"Xəlifə kürsüsünü qəsb edən birisinin aşkar cinayət törətməsi, bu cinayətləri legitimləşdirir..."
Bismilləhir- Rahmənir-Rahim!
Yaşadığımız məhərrəm-səfər əyyamı qarşıya bir çox suallar qoyur. Bunlardan ən əsası – İmam Hüseynin (ə) hərəkatıın əsas səbəb və qayələri ətrafındadır. Təbii ki, bu barədə minlərlə kitab yazılıb, tədqiqatlar aparılıb. Amma öyrəndikcə, oxuduqca, düşündükcə insan sanki təbəqə-təbəqə, lay-lay dərinliklərə varmağa başlayır.
İslamın əsası və onun qorunması
Kərbəla məktəbində olan mühüm çatdırışları başa düşmək, bu hadisənin mənası və fəlsəfəsi nələrdən ibarətdir, bunu dərk etmək – iman gətirənlər üçün çox mühüm məsələlərdir. Azad insanlar bundan bəhrələnməli, ibrət götürməlidir. Bu əyyamla ruhiyyəni, niyyəti, əməli uzlaşdırmalıdır. Müsəlman olaraq öz vəzifəsini bilməli və yerinə yetirməlidir.
İmam Hüseynin (ə) mübarək mübarizəsi haqqında və günümüzə qədər öz nuraniyyəti ilə gələn mübarək missiyası haqqında çox danışmaq olar. Bu mübarək inqilabın əsas hərəkətverici qüvvəsinin hansı amil olmasını müəyyən etmək gərəkdir. Bu günə qədər bu hərəkatın yaşarlılığını nə təmin edir?
İmam Hüseynin (ə) qiyamı, hərəkatı, fədakarlığı – bir tək tarixi məsələ deyildir. Hansısa zamanla və məkanla məhdudlaşan məsələlər deyil. Bu, əslində İslamın din olaraq qalmaqlığı üçün, saxlanılmaqlığı üçün atılan addımdır.
Lənətlik Müaviyənin ölümü və lənətlik Yezidin hakimiyyəti qəsb etməsi yeni bir vəziyyəti meydana gətirdi. İslam üçün birbaşa və real təhlükə, xətər ortalığa çıxdı. Və İmam Hüseyn (ə) öz mübarək vücuduyla, ətrafındakılarının mübarək vücudlarıyla, fədakarlıqla əslində İslamın mövcudiyyətinin qorunması üçün bu addımı atmışdır.
Ümumi halda, İslamın din olaraq qorunub saxlanması, İslamın əsaslarının hifz olunması – bir şəri vəzifədir. Hər bir müsəlmanın üzərində olan İlahi bir missiya var ki, dinin aradan getməsini gördükdə, onu müdafiə etsin. Əlindən gələni etməlidir ki, bu təhlükə aradan qalxsın.
Osmanlı imperatorluğun tarixi nümunəsi
Tarixdə bununla bağlı əlamətdar nümunulər olmuşdu. Osman imperatorluğunun dağılma ərəfələri idi. Qeyd etmək lazımdır ki, bütün naqislikləri, mənfilikləri, çatışmazlıqları ilə yanaşı, Osman imperatorluğu o zamankı İslam kimliyini xarakterizə edən məfhumlardan idi. Dünya müsəlmanlarının böyük bir hissəsini özündə əks etdirirdi, çoxlu sayda müsəlman xalqı bu imperatorluğun tərkibinə aid idi. Və İslami kimliyin qorunması ilə bağlı bu kimi şəraitdə böyük İslam alimləri bu təhlükənin sovuşması üçün əlindən gəlməyi etməklə bağlı hər bir müsəlmanın üzərində məsuliyyətin olmasını bəyan etdilər.
Məxsusən də, o zamanın ən böyük elmi mərkəzi olan Nəcəfül-Əşrəf hövzəsinin müctəhidləri bu barədə fətva verdilər. İslam mədəniyyətinin, İslami mənsubiyyətin qorunması ilə bağlı bu situasiyada hər hansı çatışmazlığa, fərqli baxışa, daxili problemlərlərə baxmayaraq, Osmanlı imperatorluğun qorunması hər bir müsəlmanın üzərinə bir vəzifə olaraq müəyyən edildi. Məsələ İslamın əsaslarından getdiyi üçün, bu problem belə formaya – dini vəzifəyə çevrildi. Belə hallarda bütün başqa məsələlər arxa plana keçir, ikinci dərəcəli olur.
