Neqativ.com Xalq şairi Süleyman Rüstəmin oğlu, filologiya elmləri namizədi Azad Rüstəmzadə ilə müsahibəni təqdim edir.
- Azad müəllim, Süleyman Rüstəm necə ata olub?
- Çox gözəl ata idi. Mənə heç vaxt güldən ağır söz deməyib. Mən ailəmizin ikinci Azadıyam. Atamla anam 1934-cü ildə ailə qurub, 35-ci ildə birinci Azad dünyaya gəlib. O, Yusf Səmədoğlu ilə bir yaşda imiş. Hətta, atamın "Səmədin Yusifi, mənim Azadım" misrası ilə başlayan şeiri də var. Qardaşım yaş yarımlıq olanda Novxanıdakı bağ evimizdə dizinteriyaya yoluxur, onu həkimə çatdıra bilmirlər, dünyasını dəyişir. On bir ildən sonra - 1946-cı ildə mən doğulmuşam. Mənim tərbiyəmlə anam məşğul olub. Atamın buna vaxtı olmayıb. Amma özümü tanıyandan həmişə mənə deyib ki, özünü Süleyman Rüstəmin adına layiq aparmalısan. Elə et ki, mənim başım aşağı olmasın. Çünki, o vaxtlar üç-dörd yazıçı ailəsinin övladının pis hərəkəti olmuşdu.
- Misal üçün...
- Misal üçün, Mirzə İbrahimovun qızı Sevda Moskvada bir oğlana ilişmişdi, sonra ayrıldılar. Bundan başqa, Süleyman Rəhimovun oğlu Şamo da Moskvada bir qızla idi. Sonra qız atmışdı özünü. Yəni ümumən deyirdi ki, özünü mənim oğlum kimi apar. Bir də 9, 10-cu siniflərdə oxuyanda rusca hekayələr yazırdım. Onda mənə dedi ki, ailədə bir ədəbiyyatçı olar, mən varamsa, sən lazım deyilsən.
- Bəlkə sizin də istedadınız vardı, siz də yaza bilərdiniz...
- Yox idi. Mən hərdən elə-belə özüm üçün cızma-qara edirdim.
- Süleyman müəllimin hansı qadağaları vardı? Məsələn, siqaret çəkməyinizə icazə verirdi?
- Mən universitetdə şərqşünaslıq fakültəsində oxuyurdum. Uşaqlarımızın hamısı şəhər uşaqları idi. Siqaret çəkirdilər. Mən birinci kursdan siqaret çəkirəm. Birinci kursda gizlədirdim. Sonra elə oldu ki, anam bildi, amma atama heç nə demədi. İkinci kursdan sonra atam da başa düşdü. Açıb-ağartmadı. Çünki özünün də əlində həmişə siqaret olurdu. Fikir verirdim, o, siqaretin tüstüsünü heç vaxt sinəsinə almırdı, elə-belə odlayırdı.
- Ailədə bir övlad olmusunuz. Arzularınızın hamısını yerinə yetirirdi?
- Gənclik illərimdə maşın üçün ölürdüm. Universiteti bitirəndə, dedim, papa, xaricə getmək istəyirəm. Dedi, mən o uşaqların niyə getdiyini bilirəm. Onlar ev, maşın almaq üçün başqa ölkəyə gedirlər. Sənin isə hər şeyin var, maşın da həyətdədir. Mənim gözlərimdə problem vardı, ona görə, maşın sürməyə icazə vermirdi. Həm də evin yeganə oğlu idim deyə ehtiyat edirdi. Buna görə, anam da maşının açarını gizlədirdi. Hərdənbir o yerdən açarı götürürdüm, ya da maşını təmizləmək bəhanəsi ilə açarı alırdım.
- Maşını təmizləyirdiniz?
- Əlbəttə. Təmizləyəndən sonra maşınla şəhərdə bir "kruq" vurub qayıdırdım. Şüvəlanda bağda olanda mütləq maşınla dəniz kənarında qaçaraq bir iki dəfə fırlanırdım. Konkret qadağalara gəldikdə, heç bir qadağası olmurdu.
- Yazı prosesi necə idi?
- Atam ancaq gecələr işləyirdi. Əski əlifba ilə yazırdı, sonra üzünü makinada köçürürdü. Onun Sonaxanım adlı makinaçısı vardı. Yadıma gəlir, atam işləyəndə ancaq şirin çay içirdi. Gərgin işdən sonra bir özbək xalatı vardı, onu geyinib, eyvana çıxır, saatlarla ətrafı müşahidə edirdi.
