“Oğru dünyası”nın türk üzvü masanı yumruqlayanda üzüyü yerə düşür və ““Təşkilati Mahsusa”nın simvolu yerə düşə bilməz" eyhamını vurur; Ənvər Paşanın qurduğu, Əli bəy Hüseynzadə və Əhməd bəy Ağaoğlunun üzvü olduğu gizli şəbəkə haqda bilinməyənlər...
Türkiyənin “oğru dünyası”nın tanınmış simalarından olan Sedat Peker youtube üzərindən yayımladığı videolarla gündəm olmağa davam etməkdədir. O, növbəti çıxışında üzüklə bağlı bir mesaj verib.
Videoçıxışı zamanı masanı yumruqlayan Pekerin o əsnada üzüyü yerə düşür. Peker bu zaman ““Təşkilati Mahsusa”nın simvolu yerə düşə bilməz" deyə eyham vurur.
Bəs onun yerə düşən üzüyünün anlamı nədir? “Təşkilati Mahsusa” kimlərdir, niyə məhz onların adını çəkir?
Bununla bağlı internet üzərindən apardığımız araşdırma zamanı məlum oldu ki, “Teşkilatı-Mahsusa” İttihad və Tərəqqi bünyəsində Ənvər paşanın rəhbərlik etdiyi gizli qurumdur. İttihad və Tərəqqinin türkçü və islamçı fikirləri istiqamətində, daxildə və xaricdə, əks-kəşfiyyat, təbliğat, təşkilatlanma və sui-qəsd əməliyyatlarını icra edib. Müxtəlif şahid ifadələrinə görə, 1914-cü ildə Hərbiyyə Nəzarətinə bağlı rəsmi bir təşkilata çevrilib. 1918-ci ildə İttihad və Tərəqqi hökumətinin iqtidardan ayrılması ilə birlikdə “Təşkilatı-Mahsusa”nın da işinə son verilib.
“Təşkilatı-Mahsusa” Trablisdə italyanlara, Qərbi Trakyada bolqar və yunanlara, Misir və İraqda ingilislərə qarşı müqavimət-təşkilatlandırma işlərini rəsmən həyata keçirib. Bu təşkilat haqda yeganə köklü araşdırmaçı olan Filip Stoddarda görə, “erməni qırğını”nda rol almayıblar. Təşkilatın ilk rəhbəri Hüsaməttin Ərtürk bəy nə məqsədlə qurulmasını belə izah edir: “Bu təşkilatın məqsədi bir tərəfdən bütün İslam ümmətini bir bayraq altına yığmaq, bu surətlə Panislamizmə çatmaqdır. Digər tərəfdən də türk irqini siyasi birlik içində saxlamaq, bu baxımdan da pantürkizmi həqiqət sahəsinə soxmaqdır”.
Bu təşkilatın qurucusunun adı həmişə gizli qalıb, ailə üzvləri qoruma altına alınıb. Soyadı və yaşadıqları yer dəyişdirilib. Soyundan gələn oğlan uşaqlarına gizli təlim keçilərək ya MİT təşkilatına alınıb, ya da bu təşkilat tərəfindən qorunub. FTB-nin əldə edə bildiyi yeganə məlumat təşkilatın Sakaryanın Sapança bölgəsində yerləşmiş olmasıdır.
Çox maraqlıdır ki, nurçuluq hərəkatının yaradıcısı - milliyyətcə kürd olan Səid Nursi 1915-1917-ci illərdə, Birinci Dünya müharibəsi dövründə Qafqaz cəbhəsində könüllü alay komandiri kimi ruslara əsir düşüb.
1917-ci ildə isə əsirlikdən qaçaraq almanlara sığınıb. Almanlar tərəfindən maliyyələşdirilən “İslam birliyi” üçün çalışan gizli əks-kəşfiyyat orqanı “Təşkilati Mahsusa” üzvlərindən biri olub.
Osmanlının kəşfiyyat orqanı sayılan “Təşkilati Mahsusa” Ərəbistan yarımadasında böyük çətinliklə üz-üzə qalıb. Çünki kifayət qədər ciddi maliyyə mənbələrinə sahib ingilis və fransızlar türklərin işini çətinləşdirirdi.
Birinci Dünya müharibəsində təşkilat fəaliyyətə keçmək istəyir. Amma dünyanın ən güclü və peşəkar casuslarından biri sayılan Gertruda Bell, Tomas Edvar Lourens, Kapitan Şekspir və digər xüsusi xidmət orqanı əməkdaşları onlara mane olublar.
AĞ Partiya başqanının müavini Əhəd Məmmədli bu təşkilat haqda “Yeni Müsavat”a bildirdi ki,"Təşkilati Mahsusa" Osmanlı dövründə çox güclü bir xəfiyyə orqanlarından biri idi: “Ümumiyyətə, Osmanlı dünyanın ən güclü kəşfiyyat təşkilatlarına malik idi. Əsasən xəlifə Əbdülhəmidin dövrünə aid idi. O dövrdə İrlandiya respublika hərəkatını ingilislərə qarşı Osmanlı qurmuşdu. Çünki ingilislər ərəblərdən Osmanlıya qarşı istifadə edirdi, türklər də irland üsyanlarını ingilislərə qarşı təşkil edirdilər”.
Ə.Məmmədli danışır ki, Argentinada ingilis səfirin otağından Əbdülhəmidə məktublar üzə çıxmışdı: “Yəni Osmanlı ingilis səfiri belə ”verbovka" etmişdi. O dövrdə Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu da bu təşkilatın üzvü olublar. Amma indi Sedat Peker kimi qeyri-ciddi adamın “Təşkilatı Mahsusa”nın adından istifadə etməsi populizmdir, sui-istifadədir, onun bu quruma heç bir aidiyyəti yoxdur".
Yeni Müsavat
Tarix: 3-06-2021, 08:53