Onlar beynəlxalq müstəvidə əsas söz sahiblərindən biridirlər, dünya iqtisadiyyatının tənzimlənməsində diktə etmək imkanına malikdirlər, zamanı gəldikcə hərbi güclərini də nümayiş etdirirlər, lazımi məqamlarda qadağalar və sanksiyalar da tətbiq edirlər...
Söhbət Amerika Birləşmiş Ştatlarının prezidentlərindən gedir. Amma bütün siyasi, hərbi, iqtisadi gücə malik olmalarına baxmayaraq ABŞ prezidentlərnin özləri də bir sıra qadağalar içərisində yaşayır və fəaliyyət göstərirlər.
Maraqlıdır, ABŞ prezedentlərinə nələr qadağan olunur?
İstənilən vaxt telefonu götürüb yaxınlarına, dostlarına zəng vurmaq, hal-əhval tutmaq ABŞ prezidentləri üçün qadağan olunub. Hər zəng istəyindən əvvəl prezidentlər mütləq şəkildə ABŞ məxfi xidmətinin əməkdaşlarını məlumatlandırmalıdırlar. Yalnız onların “icazə”sindən sonra prezident istədiyi şəxslə telefonla danışa bilər.
ABŞ prezidentləri restoran və kafelərə getməkdən məhrumdurlar. Daha dəqiq desək, prezident sıravi vətəndaşlar kimi hansısa bir restoranda şam etmək fikrinə düşəndə, bu haqda hökmən məxfi xidmət əməkdaşlarına məlumat verməlidir. Prezidentin şəxsi “dequstator”u yeməklərin dadına baxmamış, prezident əlini masaya uzada bilməz. Bununla yanaşı, o, menyudakı istətənilən yeməyi sifariş etməkdən də “məhrum”dur. Çünki menyunu prezidentin həkimi müəyyənləşdirir.
ABŞ prezidentləri övladlarının iştirak etdikləri tədbirlərə getməkdən məhrum ediliblər. Əgər prezidentin oğlu, yaxud da qızı hansısa bir idman yarışında və ya bilik yarışmasında iştirak edirsə, o, digər valideynlər kimi həmin tədbirə gedib öz övladına “azarkeşlik” edə bilməz. Yəqin, bu səbəbdən də bir çox prezidentlərin övladları Ağ Evdə təhsil alıblar, bütün tədbirləri də Ağ Ev çərçivəsində keçirilib.
Ağ Evin sahibləri öz iş kabinetlərində səliqə-sahman apara bilməzlər. Hətta onlara lazımsız məktubları tullamağa, yaxud elektron poçtlarından silməyə icazə verilmir. Bu işləri Ağ Evdə xüsusi əməkdaşlar icra edirlər.
Qadağaların ən “darıxdırıcısı” isə prezidentlərin istər kabinetdə, istərsə də avtomobildə pəncərələri aça bilməməliridir. Beş-on dəqiqə təbii hava almaq üçün prezedentlər xüsusi xidmətin əməkdaşlarından icazə almaq məcburiyyətində qalırlar.
ABŞ prezidentlərinə qoyulan ən ciddi qadağalardan biri də onlara verilən hədiyyələrlə bağlıdır. Prezidentlər qiyməti 375 dollardan yuxarı olan hədiyyələri şəxsi hədiyyə kimi qəbul edə bilməz. Əgər hədiyyənin qiyməti göstərilən məbləğdən yüksəkdirsə, həmin hədiyyə ABŞ Milli Arxivinə təhvil verilməlidir.
Amerika prezidentləri istədikləri vaxt telefonlarını, planşetlərini yenisi ilə əvəzləyə bilməz. Yəni onlar sıravi vətəndaşlar kimi sürətlə yenilənən texnologiyalara dərhal sahib ola bilməzlər. Bunun üçün əvvəlcədən lazımi strukturların mütəxəssis əməkdaşları prezidentin istifadə etmək istədiyi cihazın təhlükəsizlinə tam əmin olmalıdır və yalnız onların icazəsindən sonra prezident yeni cihazdan istifadə edə bilər.
Amerikanın birinci şəxsləri hətta ən təhlükəsiz və komfortlu kommersiya reysləri ilə belə uçuş edə bilməzlər. Bu arzuda olan ABŞ prezidentlərinə düşünmədən “yox” cavabı verilir.
Əgər prezident basketbol, futbol, qolf və digər idman oyunlarını oynamaq istəyirsə, o, bu haqda ən azı dörd saat əvvəldən “yuxarı”ları məlumatlandırmalıdır.
Amerika prezidentlərinə kinoteatrlarda film seyr etmək də qadağan olunub. Onlar hansı filmi arzulayırlarsa, həmin film Ağ Evdə nümayiş etdirilir. Bu qadağa bir çox prezidentlərin heç də ürəyincə olmayıb. Çünki onlar da yaxşı anlayıblar ki, kinoteatrda filmlərə baxmağın effekti tam fərqlidir.
ABŞ prezidentləri məxfi xidmətin bütün tələb və göstərişlərini (təhlükəsizlik baxımından) yerinə yetirməyə bocludur.
Qeyd edək ki, ABŞ məxfi xidməti Təhlükəsizlik Nazirliyinin tabeliyində fəaliyyət göstərən federal agentlikdir. Agentliyin əsas funksiyalarından biri də prezidentin, vitse-prezidentin, onların ailə üzvlərinin, yüksək vəzifəli dövlət məmurlarının, sabiq prezidentlərin və onların həyat yoldaşlarınının, prezidentliyə və vitse-prezidentliyə namizədlərin, həmçinin xarici ölkələrin diplomatik nümayəndələrinin təhlükəsizliyini təşkil etməkdir.
Göründüyü kimi, bir çox güzəşt və imtiyazlara malik olan ABŞ prezidentlərinə tətbiq olunan qadağalar az deyil. Bütün hallarda bu qadağaların tətbiqi mütləq və vacibdir. Çünki tarixdə dövlət başçılarına sui-qəsd halları az olmayıb. Elə Amerika Birləşmiş Ştatlarının tarixində də prezidentləri sui-qəsd nəticəsində öldürülməsi faktları da var.
İlham Cəmiloğlu, Musavat.com
Tarix: 6-03-2021, 16:07