- Ananızla atanız bir-birini sevib ailə qurmuşdu?
- Hər ikisi bakılıdır. Novxanıda bağda tanış olublar. Elə orda da ailə qurublar. Ailə qurandan sonra Novxanıda qalmayıblar, onlara şəhərdə "Aktyorlar evi" deyilən binadan iki otaqlı ev veriblər.
- Çox yaxın dostlarından biri Səməd Vurğun olub. Başqa kimlərlə dostluq edirdi?
- Atamın Səməd Vurğuna ərəb əlifbası ilə yazdığı məktubu var. Səməd Vurğun Gəncədə müəllim işləyəndə ona yazır ki, Bakıya gəl, sən çox yaxşı şairsən, sənə oxumaq lazımdır. O da atamın məsləhəti ilə Bakıya gəlir. Mənim yadıma gəlir, Səməd Vurğun ya 54, ya da 55-ci ildə bizim evə gəlib mənim ad günümdə iştirak edib.
- Nazim Hikmətlə də dost olub...
- Nazim Hikmətlə lap cavanlıqdan dost olublar. Onlar dostluq edəndə mən bağçaya gedirdim. Nazimin birinci kitabı - "Günəşi içənlərin türküsü" 1928-ci ildə atamın sayəsində Azərbaycanda çıxıb. Onda atamın 22 yaşı olub. O, həmin kitabın tərcüməçisi, həm də redaktorudur. Mən Nazimi evimizdə dəfələrlə görmüşəm. Bakıya gələn kimi birinci bizim evə qonaq düşərdi. Hətta, yadıma gəlir, bir dəfə uşaq vaxtı bizimlə birgə təyyarədə Bakıya gəlirdi. Mən də dəcəl idim, onun başına oyun açırdım. Onda mənə "yaramaz çocuq" adını qoymuşdu. Moskvada biz onun "Domokl qılıncı" pyesi əsasında hazırlanan tamaşanın premyerasında iştirak etmişik. Sonra onun bağına getdik. Onda Nazim Qalya ilə birgə yaşayırdı.
- Sizinlə həmyaşıd olan yazıçıların, şairlərin övladları Anar, Elçin, Vaqif Səmədoğlu hər zaman mətbuatda ataları haqqında danışıblar, onların müdafiəsinə qalxıblar. Amma siz nədənsə atanız barədə susmusunuz. Hətta bu susqunluqdan istifadə edib, Süleyman Rüstəmin qarasına danışanlar da çox olub. Atanız sanki bu barədə müdafiəsiz qalıb...
- Mən rəhmətlik atamdan sonra iyirmi il Ali sovetdə beynəlxalq şöbədə vəzifədə işləmişəm. 90-cı illərdə ya "Yeni müsavat", ya da "Azadlıq" qəzetində Rəsul Rza, Səməd Vurğun və atamın haqqında material çıxmışdı. Onda Yusif Səmədoğlu da, Anar da Milli Məclisdə deputat idilər. Mən onları görəndə dedim, gəlin, bu yazıya etiraz edək, biz də nə isə yazaq. Dedilər, nə isə yazmaq lazım deyil.
- Ancaq özləri yazırdılar...
- Əlbəttə, yazırdılar. İndi atam haqqında deyirlər, partiya haqqında çox şeirlər yazıb. Amma Səməd Vurğunun Stalin haqqında şeirləri çoxdur, nəinki atamın. Rəsul Rza isə "Lenin" poemasını yazmışdı. Atam da sovet ideologiyası ilə yazdığı bir çox şeirlərə görə tənqid olunub. Ona hücumlar da olub.
- Sizcə o, bu şeirləri partiyaya inanıb yazırdı?
- İnanırdı. Bilirsiniz, atamın atası Mehdi Əlabbas sadə bir dəmirçi idi. Qardaşı ilə birlikdə indiki "Beşmərtəbə"nin yanında balaca dəmirçixanada işlədirdi. Onlar sırf proletar ailə idilər.
- Süleyman Rüstəmi o vaxt Müşfiqdən donos yazdığına görə qınayıblar. Amma özü deyib ki, belə bir şey olmayıb.
