“Report”un Şərqi Avropa bürosunun Ukrayna Ali Radasının deputatı Larisa Bilozirlə müsahibəsi.- Sizin Ali Radadakı fəaliyyət istiqamətlərinizdən biri də desentralizasiyadır. Ukrayna bu sahədə problemlərin həlli hansı səviyyədədir? Bu baxımdan Azərbaycanla təcrübə mübadiləsi necə həyata keçirilir?- Şübhəsiz ki, desentralizasiya Ukraynada ən əsas və prinsipcə, yeganə uğurlu islahatdır. İndiyədək inzibati mexanizm tam olaraq dəyişdirilib. Yəni əgər əvvəl ölkədə 400 rayon mövcud idisə hazırda müvəqqəti işğal edilmiş rayonlar da daxil olmaqla, bu say 136-ya bərabərdir. Bu, 1470 icma deməkdir. Faktiki olaraq, 2014-cü ildən etibarən artıq 7 ildir ki, desentralizasiya könüllülük əsasında həyata keçirilirdi. Başqa sözlə, biz kəndlərə və kiçik şəhərlərə könüllü şəkildə birləşmək imkanı verirdik. Bu uğurla həyata keçirilirdi, çünki həmin yerlərə pul vəsaiti verilir, onlara qərar vermə və cavabdehlik daşıma imkanı yaradılırdı.
Prinsipcə, biz bu icmaların və orada yaşayan insanların öz ərazilərini idarə etmək, qərar vermək və maliyyələşdirmək qabiliyyətini müşahidə edirdik. Daha onlara nə lazım olduğuna Kiyev qərar vermirdi. Əvvəllər administrasiya rəhbərləri Kiyevə getməli və icazə almalı idilər. Hazırda onlar resurs, fiziki şəxslərdən daxil olan gəlir vergisinin 60%-ni əldə ediblər. Bu çox vacibdir. Onlar infrastruktur subvensiyası da almağa nail olublar. Gördük ki, bu icmalar inkişaf etməyə başladılar. İnsanlar da daha fəal oldular. Sovet sistemi artıq ölməyə başlamışdı və müvafiq olaraq, 7 ildən sonra bunu könüllülük əsasında deyil, inzibat üsulla həyata keçirmək haqqında qərar qəbul edildi. Oktyabrın 25-də yeni sistem üzrə seçkilər keçirildi. Hazırda çətin dövrdə yaşayırıq. Belə demək olar ki, hər şey bir qədər xaotikdir. Çünki onlar hüquqi formanı, himayə hüququnu dəyişməli olurlar, rayon administrasiyalarının bütün orqanlarını verməli, düşərgələri, məktəbləri, bağçaları mülkiyyətə qəbul etməli olurlar. Bütün bunlar ayrı-ayrı hüquqi şəxslərdir. Onları yenidən rəsmiləşdirmək, qeydiyyatdan keçirmək lazımdır. Təbii ki, çətin idi. İndi hər şey bir qədər sahmana düşür. İcmalar hətta rayon xəstəxanalarını da üzərinə götürürlər. Bu da heç də asan məsələ deyil. Maliyyə cəhətdən onlar çətinliklərlə üzləşirlər. Lakin mənə belə gəlir ki, bu, sovet sistemindən uzaqlaşmaq deməkdir.
Artıq 7 ildir ki, Avropa İttifaqı ilə birgə bu islahat üzərində çalışırıq. Bu islahat unikaldır. Çünki biz onu Avropa ölkələrindən götürməmişik. Onlar Ukraynanın təcrübəsindən çıxış edərək elə ukraynalılar tərəfindən işlənib hazırlanıb və tətbiq edilib. Əlbəttə ki, almanların və çox yaxşı təcrübəyə malik polyakların köməyindən istifadə etmişik. İsveç də bizə çox kömək edib, bizi maliyyələşdirib. Xeyli sayda proqram var idi. İnzibati xidmətlər və inzibati icraat üzrə alt komitənin sədri kimi deyə bilərəm ki, Azərbaycanda inzibati icraat haqqında qanun var, bizdə isə yoxdur. İnzibati icraat dövlət və vətəndaşlar arasında münasibətləri tənzimləyir. İnzibati icraat olduqda sizə nədəsə imtina edə və ya izah etmədən pensiyanızı yenidən hesablaya bilmirlər. Bax bizdə bu hələki yoxdur.
