ABŞ-ın sirrini açan kəşfiyyatçı: Yaxud atom bombası SSRİ-yə necə gəldi?


ABŞ-ın sirrini açan kəşfiyyatçı: Yaxud atom bombası SSRİ-yə necə gəldi?

1944-cü ildə SSRİ-yə misli-bərabəri olmayan layihə ötürüldü - Manxetten layihəsi. Layihənin məqsədi atom bombasının yaradılmasından ibarət idi. Layihəni SSRİ-yə ötürməyi "Martin Kemp" ləqəbli amerikalı alim, əslində isə, sovet kəşfiyyatçısı Artur Aleksandroviç Adams bacarmışdı. Həmin ildən sonra SSRİ öz atom bombasını yaratdı və bununla da ABŞ öz yeni silahına görə olan monopoliyasından məhrum oldu.
Cebhe.info "Lenta.ru"-ya istinadən Sovet kəşfiyyatçısı Adamsın sirli həyatından yazır.
...Əlbəttə, bu çox böyük risk idi, amma cəsur Adams bunu bacarmağa müvəffəq olmuşdu...
...1945-ci ildə ABŞ-ın Federal Axtarış Bürosunun əməliyyatçıları 70 yaşlı amerikalıya bənzəyən Martin Kempi, əslində isə Adamsı izləyirdilər. Hər gün də eyni hadisəni müşahidə edirdilər. Lakin bir gün Spaniel adlı iti ilə gəzintiyə çıxan Adams yoxa çıxır. Əməliyyatçılar onun izini itirirlər. İt mənzilə tək qayıtmışdı. Axtarışlar heç bir nəticə vermir və bir müddət sonra Federal Axtarış Bürosunun əməliyyatçıları Adamsı həmişəlik itirdiklərini anlayırlar.
Niyə Rusiyanı seçdi?
Adams 1885-ci ilin 25 oktyabrında İsveçin Eskilstun şəhərində anadan olub. Atası əslən isveçli idi və mühəndis işləyirdi. Anası isə əslən yəhudi idi, ixtisasca isə müəllim olub. Üç ogul böyüdən ana 1891-ci ildə həyat yoldaşı vəfat edəndən sonra övladları ilə Rusiyaya köçüb. Ana ona görə Rusiyanı seçmişdi ki, orada ana tərəfdən qohumları yaşayırdı.
4 il sonra isə, yəni 1895-ci ildə Adamsın anası da ağır xəstəlikdən vəfat edir. Bundan sonra 10 yaşlı Adamsı atasının dostu himayəsinə götürür. Həmin kişi mühəndis idi və Peterburq ətrafında yaşayırdı.
Adamsın təhsili
1899-cu ildə Adams Kronştadt şəhərinə yollanır. Məqsədi dənizci olmaq idi və orada Baltik Donanmasının siniflərində dəniz mexaniki peşəsinə yiyələnir. Orada həmçinin Rusiya Sosial Demokrat Fəhlə Partiyasının təşkil etdiyi siyasi dərnəklərdə də fəal iştirak edir.
İlk iş yeri Diplom alandan sonra Adams əmək fəaliyyətinə Nikolayev şəhərindəki zavodda başlayır və orada baş verən tətillər Adamsın işdən qovulmasına gətirib çıxarır. Sonra isə o, Xersonda emalatxanada işə düzəlir.

Yollarda…
O, inqilabi fəaliyyətini davam etdirməkdən çəkinmir və buna görə də bir dəfə polislər tərəfindən bərk döyülür. 1905-ci ildə isə sürgünə göndərilməsi haqqında qərar verilsə də, sonradan yaşının az olduğuna görə 6 il azadlıqdan məhrum edilir. Bu dəfə də şansı gətirən Adams ay yarımdan sonra amnistiyaya düşür. Amma yenə də inqilabi fəaliyyətə dair ideyalarından çəkinmir.
1906-cı ildə Xersona qayıdır və yenə də polislər tərəfindən tutularaq Olonetsk quberniyasına göndərilir. Burada da ideyalarından əl çəkmədiyinə görə tutulur və bu dəfə gənc inqilabçını Yakutiyaya göndərməyi qərara alırlar.
Yolboyu Adams qaçmağı, qurtulmağı fikirləşir və buna nail olur, qaçır və bu dəfə Peterburqa yollanır.
Sonra isə saxta sənəd düzəltdirir və Boris Timçenko adı ilə Finlandiyaya qaçır. Çox keçmir ki, oradakı nəhəng elektrik şirkətinə işə düzəlir. İşlə əlaqədar öz briqadası ilə xarici ölkələrə də gedir. İtaliya və Misirdə, daha sonra Argentinada olur. Argentinada olarkən Buenos-Ayresdə montajcı işinə düzəlir və orada da inqilabi fəaliyyətini davam etdirir. "Avanqard"rus klubuna üzv yazılır. Buna görə də yenə tutulur və ölkədən qovulur.
Amma bir müddətdən sonra yenə də Buenos-Ayresə qayıda bilir. İşlədiyi şirkətin baş mühəndisi ona bütün əməkhaqqını ödəyir və ABŞ-a getməyi tapşırır. Çünki oradan Argentina üçün hazırlanmış iki gəminin gətirilməsini ona tapşırılır.
Adams ABŞ-da
1908-ci ildən Adamsın ABŞ-dakı həyatı başlayır. Əvvəlcə Massaçusets ştatında, sonra isə Nyu-Yorkda yaşayır və işləyir. Sonra isə dostunun dəvəti ilə Kanadanın Toronto şəhərinə yollanır.1913-cü ilə kimi burada yaşayır, yerli vətəndaşlıq və mühəndis-konstruktor diplomu alır.
Rusiyaya dönüş
1916-cı ildə Kanadadan ABŞ-a qayıdır və ABŞ Ordusunda xidmət edir. 3 il hərbi xidmət edir və mayor rütbəsi ilə hərbi xidmətini başa vurur.
Uğurlarına və məişət şəraitinin yaxşı olmasına baxmayaraq, o, Rusiya üçün darıxır. Buna görə də fürsət tapan kimi ABŞ-dakı Rusiya nümayəndəliyində texniki şöbədə işə düzəlir.
Sevirdi…
Adamsın gələcək həyat yoldaşı Dorote Kin də burada işləyirdi və onların sevgisi 12 il sonra rəsmiləşdi. Dorote immiqrant qızı idi və makinaçı işləyirdi.