- Olmayıb. Bildim, bildim siz nəyi nəzərdə tutursunuz. Mən öz elmi fəaliyyətimi şərqşünaslıq üzrə qurmuşam. İyirmi il bu sahədə çalışmışam. Ziya Bünyadovun partkomu olmuşam. Bir gün gəlib mənə dedilər, Ziya müəllim səni çağırır. Yanına gələndə dedi, mən "KQB"-nin göstərişi ilə bütün arxiv materiallarına baxdım, get, atana denən, o, kişi adamdır. Tanış olduğum materiallarda sənin atanın başqa yazıçılar, şairlər haqqında əks nə isə yazdığını, dediyini görmədim.
- Bəs bu söz-söhbətlər hardan yaranmışdı? Mir Cəfər Bağırovla yaxınlığı səbəb ola bilərdi?
- Baxın, Məmməd Rahim haqqında da bu sözləri deyirlər. Mir Cəfər bir gün atamla Səməd Vurğunu kabinetinə çağırıb deyir ki, özünüzü yaxşı aparın, siz bizə lazımsınız, biz sizi itirmək istəmirik.
- Yaxşı aparın deyərkən nəyi nəzərdə tutub?
- Yəni, ovaxtkı hökumətə, quruluşa əks getməyin. 90-cı ildə qəzetlərin birində aktrisa Barat Şəkinskaya yazırdı ki, atam "Azrdama"da direktor olanda, ona yaxın aktyoru repressiyadan xilas edib.
- Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad və bir çoxları o vaxt güllələniblər, sürgün olunublar. Bəs sizcə Süleyman Rüstəm və digərləri niyə sağ qaldılar?
- Hüseyn Cavid də, Əhməd Cavad da türkpərəst idi. Onların şeirlərini görürüsünüz də. Bunlar o türkpərəstliklərinə və yazdıqlarına görə gediblər. Süleyman Rüstəm niyə getməliydi? O, partiyanı tərənnüm edirdi.
Atam sonralar Mir Cəfər Bağırovun məhkəmələrinə gedirdi. Onun sonuncu məhkəməsində də iştirak etmişdi. Orda Mir Cəfər həqiqətən də məni öldürmək yox, şaqqalamaq lazımdır sözlərini demişdi. Amma o, çox yaxşı işlər də görüb. Bütün hallarda onun qorxusu atamın, Səməd Vurğunun və digər o dövrdə yaşayan yazıçı-şairlərin canında qaldı. Hətta Mir Cəfər edam olunandan sonra da o qorxu davam etdi. Ömrünün sonlarına doğru Sovet İttifaqında baş verən hadisələr, qarışıqlıq atama pis təsir edirdi, onun ittifaqa olan inamı itmişdi.
- Elə olubmu atanızın hansısa hərəkətindən utanasınız, deyəsiniz, kaş, belə etməyəydi?
- Yox. Olmayıb. O, elə bir hərəkət etməyib. Bir gün atam mənə bir neçə məktub göstərdi, dedi, görürsən, mənə nə qədər məktub gəlir. Ona Müşfiqin bəraət aldığı illərdə anonim məktublar gəlirdi. Yazırdılar ki, görürsən, sən sağ qaldın, Müşfiq getdi. Atam da həmin məktubları "KQB"-yə verirdi, deyirdi, gedin, özünüz aydınlaşdırın. Atama da çox zərbələr dəyib. Onun "Burda mənəm, Bağdadda kor xəlifə" əsəri əsasında hazırlanan tamaşa ictimai baxışda sərt tənqid olunub, Təbriz haqda şeirlərinə qadağa qoyulub. Elə şeirləri vardı, burda çap olunmağa qoymurdular, tərcümə olunub Moskvada çap olunurdu. Atam Ali Sovetin sədri işləyib. 1971-ci ildə Heydər Əliyev atamı çağırıb demişdi, Süleyman, sən və Mustafa bəy Topçubaşov bizim sağ qalan yeganə iki ziyalımızsınız ki, 1936-cı ildən bu yana deputatsınız. Ona görə qərara gəlmişik ki, Ali Sovetin sədri olasınız. Bu vəzifə ictimai vəzifə idi. Maaşı yox idi. Bir maşın vermişdilər. İllik on min manat da büdcə təyin etmişdilər ki, şikayətçilər gələndə onlara kömək etsin.
- Eviniz şəhərin mərkəzindəki ən yaxşı binaların birində yerləşib. Məşhur qonşularınız çox olub.
