İlaxır çərşənbəni necə qeyd edək? - Evə su gətirilməsindən "Vəsfi hal"a qədər... - SINAMALAR


İlaxır çərşənbəni necə qeyd edək? - Evə su gətirilməsindən "Vəsfi hal"a qədər... - SINAMALAR

“Novruz sisteminin ən təntənəli günü İlaxır çərşənbədir. İlin sonuncu çərşənbəsi şimallı-cənublu Azərbaycanın hər yerində heç bir digər adla yox, yalnız “İlaxır çərşənbə” adıyla deyilir, qeyd olunur.
İlaxır çərşənbə, eləcə də Novruz bayramında maraqlı bir mərasim vardır. İnanca görə, ailənin üzvləri axşam yandırılan tonqalın üstündən hoppanmalı, bununla da köhnə ilin ağrı-acısından xilas olmalıdır. Tonqalın üstündən tullanmaq şərti simvol sayılır, yəni insan həyatın sərtliklərinə dözərək, səbr edərək, ağrı-acısını geridə buraxır, gələcəyə, yaşayıb-yaratmağa ümidlə baxır.
İlaxır çərşənbə təmtərağı ilə digər çərşənbələrdən fərqlənir. Düzdür, əvvəlki çərşənbələrdə də “çərşənbə xonçası” tutulur, tonqal yandırılır və s. Amma İlaxır çərşənbənin növrağı xeyli zəngindir”.
Cebhe.info xəbər verir ki, bunu tarix üzrə fəlsəfə doktoru Bəhmən Fazioğlu deyib.

“Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bəzi bölgələrdə İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir.
Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər”.
Onun sözlərinə görə, axır çərşənbənin gecə mərasimləri də təntənəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işləri görərlər. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər",-deyə o bildirib.
Qeyd eidb ki, kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa əlahiddə bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər əkilib hazırlanar.
B.Faziloğlu İlaxır çərşənbə ilə bir sıra adətlər, ənənələr, sınamalar olduğunu deyib:
“Azərbaycanda bir adət budur ki, həmin çərşənbə axşamında od üstündən üç və ya yeddi dəfə o yan – bu yana atlanar, bununla da insanlar köhnə ilin azar-bezarını, dərd-bəlalarını özlərindən qovub təzə ilə sağlam canla qədəm qoyacaqlarına, gələcək azar-bezardan qorunacaqlarına inanırlar.
Axır çərşənbədə tonqal qalanması, plov dəmlənməsi, səməni, xonça, qapı pusma, şam yandırma, bayramlaşma, fala baxma və bir çox adət-ənənələr var".
O, İlaxır çərşənbə ilə bağlı bəzi falları diqqətə çatdırırıb:
"Axır çərşənbə günü axşam çağı qonşuların qapısını sakitcə pusurlar. Qapıya yaxınlaşarkən eşidilən ilk sözü və ya bir neçə sözü yozub, bəxt haqqında müəyyən mülahizələr söyləyirlər. Məsələn, ilk eşidilən sözlər “işığı yandır”, “yaxşı olacaq” olarsa, il boyu hər şeyin yaxşı olacağı güman edilir. Əksinə, “söndür”, “viran qalsın” və bu kimi sözlər eşidiləndə pis tərəfə yozulur.
Axır çərşənbə gecəsində bir tərəfinə qırmızı, o biri tərəfinə qara qələm qoyulmuş yumurtanı axar suyun qırağında gizlədərlər. Niyyətin baş tutacaqsa, yumurtanın üstünə qırmızı, baş tutmayacaqsa qara xətt çəkilər.
Axır çərşənbə gecəsində kasaya bir az su töküb içərisinə bir ucuna pambıq dolanmış iki iynə salırlar. Əgər iynələr yaxınlaşarsa, ürəyində niyyət tutan adam tezliklə öz sevgilisinə qovuşacaqdır.
Axır çərşənbə gecəsində almanı, qabıqlarını qırmamaq şərtilə, bütöv soyub yeyirsən. Güzgünü həmin qabıqlarla bir yerdə başının altına qoyub yatsan qismətinə çıxacaq adamı görərsən.
Axır çərşənbə gecəsində iki dolça götürüb xəlvətcə birini manşırlayırsan. Dolçaların ikisini də bir uşağa vərib suya göndərirsən. Ürəyində tutduğun qab dolu gələrsə, niyyətinə çatarsan.
Axır çərşənbə gecəsində qızlar arxası qapıya sarı durub, ayaqqabı tayı atarlar. Ayaqqabının burnu qapıya tərəf düşərsə, onu atan qız tezliklə ərə gedər.
Axır çərşənbə gecəsi hamıdan xəlvət bişirdiyin duzlu kökəni yeyib yatırsan. Həmin gecə yuxuda susayanda, qismətin olacaq şəxs sənə su vərər.
İnama görə, bu çərşənbədə torpaq artıq əkinə hazır olur və ona toxum səpmək olar.
Novruzlu günlərdə, xüsusilə İlaxır çərşənbə günü tamaşalar göstərmək də qədim vaxtlardan gəlir.
“Xanbəzəmə” oyun “Xan-xan”, “Xan oyunu”, “Xan yaratdı”, “Şahbəzəmə”, “Şah-şahı” və s. adlarla məzmun oxşarlığına, icra tərzinə görə, müxtəlif variantlarda indi də oynanılır".
İlaxır çərşənbənin ən məşhur mərasimi isə “Vəsfi-hal”dır:
"Göydə ulduz olaydım,
Can gülüm, can, can!
“Vəsfi-hal” mərasimində iştirak edənlər aralığa “dilək tası” adlanan su ilə dolu badya qoyaraq ora üzük, sırğa, sancaq, iynə və s. salıb, ağ yaylığı badyanın üstünə salaraq oxumuşlar:
Araz axar burular,
Can gülüm, can-can!
Suyu daşda durular,
Can gülüm, can-can!
Ürəkdə arzun olsa,
Sənə də toy qurular,
Can gülüm, can-can!
Can gülüm, can-can!
Axır çərşənbə və Novruzda səhər, gün çıxmamışdan qabaq axar suyun üstündən tullanar, evə təzə su gətirərlər. Sübh obaşdan axar suya, bulağa gedər (buna bəzi bölgələrdə “Novbaş” dəyirlər), əl-üzlərini yuyar, bir-birinin üstünə su çiləyər, çillə kəsdirərlər. Bu, mübarək sudur, suyun müqəddəsliyini, qüdrətini tərənnüm edən nəğmələr oxuyar, müxtəlif oyun və əyləncələr icra edərlər.
Ürəklərdə neçə-neçə dilək tutan qız-gəlinlər, cavan oğlanlar, ahıllar niyyət eləyib su üstündən tullanar, “ağırlıqlarını suya tökər”, çillə kəsdirərdilər. Hamı təzə sudan - İlaxır suyundan gətirib evə, qapı-bacaya, həyətə, tövləyə, bərəkət təknəsi təndirə, xırmana, dəyirmana səpər. Belədə il ruzulu olar, bərəkət artar.
İlaxır çərşənbə mahiyyət baxımından bütün çərşənbələrin ümumiləşdirilmiş - yekunlaşdırıcı şənliyidir. Bununla da köhnə ilin yola salınması və Novruzun qarşılanması məhz ilin axırıncı çərşənbəsinə həvalə olunur.
Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı, şəfa versin. Onların qanları, canları hesabına, qəhrəmanlığı, igidliyi hesabına torpaqlarımızı qaytarmışıq. Dua edək ki, işğaldan azad olunmuş torpaqlarımızda bərpa-quruculuq işləri elə bir vüsət alsın ki, otuz ilin işini bir ildə görək. Ağrı-acılara dözək, yaralarımızı sarıyaq. Səfərbər olub bütün çətinliklərin öhdəsindən gələk, vətənimizin güclənməsi üçün daha da əzmkar, mübariz olaq".
İlaxır Çərşənbəniz mübarək olsun!
Tarix: 16-03-2021, 15:09
Xəbəri paylaş



Xəbər lenti