Azərbaycan Ordusu 27 sentyabrdan başlayaraq işğal olunmuş ərazilərin geri alınması uğrunda rəşadətli döyüş aparır. İşğal olunmuş ərazilərdə saysız-hesabsız sərvətlərimiz, tarixi, dini, mədəni abidələrimiz, bulaqlarımız var. Kəlbəcər rayonunda yerləşən “İstisu” bulağı bunlardan biridirdır.“İstisu” Kəlbəcərin qərb hissəsində silsilə dağ yamaclarında, dəniz səviyyəsindən 2225 metr yüksəklikdədir. “İstisu” mineral bulaqları 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması, çatlaması nəticəsində əmələ gəlib. Suyun tərkibi hipertermal, karbon qazlı, hidrokarbonat - xlorid - sulfat – natriumdan ibarətdir. Bulağın mineral suları özlərinin əlverişli qaz və kimyəvi tərkibinə, yüksək temperaturuna, böyük təbii ehtiyatlarına görə xüsusilə fərqlənir. Onun suları ilə insanın həm xarici, həm də daxili xəstəlikləri müalicə etmək mümkündür.
“İstisu” bulağı üstündə 80-ci illərdə iri kurort və mineral sudoldurma zavodu tikilib. Həmin zavod sutkada 800 min litr su istehsal edirdi.
Mövzu barədə
Modern.az-a danışan Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədovbunları qeyd edib:
“Kəlbəcərin “İstisu”yu dünya səviyyəsində tanınmış mineral sudur. Çox xəstəliklərə dərman olur. Kimyəvi tərkibinə görə bəlkə də dünyada birinci yerdədi. Kəlbəcər rayonunda yerləşən “İstisu” on iki bulaqdan ibarətdir. Orada iki zavod, bir sanatoria fəaliyyət göstərirdi. İl ərzində “İstisu”ya 50 mindən çox insan istirahətə gedirdi. Təxmini hesablamalara görə, 1 sutkada 3000 kub su çıxardı. Amma o dövrdə həmin sudan sadəcə 10% istifadə olunurdu. Bildiyimiz kimi, mənfur düşmənlər həmin suyu dünya bazarına öz brendləri kimi çıxarır və yüksək qiymətə satırdılar. İnşallah, işğaldan azad olunandan sonra lazımi səviyyədə müasir avadanlıqla, yeni zavod tikməklə oradan çıxan suyun hamısını istifadə edə bilsək, ölkəmizin iqtisadiyyatına güclü təsir edəcək”.
Tarix: 6-11-2020, 16:10