Bu qanun bizdə ikinci oxunuşdadır və biz ümid edirik ki, Azərbaycanda və Avropa ölkələrində olduğu kimi biz də bu qanunu qəbul edəcəyik. Çünki vətəndaşı, biznesi bəzən məmur özbaşınalığından qorumaq lazımdır. Məmurlar hansısa arayışı verməkdən imtina etməməli, hansısa sənədin arxasınca göndərməməlidirlər.
Prinsipcə, hazırda İnzibati Xidmət Mərkəzi ilə işləyirik. Bu sahədə Azərbaycandan öyrənəcəyimiz çox şey var. Sizdə hər şeyin bir mərkəzdə necə baş verdiyini gördük – yəni orada təkcə inzibati deyil, həm də sosial xidmətlər göstərilir. Hətta polislə əlaqəli olan xidmətlər – sürücülük vəsiqələrinin, pasportların verilməsi – orada həyata keçirilir. Kommunal xidmətlər üçün belə orada əvvəlcədən ödəniş etmək olar. Hər şey bir yerdə baş verir və ayrı-ayrı strukturlara getmək məcburiyyətində qalmırsan. Bizim də inzibati xidmət mərkəzlərimiz var. Ancaq bununla bağlı kiçik bir problem var – nazirliklər səlahiyyətlərinin bir hissəsini bölüşmək istəmirlər, çünki bu, puldan, daxilolmalardan, xüsusi fondlardan imtina etmək deməkdir. Bizdə Ədliyyə Nazirliyi və DİN bunu etmək istəmirlər. Onlar bunu rəsmən bildirirlər. Biz isə qanunla onları məcbur edirik ki, ölümün, doğumun və nikahın qeydiyyatını kənd yerlərində etmək mümkün olsun, daha Ədliyyə Nazirliyinin orqanlarına getməyə ehtiyac qalmasın.
Bizdən çox irəliyə getmisiniz. Biz də bunu Ukraynada tətbiq etməyə və xidmətlərin bir yerdə - xidmət mərkəzlərində göstərilməsinə çox çalışırıq. Lakin bizdə hər icmada bu yoxdur. Bizdə də mənim təklif etdiyim və qəbul edilmiş qanun var. Bu qanuna əsasən 3 il sonra hər icmada, hər kənddə, hər şəhərdə İnzibati Xidmət Mərkəzləri olmalıdır. Xidmətin insanlara yaxın olması, onu rahat əldə edə bilmələri, növbədə dayanmamaları, işlərin asan başa gəlməsi üçün bu lazımdır. Ukrayna bu sahədə Azərbaycanın təcrübəsini mənimsəyir. Siz də bu çox yaxşı təşkil olunub. Azərbaycana getmək və bunun necə işlədiyini görmək istərdim. Özümlə bu xidmətləri əldən vermək istəməyən nazirliklərin nümayəndələrini də aparmaq istərdim ki, bunun necə əla işlədiyini, hər şeyin tez və asan olmasının ölkə vətəndaşları üçün necə rahat olduğunu görsünlər. Bu dövlətin simasıdır. Xidmət necə təqdim edilirsə, vətəndaş da dövləti o cür qəbul edir. Bu, dövlətin, icmanın simasıdır. Sizdə onlar dövlət orqanlarıdır, bizdə isə icma orqanlarıdır, çünki icma səviyyəsində formalaşır. Bu səbəbdən, həmin xidmətlərin Azərbaycanda necə göstərildiyini görmək mənə çox maraqlıdır. Düşünürəm ki, gələn il mütləq fürsət tapacağam və altkomitə üzvləri ilə birlikdə hər şeyi öz gözlərimizlə görəcəyik”.
