“"Rusiya dağılacaq" deyənlərin və Rusiyanın dağılacağını göz önünə gətirib plan quranların səhv olduğu qənaətindəyəm. Əminəm ki, bu heç vaxt (ən azı yaxın tarixdə) olmayacaq və gələcəyimizi bu mülahizə ilə qurmaq lazım deyil”. Pravda.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.
A.İsmayılov qeyd edib ki, əgər Rusiyanı dağıtmaq lazım olsaydı, ABŞ bunu 1990-cı ilin əvvəllərində çox asan edə bilərdi, ancaq bilərəkdən etmədi və etməyəcək: “Bu gün dünyanın supergücü sayılan ABŞ-a Rusiyanı parçalamaq heç cür sərf eləmir, ona görə ki, Rusiya ABŞ üçün elə də böyük təhlükə deyil və yaxın gələcəkdə ümumiyyətlə olmayacaq. Bu gün ABŞ üçün ən böyük təhlükə Çindir. Ona görə də Rusiya özü belə parçalansa, həmin güclər buna imkan verməz, çünki gözəl bilirlər ki, belə olacağı təqdirdə Rusiyanın Şərqini Çin işğal edəcək və bundan sonra orada olan təbii resurslarla birlikdə dünya Çinin qarşısında aciz qalacaq. Rusiyanın mövcudluğu ABŞ üçün həmçinin Avropanı əldə saxlamaq üçün lazımdır. Çünki, gözəl bilirlər ki, Rusiya olmayacağı təqdirdə Avropa İki Dünya Müharibəsindən sonra ABŞ-dan yaranmış asılılığına son qoya bilər və tam müstəqil siyasət yürütməyə başlaya bilər. Avropa Birliyinin əhalisini və iqtisadiyyatını nəzərə alsaq bu gedişat ABŞ hegemonluğunun maraqlarında deyil. Hesab edirəm ki, Rusiya maksimum zəiflədilib idarəediləcək duruma salınacaq. Ona görə də biz Rusiyanın qonşuluqda hələ uzun illər olacağını göz önünə gətirib gələcəyimizi onunla qonşu münasibətlərini saxlamaqla qurmalıyıq. Bu, həm də ona görə vacibdir ki, Rusiya dibi görünməyən xəzinədir və ondan yararlanmaq bizə ancaq xeyir gətirər”.
Tarix: 24-09-2020, 09:17