Biz əgər İmam Hüseynin (ə) hərəkatına nəzər salsaq, deyilmiş tezisin ən kamil formasını müşahidə etmiş oluruq. İmamın (ə) özünün hərəkata verdiyi qiymətlərə diqqət etsək, görəcəyik ki, mövzu bunun ətrafındadır. Yezid lənətlik xlafəti qəsb etdikdən sonra İslam kimliyinin aradan getmə təhlükəsi meydana gəlir. İslamın din olaraq real məhvindən söhbət gedir.
Əlamətdar sual
Sual çıxa bilər ki, məgər lənətlik Müaviyənin dönəmində vəziyyət necə idi ki?! Məgər İslamın düşməni olar Müaviyə dini inkişaf etdirirdi ki?! Məgər ədalət, haqq gözlənilirdi?! Məgər müsəlmanlar öz dini etiqadlarını Allah Təalanın buyruqlarına uyğun azad yerinə yetirə bilirdi?! Məgər onun vaxtında İslam firavan durumunu yaşayırdı?! Məgər ata-babasının İslama olan nifrətini o da bəsləmirdimi?
Əlbəttə ki, Müaviyə dinə düşmən olan bir ünsür idi. İnsanların haqlarına təcavüz edən, halalları haram, haramları halal edən, ətrafındakılarla birləşib ümmətin malını öz malı kimi talan edən, Peyğəmbər (s) xanədanına aşkar düşmənçilik edən, Həzrət Əliyə (ə) – ümmətin İmamına minbərdən lənət deməyi (!) tapşıran məhz lənətlik Müaviyə idi. İslamın xilafətini qəsb edən, xilafəti şah səltənətinə çevirən, ölümünün yaxınlığını hiss edib, məlun Yezid üçün beyət yığan Müaviyə. İmam Həsəni (ə) zəhərlədən Müaviyə…
Bəs nə üçün Müaviyə (lən) vaxtında yox?
Bəs nə üçün İmam Həsən (ə) və İmam Hüseyn (ə) Müaviyə dönəmində qiyam etmədi? Bu, fundamental bir sualdır. Bu sualın cavabı Aşuranı düzgün dərk etməyə imkan verir. Bəli, nə İmam Həsən (ə), nə də İmam Hüseyn (ə) Müaviyəyə qarşı qiyam etmədi.
Burada bir haşiyə çıxmaq lazımdır ki, bütün bu dövrlərdə Əhli-Beytlə (ə) düşmənçilik edərək İslam xilafətinin başında oturanlar və oturmaq istəyənlər, aşkar fəsad törətməkdən çəkinirdilər. Müaviyə özü də bütün hoqqalarını gizli həyata keçirməyə çalışırdı. Əlbəttə ki, prinsipial müsəlmanlar, Peyğəmbərimizin (ə) xas səhabələri və tabeinlər bunu sezir, həqiqəti bacardıqca yayır, Müaviyəni ifşa edirdilər. Amma geniş toplum hər zaman olduğu kimi, vəziyyəti təhlil etmirdi və bu təfərrüatları görmürdü, çoxları isə görməməyə üstünlük verirdi. Belə olan təqdirdə İmamın (ə) missiyası insanları ayıltmaq, onlara haqqı çatdırmaq olsa da, ümmətin parçalanmasına imkan verməmək, xarici düşmənlərə imkan yaratmamaq üçün qiyam kimi kəskin tədbirə əl atılmırdı.
Amma lənətlik Yezidin dönəmində hər şey dəyişdi. Məlumdur ki, İmam (ə) – İlahi missiyanı yerinə yetirən, ümmətin rəhbərliyini həyata keçirən bir mübarək insandır. Və həyatın hər bir mərhələsində hər bir İmam (ə) məhz öz üzərinə düşən vəzifəni yerinə yetirir. Əgər Yezidə qarşı İmam Həsən (ə) də olsaydı, o da Aşura qiyamını edəcəkdi. Və Müaviyənin vaxtında İmam Həsənin (ə) yerinə yetirdiyi missiya da, İmam Hüseyn (ə) üçün eynilə həmin olacaqdı.