- Elədir. Bizim evimiz Xəqani küçəsində beş bloklu binada idi. Biz dördüncü blokda qalırdıq, ən yaxşı blok da elə bizimki idi. Məmməd Səid Ordubadi, Bülbül, Sapsayev, Mirqasımov, Mikayıl Rəfili, Mirzə İbrahimov, Ağasadıq Gəraybəyli bizim blokda yaşayırdılar. Ağasadıq Gəraybəyli ilə qapı qonşu idik. O biri bloklarda Adil İsgəndərov, Qəmər Almaszadə, Həqiqət Rzayeva yaşayırdı. İndi atamın evində oğlum yaşayır. Təsəvvür edin, Mirzə İbrahimov bizdən bir mərtəbə aşağıda qalırdı, amma onun yanına kömək üçün gəlmirdilər, qapısının yanından keçib bizə gəlirdilər. Atamdan soruşurdum ki, bu, niyə belədir. Deyirdi, Mirzə qapısına gələnlərə yalnız öyüd-nəsihət verir. Atam isə dərhal həmin adamlara maddi köməklik edirdi. O, ümumiyyətlə əl tutan adam olub. O vaxt mən Ali Sovetdə işləyəndə iş yoldaşlarımın hamısı atama rəhmət oxuyurdu. Bayramlarda həmişə həmin on min manatlıq büdcədən işçilərə pul mükafatı yazırmış.
- Özünüz necə həyat sürürdünüz?
- Sadə. Çox sadə yaşamışıq biz. Burjua həyatı görməmişik. Burjualıq heç bizim yanımızdan da keçməyib. O vaxtlar yay tətili başlananda məni nənəmlə birgə bağa köçürürdü. Bir neçə gündən sonra özü gəlirdi. Yayda ağ tut, ərik sovulanda bizi götürüb aparırdı Moskvaya. Deputat adam idi, ona görə də Moskvada ona çox hörmət edirdilər. Biz həmişə Moskvada mehmanxanada qalardıq.
- Yeyib-içməyi, məclisi xoşlayan adam idi?
- Məclis adamı idi. Amma yeyib-içməyi pis idi. Sonra həmişə zərərini görürdü. Atam mənə danışırdı, deyirdi, 30-cu, 40-cı illərdə yazıçılar, şairlər bir-biri ilə çox səbirli davranırdılar. Bu, hətta müharibəyə qədər belə davam edib, amma sonralar hamı özünə çəkilib. Ona görə də atam yaşlı nəsildən heç kimlə dostluq etmirdi, daha çox gənclərlə oturub dururdu.
- Atanızın evdə sərxoş olduğunu görmüsünüz?
- Çox olub. İçirdi. Atamın Yazıçılar İttifaqında öz dostları vardı. Əhatəsi də daha çox cavanlar idi. Əliağa Kürçaylı, Qabil... Atam hesab edirdi ki, Əliağa yaxşı şairdir. Qabillə atamın anekdotları uzun məsələdir. Əli Kərimi isə mən bir dəfə bizim bağda görmüşəm. Sərdar Əsədlə birgə gəlmişdi. Atamgil hər həftə, on gündən bir dostların birinin evində yığışırdılar. Atam içəndə şən olurdu, adamlarla zarafatlaşırdı. Evdə də çox pozitiv idi. Mən onu heç vaxt zalım, qaşqabaqlı kimi görməmişəm.
- Sizdən başqa övlad istəmədi?
- İstəyib, olmayıb. Qardaşımdan sonra mən də çətinliklə doğulmuşam. Mənim üstümdə valideynlərim, xüsusən anam çox əsirdi. Oxumağımı, təhsil almağımı istəyirdilər. Anam məni yeddiillik musiqi məktəbinə yazdırmışdı. Getmək istəmirdim. Bir gün girdim maşının içərisinə knopkaları da basdım, dedim, çıxmıram. Musiqiyə getmək istəmirdim. Getmədim də. Üstümdə o qədər ciddi nəzarət olmayıb, amma məni bir az sıxıblar.
- Atanız məişət işləri ilə maraqlanırdı?
- Evin bazarlığı, iş-gücü anamlıq idi. Atam bağda olanda yer belləməyi, ağaclara baxmağı xoşlayırdı. İç ciyəri çox sevərdi, həmişə də öz resepti ilə bişirərdi.
- Süleyman Rüstəmin qadınlara münasibəti necə idi?