Larisa Bilozir
- Məşğul olduğunuz sahələr üzrə Ukrayna-Azərbaycan münasibətlərində hansı aktivlik mövcuddur? Nəzarət etdiyiniz sahələr üzrə iki ölkə münasibətlərində hər hansı yeni addımların atılması gözlənilir? Ümumiyyətlə, bu istiqamətlərdə iki ölkə arasında əlaqələri necə qiymətləndirirsiniz?- Azərbaycan hər zaman bizə dost ölkə olub. Prezidentin sərəncamı ilə müəyyən edilmiş 10 strateji tərəfdaş ölkə sırasında Azərbaycanın da adı var. Bu çox vacibdir, çünki azərbaycanlılar hər zaman bizə dost olublar. Bizim hər zaman dost münasibətlərimiz olub. Ölkələrimiz arasında ciddi iqtisadi əlaqələr qurulub. Azərbaycanda çox böyük Ukrayna diasporu, Ukraynada isə böyük Azərbaycan diasporu var. Prinsipcə, Azərbaycan həqiqətən də Cənubi Qafqazda ən əsas strateji tərəfdaşdır. Əlbəttə, iqtisadi sahədə daha sıx əməkdaşlığın olmasını arzu edərdik. Bilirəm ki, hazırda Ukrayna məhsulları Azərbaycanda çox populyardır. Ölkənizdə Ukrayna məhsullarının satıldığı mağaza şəbəkələri açılır. Biz də sizin məhsulları çox sevirik. Bizi birləşdirən tarixi məqamlar da çoxdur. Sizdə Qarabağ müvəqqəti işğal altında idi və artıq azad olunub, bizdə isə Krım və Donbass işğal altındadır.
Prinsipcə, mənə elə gəlir ki, biz biri-birimizi bir işarədən başa düşürük. Avropa Şurası Parlament Assambleyasının üzvü kimi deyə bilərəm ki, müvəqqəti işğal edilmiş Donbass haqqında dinləmələrdə sizin nümayəndə heyətinizin dəstəyini alırıq, biz də sizə dəstək oluruq. Azərbaycana gəlincə, aprel ayında erməni hərbi əsirləri haqqında məsələ hansısa yolla gündəliyə salınmışdı, baxmayaraq ki, sizin tərəf onların dinc şəhərlərə hücum etməyə çalışarkən həbs edilmiş terrorçu olduqlarını aydın şəkildə izah edirdi. Bu cür məsələlər gündəlikdə çox vacibdir. Onları AŞ-yə çıxarmaq lazımdır, lakin sizin nümayəndə heyətinizin çox güclü olması mənim xoşuma gəldi. Orada Azərbaycanı təmsil edən yeni deputatlar var. Onlar şir kimi döyüşürdülər. Mən həm də AŞPA-nın Miqrasiya komitəsinin üzvüyəm. Yadımdadır ki, nümayəndə heyətiniz bunun necə bir humanitar faciə olduğunu, insanlara hansı fəlakətləri gətirdiyini və qaçqın sayını əks etdirən albomları təqdim edəndə mənim damarlarımda qanım donmuşdu.
Əslində, bəzən avropalılar bunu başa düşmürlər. Artıq neçə illərdir ki, Azərbaycanın məsələsi deməzdim ki, nəzərə alınmır, amma təxirə salınırdı. Hamı Ukrayna və Azərbaycanın ərazi bütövlüyü dəstəklədiyini və hörmətlə yanaşdığını, dərdimizə şərik olduğunu bildirsə də, əməli addımlar az idi və siz özünüz işin öhdəsindən gəlməli oldunuz. Bu, yəqin ki, sizi daha da gücləndirdi və bu baxımdan sizdən öyrənməliyik. Bu, hər halda sizə ərazilərinizi qaytarmağa imkan verdi. Həmin albomları, böyüyüb boya-başa çatdıqları Qarabağa qayıda bilməyən milyonlarla insanın taleyi haqqında nümayəndə heyətinizin sözlərini indi də xatırlayıram.
Bilirəm ki, xeyli insan həlak olub. Mənim baş sağlığımı qəbul edin. Lakin dronlardan, ən yeni texnika növlərindən istifadə edildi və Ukrayna bu təcrübədən faydalanmalıdır, çünki hamımız başa düşür ki, heç kim torpaqlarımızı bizim əvəzimizə azad etməyəcək. Avropa və NATO bu təşkilata üzv olmaq perspektivi haqqında danışsa da, nə biz NATO-dayıq, nə də siz. Biz öz gücümüzə arxalanmalıyıq. Ən əsası Ukrayna silahlı qüvvələrinə, ordumuza pul yatırmaqdır. Bu, iqtisadi inkişafın çox vacib aspektidir. Bu baxımdan, bir-birimizdən öyrəniləsi təcrübələr çoxdur. Əməkdaşlıq və mehriban qoşluluq münasibətləri çox vacibdir. Buna görə də hesab edirəm ki, bizi Azərbaycanla çox şey birləşdirir. Bizim xüsusilə də yeni tariximiz oxşardır. Düşünürəm ki, Azərbaycanda uğurla həyata keçirilmiş təcrübədən istifadə etmək çox maraqlıdır.
