Əziz Rzazadə“Strateq”, 27.08.2020 Sovet dövründə bir neçə təyyarənin xaricə qaçırılması yadımdadır. Amma 1976-cı ildə baş verən qaçış yox – sinnim imkan vermir, o zaman 13 yaşım vardı. Söhbət açaçağım bu hadisədən təsadüfən İran mənbələrindən, köhnə qəzet yazılarından təsadüfən xəbər tutdum. Xəsis sətirlərlə. Yaxşı ki, rus mənbələrində ətraflı məlumat var.Qəfəsdən çıxan tarixən az olmayıb, əksərən də, “quşcuğazlar” Qərb istiqamətində qanad çırpıblar. Amma
1976-cı il sentyabrın 23-də baş vermiş qaçış Şərq tərəfə, İran sərhədi yönündə olub və nədənsə sovet hökuməti ona müstəsna əhəmiyyət verib. Kreml insidentə beynəlxalq miqyas verərək qonşu dövləti hətta hərbi müdaxilə ilə hədələyib.
İndi sağmıdır, ya dünyasını dəyişib, – bilinmir, 1939-cu il təvəllüdlü
Valentin Zosimov adlı sovet pilotu, ehtiyatda olan leytenant zamanına görə misilsiz bir addım atıb. Onu qaçışa vadar edən səbəbi özüylə qəbrə aparmış ola bilər. Digər sirlər
KQB arxivlərində gizlənir.
Hər halda, müxtəlif mənbələrə görə, qırıcı təyyarə pilotu Zosimovun baş leytenant rütbəsi ilə hərbi xidmətini başa vurma səbəbi intizam tənbehi imiş. Silahlı qüvvələrin sıralarından kənarlaşdırılması və aviapoçta göndərilməsini Valentin Zosimov, yəqin ki, ləyaqətinin alçaldılması kimi qiymətləndirilib. Sovet mətbuatında isə onun haqqında – yalnız iki-üç kəlmə ilə – “cinayət törədərək “Aeroflot” təyyarəsini qaçırması” yazılıb.
Təqvimdə 23 sentyabr 1976-cı il Cümə axşamı kimi qeyd olunub. Həmin gün Azərbaycan SSR Mülki Aviasiya İdarəsinə məxsus “An-2” təyyarəsində Valentin Zosimov təkbaşına
Zabrat-Hacıqabul-Puşkin (Biləsuvar)-Prişib (Göytəpə)-Lənkəran marşrutu ilə daxili uçuş həyata keçirir. Sərnişini olmayan hava gəmisi Biləsuvardakı aerodromdan havaya qalxaraq Sovet-İran sərhədini arxada qoyur və Şərqi Azərbaycan əyalətindəki Əhər şəhəri yaxınlığındakı hava limanına enir. Enişdən sonra pilot İran dövlətindən siyasi sığınacaq istəyir.
Sentyabrın 25-də
“Associated Press” agentliyi sovet pilotunun qaçış barədə məlumat yayır. SSRİ-nin İrandakı səfirliyi qaçış faktını təsdiqləyir, lakin hadisənin təfərrüatlarını açıqlamaqdan imtina edir. Sentyabrın 26-da
SSRİ-nin İrandakı fövqəladə və səlahiyyətli səfiri Vladimir Yerofeyev İran hökumətinə rəsmi nota verərək, Zosimovun hərbi fərari kimi geri qaytarılması tələbi irəli sürür.
Tehranda çaxnaşma başlayır, pilota başa salırlar ki, “SSRİ Hərbi Hava Qüvvələrinin leytenantı”nın qaytarılmaması SSRİ-nin İrana qarşı rəsmi öhdəliklərini ləğv etməsi üçün hüquqi əsas ola bilər, buna görə də, ABŞ-dan sığınacaq istəməlidir. Amma Valentin Zosimov ABŞ üçün o qədər də maraqlı olmadığından
Birləşmiş Ştatların İrandakı səfiri Riçard Helms baş verənlərə görə məsuliyyəti öz üzərinə götürmür, səfirliyin mətbuat katibinə siyasi sığınacaq üçün heç bir rəsmi müraciət alınmadığını bildirməyi tapşırır.
Mənbələrdə bundan sonra baş verənlər Sovet-İran əlaqələri tarixində analoqu olmayan hadisələr kimi qiymətləndirilir. İrandakı yüksək rütbəli sovet diplomatlarından biri şahı hədələyir: “Sovet-İran sərhədi yerli partizanların bu və ya digər tərəfə keçməsinin qarşısını almaq üçün çox uzundur”. Ardınca
SSRİ Silahlı Qüvvələrinin Cənubi Qafqaz hərbi birləşmələri (təxminən 180 min hərbçi) yüksək hazırlıq vəziyyətinə gətirilir.
Bəlkə də Valentin Zosimov sığınacaq ala bilərdi, axı o, sıradan bir poçt təyyarəsi ilə qaçırmışdı, heç bir hərbi sirr daşıyıcısı heç deyildi. Amma 1973-cü il Aviasiya Nəqliyyatında Cinayətkarlığa Qarşı Mübarizə haqqında Sovet-İran Müqaviləsinin normalarına əsasən, İran hakimiyyəti Zosimovu təyyarə qaçıran kimi təhvil verməli idi. Baxmayaraq ki, Valentin Zosimovun həyatını xilas etmək üçün hətta
Stalinin qızı Svetlana Alliluyeva şaha açıq məktub yazmışdı
. “Əlahəzrət, Brejnev cəlladlarına qaytarmamaq üçün onun azad bir ölkəyə getməsinə icazə verin”.İran şahı Məhəmməd Rza Pəhləvi, mümkün nəticələri nəzərə alaraq, beynəlxalq təşkilatların etirazlarına baxmayaraq, dövlətlərarası münasibətlərin pisləşməməsi üçün Zosimovu sovet tərəfinə təhvil verməyə qərar verır. Oktyabrın 23-də İran hökuməti rəsmi bəyanat yayır və 2 gün sonra Valentin Zosimov SSRİ-yə qaytarılır. Oktyabrın 28-də TASS və “Radio Moskbva” bu barədə rəsmi məlumat yayırlar. Eyni zamanda, İran səlahiyətliləri təyyarənin də tezliklə geri qaytarılacağını bildirirlər.
Valentin Zosimovun ekstradisiyasından sonra o, qapalı məhkəmə iclasında
Cinayət Məcəlləsinin 64-cü (“Vətənə xəyanət”) maddəsi ilə ittiham olunur və cəzasını sərt rejimli islah-əmək müəssisədə çəkməklə, 12 il müddətinə azadlıqdan məhrum olunur.
Həbsxanalarda olduğu müddətdə onun
arvadı Tatyana Zosimova və 2 övladı Bakıda, Teymur Əliyev küçəsində yaşayıblar.1988-ci ilin payızında həbs müddəti bitən Valentin Zosimovun sonrakı taleyi məchuldur. Lakin bu hadisə SSRİ və şah İranını bir-birinə siyasi-iqtisadi və hərbi əməkdaşlıq cəhətdən xeyli yaxınlaşdırıb. Az qala indiki Rusiya-İran əlaqələri səviyyəsinə…
Tarix: 26-08-2020, 15:12