımırdı, amma bu ada namizəd idi, titulu almaq uğrunda mübarizə aparırdı. Və həmin vaxtlar o, Moskvanın İzmaylovo rayonunda park edilmiş BMW X5 avtomobilində oturan iki nəfəri güllələyib. İstintaqın versiyasına görə, bu qəsdin motivi qisas olub-hücum edən hesab edib ki, qurbanlar daha əvvəl onun yaxın tanışını qətlə yetiriblər.
Əlbəttə, BMW X5-də güllələnənlər-Məmmədəli Hüseynov və Qəşəm Verdiyev də sadə adamlar deyildi, onların özləri də kriminal qruplaşmalara mənsub olublar. Hadisə vaxtı silahlı idilər, amma qəfildən avtomobilə yaxın məsafədən avtomatdan və tapançadan yaylım atəşi açan iki killerə müqavimət göstərmək imkanı tapmayıblar.
İstintaq isə müəyyən edib ki, öldürülən bu şəxslər özləri daha əvvəl sifarişli qətl törədiblər. Moskvada saxta sənədlərlə yaşayıblar, həm hüquq-mühafizə orqanlarından, həm şəxsi düşmənlərindən gizlənə biliblər.
Azərbaycan diasporundakı mənbə “Kommersant”a deyib ki, məhz Hüseynov və Verdiyev 2007-ci ilin noyabrında Bakıda nüfuzlu biznesmen Raquf Verdiyevi güllələyiblər. Həmin Verdiyevi ki, Moskva regionuna Azərbaycandan meyvə-tərəvəz təchizatına nəzarət edirdi. Raquf Verdiyev “Vaxa”nın adamı olub, onu öldürənlər isə “Rövşən Lənkəranski”nin killerləri idi.
Bu arada internet mənbələrində 14 il əvvəl Bakıda baş vermiş həmin qətl barədə xəbərlərə rast gəlmək mümkündür. Daxili İşlər Nazirliyinin həmin vaxt yaydığı məlumatda deyilir ki, 2007-ci il noyabrın 25-də, saat 17.40 radələrində Bakıda, Həsən Əliyev küçəsindəki “Tonqal” restoranının yaxınlığında Ağdam sakini olan Raquf Rüstəmov çoxsaylı güllə yaraları alıb, xəstəxanaya çatdırılsa da orada keçinib.
Moskva üzrə Baş istintaq idarəsində indi belə hesab edirlər ki, o vaxt hələ “qanuni oğru” statusu olmayan Rəşad İsmayılov həmin münaqişədə “Vaxa”nın tərəfini tutub və gələcəkdə onun dəstəyini qazanmaq üçün “Rövşən Lənkəranski”nin killerlər briqadasının həmin iki üzvünü öldürməyi üzərinə götürüb.
Lakin Azərbaycan pomidoru üstündə tökülən qanlar bununla da bitməyib, qanqster müharibələri sonradan illərlə davam edib. 2014-cü ilin yazında Kiyevdə “Vaxa” güllələnib. 2018-ci ildə güllələr “Rövşən Lənkəranski”nin özünü haqlayıb. Nəhayət ötən il “Lotu Quli” Antalyadakı otellərdən birində güllələnib. Bütün bu qanlı müharibələr fonunda Hüseynovun və Verdiyevin 2009-cu ildə törədilmiş qətli diqqətdən kənarda qalmışdı və müstəntiqlər demək olar ki, həmin qətl işi üzrə qovluğu arxivə atmışdılar. Amma “Rəşad Gəncinski”nin Belarusdan ekstradisiyasından sonra istintaq bu işi təzələyib.
“Rəşad Gəncinski” isə 2009-cu ildən sonra da kriminal karyerasını davam etdirib, amma ciddi cinayətlərdə yaxasını ələ verməyib. Bir neçə dəfə “sxodka”larda tutulub. Onun adı Rövşən Canıyevin qətlinin təşkilatçısı kimi hallansa da istintaq dəlil tapa bilməyib.
Tarix: 18-07-2021, 23:09