Fatimə Bhutto“Foreign Policy”, 05.09.2020 Türkiyənin məşhur televiziya serialı “Diriliş: Ertuğrul”-un 27 yaşlı ulduzu Esra Bilgiç “İnstaqram” səhifəsində bleyzer və büstqalterli şəklini yerləşdirəndə, kollektiv şikayətlərin olacağı ağlına da gəlməzdi. Ərtoğrul Qazi ilə evli şahzadə Həlimə Xatun və nəhayət, Osmanlı İmperatorluğunun qurucusu Osmanın anası rolunu oynayan Bilgiç minlərlə şərh alıb, ancaq pərəstişkarlarının böyük hissəsinin “comment”-i mənfi olub. “Dünən axşam gördüyüm Həlimə Sultan haradadır?” – deyə bir şərhçi həmvətənlilərinin təəssüfünü təkrarlayaraq aktrisadan tövbə gözlədiyini qeyd edib. “Allah bu əməliniz barədə soruşanda, nə edəcəksiniz?.. Pakistandan sevgi ilə”.Türk “dizi”ləri – televiziya serialları dünya miqyasında yayılması baxımından ABŞ-dan sonra ikinci yerdədir. Türk dili fransız, ispan və Çin dilini qabaqlayaraq ən populyar dildir.
2014-cü ildə çəkilişləri başlayan “Ərtoğrul” ilk olaraq “Netflix”-də populyar olub və o vaxtdan etibarən 72 ölkədə yayım lisenziyası alıb.
Final seriya TRT-də yayımlandıqda, Osmanlının Konstantinopolu fəth etməsinin və Bizans İmparatorluğunun süqutunun ildönümündə, daha çox insan “YouTube”-da “Ərtoğrul”u axtarıb, “Game of Thrones” personajı Con Snoudan daha çox.
Serialda, XIII əsr Anadolusunda, Qayı tayfasına rəhbərlik edən Ərtoğrul bizanslılar, səlibçilər və monqollarla döyüşür. Bu, bütün Türkiyənin və müsəlman dünyasının xəyallarını və narahatlıqlarını canlandıran möhtəşəm bir dramdır.
Engin Altan Düzyatanın canlandırdığı Ərtoğrul müsəlman dünyasının oğullarının heç vaxt alçaldılmadığı bir dövrdə yaşayır. Məhəmməd peyğəmbərin Allah kəlamını qəbul etməsindən təxminən 600 il keçib və İslamın hökmranlığı İberiyadan Hind çayına qədər genişlənib, Yer üzündə hömran olmağa hazırdır…
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan şounun “millətin qəlbində taxt qurduğunu” bildirib və serialın coşğulu dəstəkçidir. Prodüser Kemal Tekden AKP üzvüdür, şounun yaradıcısı Mehmet Bozdağ da AKP üzv deyilsə də, onun açıq pərəstişkarıdır. Məhkəmənin Bizans kilsəsinin muzey statusunu ləğv etməsindən sonra Ərdoğan və kabinənin Ayasofyada ilk namazı qılmasından sonra o, “Səksən altı illik həsrət sona çatdı” tviti yazıb.
Cənubi Afrika parlamentinin üzvü, Nelson Mandelanın nəvəsi çəkiliş meydançasınıa baş çəkib və Venesuela prezidenti Nikolas Maduro Qayı tayfası geyimində fotoşəkil çəkdirib. Bozdağ Maduronun serialdan təsirləndiyini, səfərdən sonra İslamı qəbul etməyi düşündüyünü iddia edib.
Pakistan “Ərtoğrul” isteriyasında özünü itirən ilk ölkə deyil. Urdu, serialın ərəb, ispan və rus dillərindən sonra dublyaj edildiyi dördüncü dildir, lakin o, geniş geosiyasi təsirlərə malikdir. Pakistan və Türkiyə uzun müddətdir bir-birlərinə hörmət bəsləyir və bir-birini “qardaş ölkələr” adlandırırlar. 1947-ci ildə qurulduqdan sonra Türkiyə Pakistanı tanıyan və BMT üzv olması üçün lobbi fəaliyyəti göstərən ilk ölkələrdən biri idi.