- Yaxşı idi (gülür). Mənim bir qaynım vardı, Nyu-Yorkda rəhmətə getdi. O, mənə and içərək deyirdi ki, bir gün anam Sayad xanım evə gələndə, görüb, atam o dövrün Xalq artisti olan çox məşhur müğənnilərindən biri ilə yataq otağında alt paltarındadır. Anam mətbəxdən oxlovu götürüb, atamı kötəkləməyə başlayıb, atam paltarını geyinib qaça-qaça birinci mərtəbəyə düşüb. Anam əlində oxlov onu "Tarqovu"da qovalamağa başlayıb (gülür). Qaynım bunu mənə deyəndə inanmadım, dedim elə şey ola bilməz. Ona bu barədə keçmiş 26-lar rayonunun polis rəisi danışıbmış. Amma yadıma gəlir ki, nə zaman həmin müğənni televizorda oxuyurdu, atam dərhal durub otaqdan çıxırdı (gülür).
- Toyunuzu necə xatırlayırsınız?
- Mənim toyum 1970-ci ildə Dostluq restoranında olub. O vaxtı Mirzə İbrahimov atama deyib ki, sənin oğlunun toyunun tamadası mən, mənim oğlum Aydının toyunun tamadası isə sən olacaqsan. Toyum çox sakit və az adamın iştirakı ilə keçdi. Çünki yazıçılar, şairlər elədirlər ki, gərək, hamısının sağlığına içəsən, tərifləyəsən. Toyumu o dövrün məşhur xanəndəsi İslam Rzayev aparıb.
- Atanızın xəstəliyi nə idi?
- Atam, əslində, sağlam adam idi, baxmayaraq ki, siqareti çox çəkirdi. Hələ cavan vaxtından "qrija"sı vardı. O, gənc olanda öz atasına dəmirçixanada çox kömək etmişdi. Atam yaşlananda "qrija" onu çox incidirdi. Təsəvvür edin ki, yol gedə bilmirdi. Səksən üç yaşı olanda gördük çox əziyyət çəkir, əməliyyata apardıq. Özü deyirdi, yaşlı adamam, əməliyyat lazım deyil. Ağrıları lap güclənəndə razılaşdı. Əməliyyatdan üç gün sonra dünyasını dəyişdi. O, ümumiyyətlə heç nədən şikayət etmirdi. O vaxt yazıçı-şairlər ildə bir dəfə "Leçkomissiya"da bütün müayinələrdən keçirdilər. O, bir dəfə də olsun keçməmişdi.
- Ölümünə səbəb nə olmuşdu?
- Əməliyyat vaxtı həkim görür ki, bağırsağında xərçəng törəməsi var, kəsib götürür. Sağalsaydı, gərək yanında trupkayla gəzəydi. Amma reanimasiyada rəhmətə getdi.
- Həmin günü necə xatırlayırsınız?
- Bizə birinci xalam qızı zəng vurdu. Bu haqda xalamgilə xəbər vermişdilər. Onda mənim 43 yaşım vardı. Biz dərhal yığışıb getdik xəstəxanaya. Ordan da Mərkəzi Komitəyə. Dəfn məsələlərini həll etməyə. Aradan qırx ilə yaxın vaxt keçib, amma mən onu bu günə qədər də unutmamışam. Hər gün xatırlayıram. O, çox gözəl, mülayim insan idi. Bir də onun bir xüsusiyyət vardı, ürəyinə heç nəyi salmırdı. Ona nə qədər zərbələr vursalar da, həmişə zarafata salırdı. Mənə deyirlər, yaşlandıqca atama daha çox oxşayıram. Amma məndə o zarafatyanalıq yoxdur, mən daha çox həssasam.
- Atanızdan ötrü darıxırsınız?
- Bəs necə? Çox pis darıxıram. Onun ölümü yadımdadır. Qayınlarım olmasaydı, mənə çətin olardı. Onlar mənə çox ürək-dirək verdilər, kömək etdilər. Ali Sovetin maşını qırx gün bizim ixtiyarımızda oldu. İndi ən çox onunla bağa getdiyimiz günlər yadıma düşür. Onun limonla samovar çayı içməyi, qonşuları başına yığıb gecə saat ikiyə qədər söhbət etməsi yadıma düşür.
- Atanızın ölümündən sonra dostları sizinlə maraqlanırdı?
- Yox, elə hər şey, hər kəs atamla getdi. Atamın dostlarının, həmkarlarının övladları ilə sıx əlaqəm olmayıb.
Kulis.az
Tarix: 5-07-2021, 09:30