Beləliklə, İmam Hüseynin (ə) qiyamının səbəbi – Yezid lənətliyin aşkar surətdə İslamı aradan aparmağa yönəli mənfur işləri idi. İmamın (ə) üzərində olan ən başlıca vəzifə – yaxşılıqlara dəvət və pisliklərdən çəkindirmə baxımından məsuliyyətdir və İmam Hüseyn (ə) belə bir şəraitdə yalnız və yalnız öz vəzifəsini yerinə yetirirdi.
Əgər Müaviyə lənətlik islami dəyərlərlə, islami kimliklə açıq-aşkar mübarizə etməkdən çəkinirdisə, Yezid – öz ağılsızlığı ucbatından – zahirdə haramlar edərək, İlahi dəyərlərlə müxalif olmağa açıq-aşkar qol qoyurdu. Müaviyənin zahirdə İslamla problemi görsənmirdi. Müaviyə ilə Yezidin ən mühüm fərqi də məhz bu idi.
Aşkar fəsadın topluma təsirləri
Müaviyə lənətlik günahları gizlində edirdi, Yezid isə aşkarda. Yezid cəmiyyətə, topluma, dinə-imana o qədər etinasızlıq və saymamazlıq edir, cinayətləri o qədər həyasızlıqla açıq edirdi ki, artıq bunların adiləşməsi tendensiyası yaranmışdı. Müsəlmanların xəlifəsi adlandırıan birisinin İslama bu cür həqarəti – cəmiyyətin sistem təşkil edən təbəqələrini elə bir tərpəniş və sürüşməyə gətirə bilərdi ki, nəticəsi dəhşətli olardı.
Bu fərqi şərh edən Şəhidlər Sərvəri İmam Hüseyn (ə) lənətlik Yezid haqqında belə buyurur: «O, aşkar günah edir!». Xəlifə kürsüsünü qəsb edən birisinin aşkar cinayət törətməsi, bu cinayətləri legitimləşdirir. Xəlifə adlanan birisi tərəfindən günahı aşkar törətmək, haramları aşkarda etmək – bunları qanuniləşdirir, bunların toplumda adi hal almasını labüd edir. Nəticə etibarilə, bütün bunlar dəyərlər sisteminin o dərəcədə deformasiyaya uğramasına gətirib çıxarır ki, nəticədə cəmiyyətin mənəvi məhvi qaçılmaz olur.
Müaviyə lənətliyin dövründə edilən cinayətlər gizli təbiətli idi, yaxın ətrafdan və məlumatlı insanlardan kənar çevrələr bunları görmürdü. Hiyləgər Müaviyə qızıl və daş-qaşda üzürdü, amma saraydan qıraqda onu görən olmurdu. Müaviyə bütün əhəmiyyətli insanları ələ almağa çalışırdı, hədsiz miqdarda püllar xərcləyrdi ki, onun barəsinə təvazökar, dindar, imanlı bir adam kimi danışsınlar. İctimai rəydə özü barədə müsbət imic yaratmaq üçün bəzi ünsürlərə ağlasığmaz pullar verirdi. Ələ ala bilmədiyi həqiqəti danışanları isə ya təcrid edir, ya böhtan və çirkaba qərq etməyə çalışırdı ki, onların sözlərini eşidən olmasın. Və islami dəyərlərlə, islami şüarlarla, islami kimliklə düşmənçiliyini açıqda etmirdi. Onun münafiqliyini sübut etmək olduqca çətin idi. Bütün cəza aparatı təmiz və prinsipial insanların üzərinə salınırdı.
Amma eyni zamanda, bu münafiq İslamın əsaslarını Yezid kimi sarsıtmırdı. Yezid isə İslamın bütün köklü məsələlərini məsxərəyə götürürdü, haramları açıqda edirdi. Dünyagörüşü, əhkam, əxlaq kimi bütün islami məsələlər sual altına qoyulurdu. Belə olan təqdirdə, İmam Hüseynin (ə) baş verənlərə reaksiyası da vəziyyətə uyğun idi. Yəni, əgər Müaviyə dönəmində İmamların (ə) missiyası bir qədər fərqli idisə, Yezid zamanında İmamın (ə) üzərinə ümməti məhvdən qorumaq vəzifəsi gəlirdi. Zaman və vəziyyət – hər ikisi dəyişmişdi. Və dəyişən vəziyyət ümmətin İmamının (ə) missiyasını müəyyən edirdi.