Müstəqilliyindən əvvəl də Osmanlıya dəstək olaraq 1919-1922-ci illərdəki Xilafət Hərəkatı altında birləşib. Xilafət – qlobal müsəlman birliyinin simvolu idi və Mustafa Kamal Atatürk son sultan olan VI Mehmedi taxtdan saldıqdan sonra hərəkat dağılsa da, Hindistan yarımadası müsəlmanları son dövrədək imperatorluğa maddi yardım göndəriblər.
Asiya qitəsi məzhəb çəkişmələri, dini ekstremizm və geosiyasi dəyişikliklərlə mübarizə apararkən, Səudiyyə Ərəbistanının İranla rəqabəti və dünyəvi köklərindən uzaqlaşaraq hindu majoritarizminə doğru gedən Narendra Modinin Hindistanı və yüksələn Çin təsirinə məruz qalan Pakistan Səudiyyə vəhhabiliyinin daha sərt alternativindən uzaqlaşaraq İslamda özünəməxsus markası olan Türkiyəyə yaxınlaşır.
İkitərəfli münasibətlər siyasi, hərbi və iqtisadi əlaqələrə yönəlsə də, bu gün Pakistan və Türkiyə mədəni əlaqələrini dərinləşdirir. “Ərtoğrul”un Pakistandakı populyarlığı təsadüfi deyil. “Mühteşem Yüzyıl” və “Ask-i Memnu” da böyük hitlər idi. Amma sonuncu serialın finalını 55 milyondan çox insan izləyib – bu ölkə əhalisinin təxminən dörddə biridir. Pakistan tarixində ilk dəfə idi ki, xarici bir film bu qədər yüksək baxış rəqəmi yığırdı.
Əvvəlki “dizi”lərdən fərqli olaraq, “Ərtoğrul”un populyarlığı daha dərin bir siyasi əhəmiyyətə malikdir. Bütün standart səbəblərdən o, tamaşaçıların xoşuna gəlir.
“TRT World”-un pakistanlı icraçı prodüseri Şəhriyar Mirzə bildirib: “Bu gün Pakistanın mədəni həyatında Qərb daha böyük əhəmiyyətə malikdir. Ölkə Türkiyə, İran, Səudiyyə Ərəbistanı və başqaları arasındakı siyasi mübarizə meydanında yerləşir. Pakistan qırılma xəttidir… Doğulduğu gündən bu günə qədər çılpaq şəkildə fərqli istiqamətlərə yönəlib”.
Pakistan “Ərtoğrul”un “YouTube”-dakı qlobal auditoriyasının 25 faizini təşkil edir. PTV baş nazir İmran Xanın tələbindən sonra “Ərtoğrul”un ilk mövsümünü Ramazan ayında yayımlamağa başlayıb. Xan çıxışlarında və moizələrində şoudan tez-tez bəhs edir. Bu yaxınlarda o, Hollivud və Bollivud vasitəsilə Pakistana sirayət edən “üçüncü mədəniyyət”i tənqid edib. “Romantik və tarixi mədəniyyətimiz var. Bununla birlikdə, o, İslami dəyərlərlə də doludur”.
TRT “Ərtoğrul”u Pakistana lisenziyasız olaraq hədiyyə edib; bu, daha çox nəticəsi olan bir jest idi.
May ayının son həftəsində PTV “YouTube”-un dünyada ən çox izlənilən 33-cü kanalı idi. Şəhriyar Mirzə türklərin Pakistanın sevgisini qazanmasının mədəni bir hədəf olması fikri ilə razılaşmır, “amma əvvəllər olmasa da, yəqin ki, indi elədir”, – deyir. “Ərtoğrul”un yaradıcısı və ssenari müəllifi olan Bozdağ ölkələrin ayrı-ayrı sərhədləri olsa belə, “ruhlarının bir millət olduğunu” qeyd edərək, Pakistanla Türkiyə arasında “dünyanı sarsıdan müqavilələr” vəd edib.
