Qeyri-rəsmi nigahdan uşağının olması əslində bir dövlət adamının şəxsi həyatında qalmaqaldır, amma Belarus prezidenti üçün...
Avqustun 9-da Belarusda keçirilən prezident seçkisindən sonra ölkədə başlanmış etiraz aksiyaları təkcə Aleksandr Lukaşenkonun deyil, onun kiçik oğluna da diqqəti artırıb.Yada salaq ki, Lukaşenkonun 40 və 44 yaşlarında daha iki oğlu var. Dmitri Lukaşenko "Prezident İdman Klubu" Mərkəzi Şurasının sədri vəzifəsini tutur. Viktor Lukaşenko isə atasının milli təhlükəsizlik üzrə köməkçisidir, eyni zamanda Belarus Təhlükəsizlik Şurasının da üzvüdür. O,həmçinin Milli Olimpiya Komitəsinin sədr müavinidir.
Amma prezident övladları arasında ən məşhuru avqustun 31-də 16 yaşı tamam olacaq Nikolay Lukaşenkodur.
Lukaşenkonun şəxsi həkimindən olan oğluNikolay prezidentin nigahdankənar oğludur. Uşağın prezidentin şəxsi həkimi İrina Abelskayadan olduğunu hamı bilir. Prezidentin qeyri-rəsmi nigahdan uşağının olması əslində bir dövlət adamının şəxsi həyatanda qalmaqaldır. Amma Lukaşenkonun bu məsələdə heç bir kompleksi olmayıb.
Bilməyənlər üçün deyək ki, Lukaşenko hələ də rəsmi olaraq Qalina Lukaşenko ilə nigahdadır. O isə Mogilev yaxınlığında hündür hasarlarla əhatələnmiş bir kənddə yaşayır...
Lukaşenko harada, oğlu orada...Əzizləyərək Kolya çağırdıqları kiçik oğul atasının yanında haralarda olmayıb ki? İməcilik keçirilir, Kolya əlindəki uşaq beli və vedrəsi ilə oradadır. Lukaşenko dünya səviyyəli idman tədbirinin açılışına gedir, budur, Kolya da yanındadır. Birgə hərbi təlimlər keçirilir, Lukaşenko ova gedir, Kolya yenə orada görünür. Son olaraq Kolya ötən həftə atası ilə birgə əlindəki gerçək avtomat “Kalaşnikov”la gündəmə gəlmişdi.
Hərbi təlimlərin birində Rusiyanın o zamankı prezidenti Dmitri Medvedyev ona qızıl tapança hədiyyə edib. O, Rusiya prezidenti Vladimir Putinlə bir neçə dəfə görüşüb, ABŞ-ın sabiq prezidenti Barak Obama və digər prezidentlərlə şəkil çəkdirib, Çin kommunistlərinin liderinin isə sevimlisidir...
2016-cı ilin 29 noyabrında Belarus lideri Azərbaycana rəsmi səfərə gələndə, Kolya da onun yanında idi və prezidentin verdiyi qəbulda o da atası ilə bərabər yer almışdı...
Kolya bir talisman kimi...Lukaşenko Kolyanın ona həmişə mistik mənada kömək etdiyinə inanır və bu səbəbdən onu daima yanında görmək istəyir. Maraqlıdır ki, seçkidən sonra başlanmış etiraz aksiyaları səbəbindən Çin lideri Lukaşenkoya Pekinə uçmağı təklif etdikdə, Belarus rəhbəri belə bir fövqəladə hadisə baş verəcəyi təqdirdə ancaq Nikolayı oraya göndərəcəyini deyib. Deyilənə görə, Nikolay onun bu dünyada sahib olduğu ən qiymətli sərvətdir.
Nikolaya olan bu qədər sevginin səbəbləri sırasında onun atasının 50 illik yubleyində-31 avqustda doğulması ilə əlaqələndirənlər də var. Lukaşenko “Bənzərsiz bir şəxs” adlandırdığı oğluna hakimiyyəti vermək barədə düşündüyünü də vaxtilə dilə gətirib. Son olaraq seçki ərəfəsi ukraynalı jurnalist Dmitri Qordona verdiyi müsahibədə isə Lukaşenko Nikolay haqda siyasi varisi kimi danışmayıb. Lukaşenko deyib ki, oğluna prezidentlik taleyi arzulamır, istədiyi budur ki, Nikolay sakit həyat yaşasın. Lukaşenko deyib ki, ümumiyyətlə, oğlu müxalifətdədir, hər şeyə öz baxışı var və hətta prezidenti tənqid etməyi də cəsarəti çatır.
Təhsili ölkəsində alıbLukaşenko Nikolayı xaricə oxumağa göndərməyib. Ona Belarus standartlarına uyğun ən yaxşı, elit təhsil verməyə çalışıb. Belə ki, balaca Kolya birinci sinifə getməzdən iki il əvvəl Lukaşenko çoxsaylı iqamətgahlarından birinin yaxınlığında yerləşən Ostroşitsko-Qorodokskaya məktəbinə büdcədən 3 milyon dollar ayırıb.
Adi kənd məktəbində tezliklə ən yaxşı rezin örtüklü futbol meydançası, üzgüçülük hovuzu, məktəblilərin hokkey və at sürməyi öyrənməsi üçün meydançalar tikilib. Kolyanın getdiyi məktəbə isə çox az sayda şagird götürülürdü. Bildirilir ki, Kolya digər uşaqlar kimi səhər tezdən yox, yalnız ikinci dərs başlayanda mühafizəçilərlə məktəbə gəlib.
Avqustun 31-də 16 yaşı olacaq Kolya Belarus Dövlət Universitetinin elit liseyinin biologiya kursunu seçib. O ingilis, ispan və Çin dillərini öyrənir, fortepiano çalır və hokkey komandasında oynayır. Ona Belarus Musiqi Akademiyasının məzunu Yelena Ostaşkina-Myslivçik fortepiano dərsi verir. Minskin “Dinamo”hokkey klubunun məşqçisi Dmitri Baskov isə prezident oğluna şaybanın buz üzərində sürülməsini öyrədib.
Kolya belə böyüyür...Son illər Kolya çox sürətlə dəyişməyə-böyüməyə başlayıb. Sakit bir oğlandan “Tik-Tok”dakı qızların sevimlisinə çevrilən yeniyetmə özünə İnstagram hesabı da açıb. Burada isə şəxsi həyatından, məsələn, istirahət etdiyi yerdən ətraflı məlumat verə biləcək heç nə yoxdur. Bəzən burada Kolya ya dəbdəbəli bir salonda canlı musiqi dinlədiyi və ya “Rolls-Roys” sürdüyü əks olunan fotolarını paylaşır.
Politoloqun fikrincə, "vəliəhd" Kolyanın atasının yerinə keçə biləcəyi haqda iddiaları indi heç kim gerçək hesab etmir. Əlbəttə ki, heç kim nə baş verməsindən asılı olmayaraq Lukaşenkonun ailəsinə toxunulmayacaq. Amma digər ailə üzvlərindən fərqli olara Nikolay xarici dilləri bildiyi üçün xarici ölkəyə köçərsə, ona çox çətin olmayacaq./
Musavat.com /
Tarix: 31-08-2020, 07:49