Azıx mağarası ilə bağlı yanlış TƏQDİMAT

Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ ərazisində yerləşən dünya əhəmiyyətli arxeoloji abidə - ilk insan məskənlərindən biri olan Azıx mağarası bəzi hallarda ictimaiyyətə yanlış təqdim olunur. Yanlışlıq Azıx mağarasının yerləşdiyi ərazinin təqdimatı ilə bağlıdır. Belə ki, mətbuatda və ya digər yazılı mənbələrdə Azıx mağarasının gah Füzuli, gah da Xocavənd rayonu ərazisində yerləşdiyi qeyd olunur.

Tarix elmlər doktoru, professor Kərim Şükürov Modern.az-a açıqlamasında bildirib ki, Azıx mağarası hazırda Xocavənd rayonu ərazisində yerləşir.

“1991-ci ilin noyabrında Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv edilərək, Azərbaycanda yeni inzibati-ərazi bölgüsü yaradıldı. Bu bölgü zamanı keçmiş Hadrut və Martuni rayonlarının ərazisində Xocavənd rayonu yaradıldı. Və bunununla da məşhur Azıx və Tağlar mağaraları Xocavənd rayon ərazisində qaldı. Azıx mağarası dünya əhəmiyyətli abidələrimiz sırasına daxildir. Vaxtilə 16-cı əsrin sonu 17-ci əsrin əvvəllərində Xaçın knyazlığı parçalanaraq, orada 5 məliklik yaranıb. Xocavənd rayonu həmin Vərəndə və Dizak məlikliklərinin ərazisini təşkil edir.
Azıx mağarası keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ərazisinə düşdüyünə görə düşmən bundan sui-istifadə edib, onu dünyaya erməni abidəsi kimi qələmə verib”.

Tarixçi alim deyir ki, Xocavənd rayonu ərazisində yerləşən Azıx mağarası xəritədə Füzuli rayonuna yaxın olduğundan bəziləri onun yerini yanlış təqdim edirlər ki, bu da yolverilməzdir.
Tarix: 4-11-2020, 07:59
Xəbəri paylaş



Xəbər lenti