“Mən bunu Hollivud və ya Bollivud, ya da İslama nifrət edən birisi üçün etmirəm. İslam sənətini və İslam dünyasını yenidən tanıtmalıyıq, çünki bu mədəniyyət və tarix Tac Mahaldan Əlhambraya qədər yayılıb. Bu gün bütün dünyaya İslamın gözəl simasını tanıtmalıyıq”.
Tezcırnayan Ərdoğan evdə mübahisə doğura bilər, amma xaricdə, kim onu bəyənsə də, yaxud nifrət etsə də, on illərdir müsəlman dünyasında mövcud olmayan harizmaya sahibdir. Səudiyyə Ərəbistanını kənarlaşdıraraq, o, sünni müsəlmanların lideri olaraq Türkiyəni tarixi roluna qaytarmaq istəyir. Axı məhz VI Mehmedin taxtdan salınmasından sonra Səud Evi Məkkə və Mədinədəki iki müqəddəs məscidə qəyyumluq etməyə başlayıb. Osmanlı İmperiyası bir vaxtlar iki məscidin qəyyumu və dolayısı ilə 400 il İslam ümmətinin faktiki lideri idi – bu, Ərdoğanın geri qaytarmağa çalışdığı mövqedir.
Avqust ayında, Səudiyyə Ərəbistanının əsas müttəfiqi olan Birləşmiş Ərəb Əmirlikləri İsrailin tanıdığını elan etdikdə, Ərdoğan diplomatik əlaqələri kəsəcəyini və Türkiyənin Əbu-Dabidəki səfirini geri çağıracağını bildirib. Fevral ayında Pakistan parlamentində çıxış edərkən, o, Hindistan baş naziri Narendra Modinin Kəşmiri mühasirəyə almaqda ittihamlayıb. “Gelibolu ilə Kəşmir arasında heç bir fərq yoxdur”, – deyən Ərdoğan kəşmirlilərin mübarizəsini Osmanlı İmperiyasının Birinci Dünya müharibəsi dövründə Müttəfiq güclərə qarşı mübarizəsi ilə müqayisə edərək gurultulu alqışlar qazanıb.
Səudiyyə Ərəbistanı ilə Türkiyə arasındakı qarışıdurma çoxsaylı cəbhələrdə gedir və Pakistan özünü tamamilə ortada görüb. Pakistanın Türkiyəyə olan sevgisinə baxmayaraq, jurnalist Camal Xaşuqcinin İstanbuldakı Səudiyyə Konsulluğunda öldürülərək parçalanmasından sonra Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanı qarşılayan ilk ölkə olub. İmran Xan vəliəhdi qızılı arabaya oturdub.
Avqust ayında, Hindistan Kəşmirində internetin kəsilməsi ilə bağlı Xan hökuməti Səudiyyə Ərəbistanını Pakistanın Kəşmirlə bağlı mövqeyini dəstəkləməyə çağırıb, əks təqdirdə, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində digər dövlətlərdən dəstək istəməyə məcbur olacağını bildirib. Riyadın cavabı sürətli olub: İslamabaddan neft tədarükü üçün 1 milyard dollar borcunu ödəməsini tələb edib və Pakistanın iqtisadi baxımdan nə qədər asılı olduğunu aydınlaşdıraraq iki ölkə arasındakı kredit və neft təchizatı müqavilələrinin icrasını dayandırıb.
Səudiyyə Ərəbistanının Pakistandan “Ərtoğrul”un yayımını dayandırmaq tələbi barədə şayiələr var. BƏƏ və Səudiyyə Ərəbistanı ortaq bir istehsalla Osmanlı İmperiyasına qarşı ərəb müqavimətinin nümayiş olunduğu, ingilis rejissoru Peter Vebberin çəkdiyi “Od Krallığı” filmi üçün 40 milyon dollar xərcləyib. Bu, Türkiyənin mədəni neo-Osmançılığına qarşı bahalı bir xilasetmə kəməri idi, ancaq açıq-aşkar uğursuz olub; deyəsən, ona heç kim baxmır.