Yenidən Rusiyada
1921-ci ildə Adamsın arzusu gerçəkləşir və o, Dorote ilə Peterburqa, sonra isə Moskvaya gedir.
Dorote orada "Nyu-York Tayms" qəzetinə makinaçı işinə düzəlir. Adams isə Moskva Avtomobil Birliyinə (sonralar ZİL) direktor təyin edilir.
Adams külli miqdarda maşın istehsal etdirmək istəyirdi, buna görə də zavodda "dəmir" intizam yaratmışdı. Bu isə işçiləri qane etmirdi və zavodda ciddi narazılığa səbəb olurdu. Çox keçmir ki, Adams 1923-cü ildə öz ərizəsi ilə işdən çıxmalı olur.
Min dollarlıq əfsanə və kəşfiyyatçı təklifi
Sonrakı 10 ildə də digər avtomobil zavodunda işləyir və ABŞ, Almaniya kimi ölkələrə ezamiyyətə gedir. Onun texniki savadı və ingilis-fransız dillərini bilməsi kəşfiyyat idarəsinin rəisi Yan Berzin tərəfindən yüksək dəyərləndirilir və onu ABŞ-a kəşfiyyatçı kimi göndərməyi qərara alır. O zaman Adamsın 50 yaşı var idi.
1935-ci ilin sonlarında Adams "Axill" ləqəbi götürür və arvadı ilə birlikdə Kanadaya, oradan isə ABŞ-a gəlir. Adamsa burada kömək edənlərdən biri onun köhnə tanışı, kiçik firma sahibkarı idi.
Onun köməkliyi ilə Adams maşın mühəndisi kimi çalışır və həftəyə 75 dollar qazanır. Həmçinin "New Masses" kommunist jurnalında da işləyir.
Bundan sonra isə "Texniki laboratoriya" adlı firma açır və burada radioötürücülər hazırlayır.
Bu işinə görə kəşfiyyatçı xüsusi xidmət orqanlarının diqqətini cəlb etməyəcək səviyyədə müxtəlif məlumatlar toplaya bilir. Bu asan olmasa da, Adams işin öhdəsindən gəlməyin yollarını tapır. ABŞ Ordusu haqqında məlumatları Rusiyaya ötürür.
Martin Kempin sirləri
Bu missiyanı Adams başa vurmamış onu həbsə alırlar- ABŞ-da yox, SSRİ tərəfindən. Çünki Adams maşın avadanlıqlarının maxinasiyasında günahlandırılırdı. 1 ildən sonra ABŞ-a qayıdan Adams bu dəfə tək gəlir, belə ki, arvadının atası repressiyaya məruz qaldığından Dorote Moskvada qalmalı olmuşdu.
ABŞ-a gələndən sonra "Eskulap" ləqəbli kimyaçı ilə tanış olur.
Onun vasitəsi ilə 1944-cü ildə Manxetten layihəsi ilə tanış olur. O, ABŞ-ın Yaponiya şəhərlərinə bomba atacagını və SSRİ-nin də bundan ziyan görəcəyini öyrənir.
Sonralar yazırdı ki, mən öz işimlə gələcəyi qorumaq istəyirəm. Onun məxfi materialları Rusiyaya ötürməsi sovet kəşfiyyatına çox şey verdi.
Onun birdəfəlik Rusiyaya dönüşü isə 1946-cı ildə olur. Sonralar TASS-da siyasi icmalçı işləməyə başlayır. Öz övladı olmayan Adams arvadı Dorote ilə ölmüş ingilis kommunistinin uşağını oğulluğa götürür.
Əfsanəvi Sovet kəşfiyyatçısı 1969-cu il yanvarın 14-də vəfat edib və Moskvadakı Novodeviçye qəbiristanlığında dəfn edilib. Həyat yoldaşı isə bir neçə il ondan sonra dünyasını dəyişib. İndi onların qəbri qoşadır və bu Dorotenin son arzusu olub.
1999-cu ildə isə Adamsa ölümündən sonra "Rusiya Qəhrəmanı" fəxri adı verilib.
Tarix: 18-09-2020, 19:49
Xəbəri paylaş



Xəbər lenti