Bahadur Seyidov: “Bizim kanalımız xarici dildə olsaydı, 5-6 milyon baxış sayı ilə ayda 5-6 min dollar pul qazana bilərdik”
İnternet əsrinin, sosial şəbəkələr dövrünün müsbət tərəflərindən biri də odur ki, bu sosial platformalarda yeni fəaliyyət sahələri yaranır, yeni istedadlar tanınmağa başlayır. Günümüzdə dünyanın əksər ölkələrindən “YouTube” video portalından pul qazanmaq çoxsaylı insanın əsas gəlir mənbəyinə çevrilib.
Bəs, Azərbaycanda necə, “YouTube”dan pul qazanan varmı? Bu işlə məşğul olanlar öz zəhmətlərinin müqabilində lazımi şöhrəti və pulu qazana bilirlərmi? AYNA mövzu ətrafında tanınmış azərbaycanlı bloqçu, “Demədi demə” adlı “YouTube” kanalı ilə tanınan Bahadur Seyidovla söhbətləşib.
“ATV telekanalında işləyirdim əvvəllər, orada sənədli filmlər çəkirdik. Orada sənədli filmlər çəkə-çəkə, mən montaj proqramını öyrəndim. Sonra elə həmin filmin həm redaktoru oldum, həm rejisoru oldum, həm də ssenarsini yazırdım. Elə həmin vaxt yavaş-yavaş videolar hazırlamağa başladım. Orda özümə uyğun da sujetlər hazırlayırdım. 2012-ci ildə öz “YouTube" kanalımı açdım, hansı ki, onlar televiziyaya gedə bilməz. Öz şeirlərim var idi, yazdığım köşə yazıları var idi, onlardan video hazırlayırdım. Və bunları “YouTube” kanalıma baza kimi hazırlamaq qərarına gəldim”, - müsahibimiz deyir.
O, daha sonra - 2014-cü ildə öyrənib ki, bundan böyük qazanc əldə edənlər var: “Həmin axt Ruhi Cinnət adlı bir youtuber var idi, onun videolarına baxdım. Bu sənət haqqında öyrəndim. Elə həmin ərəfələrdən başladım bu sahə ilə maraqlanmağa. Bəzi kanallar açdım, həmin vaxt məşhur idi, meyxana kanalı açdım, bir-iki video yerləşdirdim, alınmadığını müşahidə elədim. Sonradan isə 2016-cı ildə bir layihəm var idi - “Demədi demə". Maariflənfirici, az bilinən məlumatları əhaliyə təqdim eləmək mahiyyəti daşıyırdı. Bunu televiziyaya təqdim edəndə onlar üçün maraqlı gəlmədi, mən də düşündüm ki, bunu “YouTube” üzərindən aparım”.
“2016-cı ilin sentyabrında ilk “Demədi demə" verlişini çəkdim, qısa bir veriliş idi. Sonra da layihələrin davamı gəldi və mən artıq 4 ildir ki, hər gün videolar çəkib paylaşıram. Bu işdən gəlir əldə edirəm, çünkü 4 ildir artıq bu işlə məşğul oluram. “YouTube” üzərindən gəlir əldə etmək iki yöndədir: Bunlardan biri “Google AdSense”dən əldə edilən gəlirdir. Digəri də reklam üzərindən əldə edilən gəlirdir. Bu gün mənim yarım milyondan çox abunəçim var. Ay ərzində 5-6 milyon izlənməsi olur videolarımın. Bu da kifayət qədər ciddi bir rəqəmdir. Buna görə də reklam verənlər bizimlə işləməyə maraqlı olur. Böyük maliyyə sahibi olan şirkətlər var ki, biz maarifləndirici videolar çəkərkən maliyyə ayırmağa qərar verirlər”, - Seyidov bildirir.
Bloqçu Azərbaycanda bloqerliklə gəlir əldə etməyin xaricdəki qədər rahat olmadığını qeyd edir: “Azərbaycan şərtləri üçün normal hesab oluna bilər. Amma mən ilk vaxtlarda təkcə özüm özümü çəkirdimsə, montajını da özüm edirdimsə, artıq hal-hazırda montajçı ayrıdır, operator ayrıdır, redaktorumuz da, tərcüməçimiz də var. Yəni böyük bir komanda ilə işləyirik. Mini bir şirkət şəklindəyik. Amma mən hal-hazırda əldə olunan gəlirin böyük bir hissəsini işim üçün yatırım edirəm. Həm texniki avadanlıqların artırılmasına, həm işçilərin maddi durumunun yaxşılaşdırımasına vəsait ayırırıq. “YouTube”un özündən pul qazanmaq o qədər də asan deyil. Tutaq ki, bizim kanalımız xarici dildə olsaydı, 5-6 milyon baxış sayı ilə biz ayda 5-6 min dollar pul qazana bilərdik, amma bu rəqəm Azərbaycan üçün 600-700 dollardan o tərəfə keçmir”.
“Bununla da ancaq şəxsi keçimini təmin etmək olur, ofis komandasına yetmir. Bizim əsas gəlir yerimiz partnyor şirkətlərdir, böyük şirkətlər var - hansı ki, bizimlə işləmək istəyirlər. Onlar reklam üçün bizimlə işləyirlər və biz də təbii ki, bizim maarifləndirmə yönümlü işimizə uyğundursa, bu zaman reklamları qəbul edirik və bundan da büdcə yığırıq”, - həmsöhbətimiz vurğulayır.
Bahadur Seyidov bloqerlik üçün əsas şərtin analitik qabiliyyət, yaxşı təqdimetmə bacarığı olduğunu diqqətə çatdırır: “Mənim və komandamın işlətdiyi “Demədi demə" kanalından əlavə, 30-a yaxın komanda var. Mən bu ölkədə bu işin ən yaxşı bilicisi hesab edirəm özümü və bu işlə məşğul olmaq istəyənlərə də tövsiyələrim var. Bu iş bilindiyi qədər də asan iş deyil, hər kəsin kanal açıb böyüdə biləcəyi bir iş deyil. Bu iş yüksək zəhmətdən əlavə, analitik qabiliyyət tələb edir, publikanı tanımaq tələb edir. Bu işlə məşğul olarkən publikanı yaxından tanımaq lazımdır, publika hansı başlığa reaksiya verəcək, hansı şəkildə təqdim etməlisiniz, videoda lakonikliyi qoruyacaqsız, dinamikanı qoruyacaqsız, kadrlar tez-tez dəyişməlidir, tamaşaçı standart kadrlardan bezir və s. Format dəyişilməlidir, ənənəvi televiziya formatından kənar olmaldır, bir qədər maarifləndirmə işi olsa da, şou da qatılmalıdır. Yəni ən əsası təqdimatdır. Bildiyin bir şeyi təqdim etmək qabiliyyəti olmalıdır”.