Yola salmağa hazırlaşdığımız 2020-ci il bütün dünya üçün, o cümlədən də Azərbaycan üçün yaddaqalan hadisələrlə zəngin oldu. Azərbaycan 2020-ci ildə 27 ildir işğal altında olan torpaqlarını azad etdi.
Yeniavaz.com xəbər verir ki, dünyanın məşhur nəşrlərindən olan “Forbes” jurnalının hazırladığı hesabatda Qarabağ müharibəsi 2020-ci ildə dünyada baş verən ən önəmil hadisələr arasında yer alıb.
“Forbes” jurnalının analitikləri hesab edirlər ki, 2020-ci ildə dünyada baş verən ən önəmli hadisələr aşağıdakılar olub:
1. Qasım Süleymaninin öldürülməsi - 3 yanvar tarixində ABŞ hərbi hava qüvvələri Bağdada hava hücumu təşkil edərək İranın ən görkəmli hərbi xadimlərindən biri olan general Qasım Süleymanini öldürdü. ABŞ prezidenti Donald Trampın Süleymaninin öldürülməsi üçün şəxsən əmr verdiyi ortaya çıxdı. Buna cavab olaraq İran ABŞ-ın İraqdakı bazalarına raket zərbələri endirdi.
2. “Boeing 737” sərnişin təyyarəsi Tehran səmasında qəzaya uğradı - 8 yanvar tarixində İranın hava hücumundan müdafiə sistemləri Ukraynanın “Boeing 737” mülki sərnişin təyyarəsini Tehran səmasında vurdu. 176 nəfər öldürüldü. Təyyarə Tehran-Kiyev reysini həyata keçirirdi. Əvvəlcə Tehranda təyyarə qəzasının texniki səbəblərdən olduğunu elan etdilər və sonra günahkarları cəzalandıracaqlarını vəd edərək günahlarını etiraf etdilər.
3. Koronavirusdan qeydə alınan ilk ölüm - Çində yeni bir koronavirus infeksiyası nəticəsində ilk ölüm hadisəsi 11 yanvar tarixində bildirildi. Beləliklə, bu günə qədər davam edən dünya üçün olduqca çətin bir dövr başladı - koronavirus infeksiyası dövrü.
4. Rusiya hökumətinin istefası - 15 yanvarda Rusiyada Dmitri Medvedev hökuməti istefa etdi. 16 yanvar tarixində daha əvvəl Vergi Xidmətinə rəhbərlik etmiş Mixail Mişutsin yeni Baş nazir təyin edildi.
5. Brexit - 31 yanvar saat 23:00-da Böyük Britaniyanın Avropa Birliyindən çıxması rəsmən təsdiqləndi. 6. 20 aprel dünya neft bazarları üçün "Qara bazar ertəsi" olaraq tarixə keçdi. Rusiya neft hasilatını tənzimləmək və bazarı sabitləşdirmək üçün tədbirləri dəstəkləməkdən imtina etdi və hasilatı artırdığını bildirdi. Səudiyyə Ərəbistanı hasilatı artıraraq barelini 6-8 dollara satdığını açıqladı. Neft qiymətləri çökdü. Rubl və dünya indeksləri də çökdü.
7. George Floydun öldürülməsi və ABŞ-da irqçilik əleyhinə etirazlar - Mayın sonunda ABŞ-da qaradərili George Floydun öldürülməsindən sonra görünməmiş etirazlar başladı. Polis təxminən on dəqiqə ayağını boynunda tutaraq qara dərili Floydu boğaraq öldürdü. Etirazlar ABŞ-da və dünyada sürətlə yayıldı.
8. İlk özəl şirkətin peyki kosmosa qalxdı - 30 may tarixində Elon Muskun “SpaceX” şirkəti ilk dəfə özəl bir şirkət olaraq “Crev Dragon” peykində astronavtları Beynəlxalq Kosmik Stansiyaya aparmaq üçün kosmosa uçdu. Bu tarixi hadisəni “Twitter”də 16 milyon insan izlədi.
9. Belarusda prezident seçkiləri - Avqust ayında Belarusda prezident seçkiləri keçirildi. Gözlənildiyi kimi dörddə bir əsrdən çox hakimiyyətdə olan Aleksandr Lukaşenko prezident seçildi. Əsas rəqibi Svetlana Tixanovskaya rəsmi olaraq 10% səs topladı. Nəticədə Belarusda siyasi böhran başladı. 10 avqustda Tixanovskaya Belarusdan ayrıldı və Qərbin köməyi ilə Lukaşenkoya qarşı mübarizəyə başladı.
10. Rusiya dünyada ilk koronavirus peyvəndini hazırladı - 11 avqust tarixində Rusiya dünyada ilk dəfə koronavirusa qarşı "Sputnik V" adlı bir peyvənd hazırladığını açıqladı. Bu barədə Rusiya Prezidenti Vladimir Putin açıqlama verib. Putin qızlarından birinin peyvənd olunduğunu və özünü yaxşı hiss etdiyini bildirdi.
11. Navalnının zəhərlənməsi - 20 avqust səhəri Tomskdan Moskvaya qayıdan Rusiya müxalifətinin lideri, bloger Aleksey Navalnının təyyarədə özünü pis hiss etdiyi məlum oldu. Təyyarə Omskda təcili eniş edib və Navalny Omsk xəstəxanasına aparılıb. Orada komaya düşən Navalnını Berlindəki “Charite” xəstəxanasına aparıblar. Bir müddət sonra Navalnının "Noviçok" maddəsi ilə zəhərləndiyi açıqlanıb.
12. Qarabağ münaqişəsinin böyüməsi - 27 sentyabrda Qarabağ münaqişəsi yenidən başlayıb. Dondurulmuş münaqişə yenidən gərginləşib. 44 gün davam edən müharibə 10 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanan üçtərəfli bəyanatla sona çatıb. Rusiya sülhməramlı qüvvələri Qarabağ zonasında yerləşdirilib.
13. ABŞ-da Prezident seçkiləri - ABŞ-da prezident seçkiləri ilin ən əhəmiyyətli dünya siyasi hadisələrindən biri sayıla bilər. 3 noyabrda baş tutan seçkilərdən sonra Demokrat namizəd, ABŞ-ın keçmiş vitse-prezidenti Co Baydenin qalib gəldiyi açıqlandı.