Pakistan da müsəlman dünyasının lideri olmaq istərdi, amma korrupsiyalaşmış hökumətlər, təcrübəsiz qurumlar və terrorizmin özünü zəiflətdiyini görür. Bir çox bəlalardan başqa, sonda hansı baş nazirin vəzifəsində olmasından və insanların nə istədiyindən asılı olmayaraq, ölkənin aqibəti hərbi quruluşa bağlıdır. Bu ölkə Beynəlxalq Valyuta Fondunun alçaldıcı kreditləri və ABŞ-ın köməyindən asılı olduğundan Xanın Pakistanı Türkiyə və Malayziya modellərini təqlid edir. Xan Malayziyanın keçmiş baş naziri Mahathir Mohammad ilə birlikdə Ərdoğanı şəxsi qəhrəmanı adlandırıb.
Ancaq heyranlığını tez-tez elan etsə də, onların izi ilə gedə bilməyəcəyi aydındır. 2019-da BMT Baş Assambleyasının iclasında Xan üç ölkənin birlikdə islamofobiya ilə mübarizə məqsədi daşıyan televiziya kanalı yaradacağını açıqlayıb. Ancaq bütün qardaşlıq bəyannamələrinə baxmayaraq, Xan 2019-cu ilin dekabrında Malayziyanın təşkil etdiyi müsəlman dünyası konfransında iştirakdan imtina edib. “Təəssüf ki, Pakistana çox yaxın olan dostlarımız konfransın ümməti parçalayacağı fikrində idilər”, – deyə Xan Səudiyyə Ərəbistanının adını çəkmədən eyham vurub. Ərdoğan kobud danışıb: “Təəssüf ki, Səudiyyə Ərəbistanının Pakistana təzyiq etdiyini görürük”.
73 illik dövlətçiliyinə baxmayaraq, nə qədər modern və ya İslami olmalı olduğuna dair fikir birliyi yoxdur. Modernlik Qərbin ixracatı olaraq həm istənilir, həm də qorxulur və İslamın hansı versiyasını təqib edilməli olduğuna dair qeyri-müəyyənlik var – yarımadanın sufi İslamı və ya Səudiyyə vəhhabiliyinin dözülməz mühafizəkarlığı.
“Ərtoğrul” iyul ayının sonundan etibarən Pakistan “Netflix”-də 1 nömrəli serial ola bilər, lakin “Dark Desire”, “The Kissing Booth” və Polşanın yumşaq pornosu “365 Days” beş, yeddi və səkkizinci yerləri tutur.
Bu qarışıqlıq ən çox Pakistanın elitası arasında özünü göstərir. Ancaq Xanın siyasi bazasısının əsasını təşkil edən orta sinif pakistanlılar az parçalanıblar: onlar sadəcə müsəlman və qürurludurlar. Əksəriyyəti “Ərtoğrul”u öz İslam versiyası sayır. Odur ki, aktrisa Bilgiçin “Instagram” postu kimi, Ərtoğrul rolunu oynayan Düzyatanın arvadı ilə çəkdirdiyi fotoşəkildən sonra tənqidlər baş qaldırıb. Bir şərhçi yazıb: “Pakistanlılar səni sevir, lakin bu cür şəkillərə görə deyil”.
Yumşaq güc yalnız arxasındakı gücün etibarlı olduğu halda işləyir. Türkiyə hökumətinin, əlbəttə ki, bir çox problemi var – Ərdoğan, yalnız bir nümunə gətirmək lazımdırsa, – mətbuat azadlığınə azaldıb, lakin Səudiyyə Ərəbistanı ilə müqayisədə, vəziyyət daha yaxşıdır. Axı türklər etiraz aksiyalarına qatıldığı üçün yeniyetmələri və ya konsulluqlarında jurnalistlərin başını kəsmirlər.
Pakistanın seçiminə gəlincə, hələlik Səudiyyə Ərəbistanının ağır, lakin bacarıqsız səyləri, müsəlman dünyasının 21-ci əsr mədəniyyət müharibəsində Türkiyəni məğlub etməkdə uğurlu görünmür.
Tərcümə: Strateq.az
Tarix: 8-09-2020, 20:42