- Nəzarət etdiyiniz sahələrdən biri olaraq Ukraynada uşaq hüquqlarının tənzimlənməsi barədə nə deyə bilərsiniz? Statistikaya görə, Ukraynada neçə uşağın hüquqları pozulub?- Əslində, bu sual çox vacibdir. Mən Ali Radada yaradılmış və əlil, xüsusi təhsil ehtiyacı olan uşaqların qorunması ilə məşğul olan müvəqqəti istintaq komissiyası nəzdindəki xüsusi komissiyanın üzvüyəm. Adi məktəbdə, inklüziv təhsil ala bilməyən uşaqlar xüsusi məktəblərə, sanatoriya məktəblərinə ehtiyac duyurlar. Biz deinstitusionalizasiya mərhələsindəyik – yəni uşaqlar internat evlərindən ailələrə verilir. Mən və komissiya üzvləri bunun səhv bir islahat olduğuna inanırıq. Bu islahat yetimləri, statusu olmayan uşaqları, valideynləri olmayan uşaqları əhatə etməlidir. Onlar üçün ailə axtarılmalıdır. Ancaq burada heç bir uğurumuz olmadığından, bəzi “islahatçılar” xüsusi məktəblərə əl atmağa qərar veriblər. Azərbaycanda karlıq, korluq, beyin iflici, autizmdən əziyyət çəkən uşaqlar üçün xüsusi məktəblərin olub-olmadığını bilmirəm. Bu uşaqlar həmişə ümumi və ya inklüziv məktəblərdə təhsil ala bilmirlər.
Ukraynada bu məktəbləri bağlayaraq, bu uşaqları valideyn yanında yerləşdirərək “baxın məsələni həll etdik” deməyə çalışırlar. Ancaq bu, bir qədər səhv istiqamətdir. Hazırda biz xüsusi məktəbləri, sanatoriya məktəblərini deinstitusionalizasiya prosesindən çıxarmağa çalışırıq. Bəli, yetimlər var, ailəyə ehtiyacı olan xüsusi statuslu uşaqlar var. Uşaq evlərinin keçmişdə qaldığı aydındır, bundan artıq uzaqlaşmalıyıq, amma bütün uşaqlar ailə tapa bilmirlər. Ağır xəstəlikli uşaqlar üçün valideyn tapmaq çox çətindir və bu cür uşaqları yalnız xaricilər götürürlər. Ukraynalılar buna tam hazır deyillər, çünki bu uşaqlar xüsusi müalicəyə, xüsusi qayğıya ehtiyac duyurlar.
Bu gün pandemiya şəraitində uşaqlarla bağlı bütün bu problemlər xüsusilə üzə çıxıb. Pandemiya, həmçinin bizə uşaq hüquqlarının pozulduğunu göstərdi. Söhbət bu gün uşaqların hüquqlarının, azadlıqlarının və maraqlarının pozulmasından gedir. Bu məsələ artıq Ali Radanın gündəmindədir. Biz hazırda bir çox səhvi düzəldirik.
Sanatoriya məktəbləri də var ki, orada da uşaqların müalicəsi ilə məşğul olurlar. Bu islahat bir az səhv istiqamətdə getdi – o, daha çox Avropaya aiddir. Əslində təcrübəni götürüb köçürmək olmaz. Realist olmaq və ölkədə hansı reallıqların olduğuna baxmaq lazımdır. Bu gün bu problemlərin üzərində işləyirik, həm xüsusi təhsil ehtiyacları olan uşaqların, həm də hüquqları pozulan valideynlərin hüquqlarını qorumağa çalışırıq.
- 2014-cü ildən bu günə qədər Ukraynanın şərqindəki müharibə nəticəsində ölən uşaqlar barədə statistika varmı?- 200-dən çox uşaq müharibə nəticəsində həlak olub. Bu il qəbul etdiyimiz qərara əsasən iyunun 4-ü Ukraynanın şərqindəki hərbi əməliyyatlardan əziyyət çəkmiş uşaqların Anım Günü kimi qeyd ediləcək. Bu günahsız uşaqlar ölkənin şərqində yaranmış vəziyyətin – 7 ildir davam edən elan olunmamış müharibənin girovuna çevriliblər. Uşaqların münaqişədən əziyyət çəkməsi ən pis şeydir. Bu sualın ən ağrılı olduğunu düşünürəm və bu barədə danışmaq çox çətindir.
Tarix: 2-07-2021, 16:26