İkinci fərq
Müaviyə və Yezid lənətliklərin dönəmlərini fərqləndirən bir cəhət də var idi ki, toplumda şəxsiyyət və ləyaqət daşıyıcıları ilə bağlı idi. Müaviyənin dövründə şəxsiyyət və ləyaqət sahibləri ölümcül təhlükə yaşamırdı. Hərçənd belə insanlar güclü təzyiq və məhdudiyyətlər şəraitində yaşayırdılar, amma təbliğat və maarifçilik üçün müəyyən hüdudlar mövcud idi. İnsan öz şəxsiyyətini saxlamaq istədikdə, müəyyən mənada buna imkan var idi. İnsanların fərdən də, toplum olaraq da Allaha doğru hərəkət etməyə minimal da olsa, imkanı var idi.
Amma Yezid lənətliyin dönəmində bu baxımdan vəziyyət kökündən dəyişdi. Əgər Müaviyə öz hakimiyyətinə bilavasitə təhlükə görmürdüsə, şəxsiyyət və ləyaqət sahibini axıradək təqib etmirdi. Ələ almağa çalışırdı, öz tərəfinə çəkməyə səy edirdi, şeytanvari dilini, pulu, sərvəti, məqamı satınalma vasitəsi edərək, şəxsiyyətli insanı simasızlaşdırmağa cəhd edirdi. Amma insan prinsipiallığında israr etdikdə və onun bu prinsipiallığının Müaviyə hakimiyyətinin maraqlarına birbaşa təhlükəsi yox idisə, onu müəyyən qədər sakit buraxa bilirdilər, onu fiziki və ya mənəvi məhv etməyi bir məqsəd olaraq görmürdülər.
Amma lənətlik Yezid şəxsiyyətli insanın fiziki mövcudluğu ilə barışmaq istəmirdi. Hamını dilsiz-ağızsız varlıq kimi gömək istəyirdi. İnsanlarla öz nökəri kimi davranırdı, heç kəsə ehtiram qoymurdu. Bir şərait istəyirdi yaratsın ki, toplumda bir nəfər də olsa, şəxsiyyətli insan qalmasın.
Hiyləgər Müaviyə ölməmişdən öncə Yezidə vəsiyyət etmişdi ki, İmam Hüseyndən (ə) beyət istəməsin. Müaviyə bilirdi ki, İmam Hüseyn (ə) heç bir halda Yezid kimisinə beyət etməyəcək, amma ondan beyət tələb etmək camaatı özünə qarşı qaldırmaq deməkdir.
Amma Yezid xilafəti qəsb edən kimi birinci işi – beyət etməyənlərdən beyət almaq səyi idi. Yezid lənətlik istəyirdi ki, toplumda bir nəfər də olsa, şəxsiyyət daşıyıcısı olmasın.
Açıq və gizli düşmənçilik
Müaviyə digər şahlar kimi, öz məfkurəsi əsasında hərəkət edirdi. Öz işini irəli aparırdı, bu yolda maneələri dəf etməyə çalışırdı. Öz şəxsi mənafeyindən başqa, Müaviyəni heç bir şey maraqlandırmırdı. Heç bir məfkurə-filan bu mənəviyyatsız ünsürü məşğul etmirdi. Digər şahlar kimi gününü eyş-işrətdə, fəsadda, intriqada keçirirdi, insanlara zülmdən həzz alırdı. Amma marağına toxunmayan məsələlərə də laqeyd idi. Əyalətdə nisbətən asudə nəfəs almaq olurdu. Müaviyə imperatorluğunun mərkəzinə doğru isə sıxıntı güclənirdi. Amma yenə də, bilavasitə təhlükə olmadığı halda, Müaviyə lənətlik insanı məhv etməməyə üstünlük verirdi. Və diqqət edirdi ki, idarəetməsində İslamla açıq-aşkar mübarizə üslubuna da keçməsin.
Ümumi halda, heç kəs şəxsiyyət və ləyaqətinin tapdanmasının qaçılmazlığı ilə üzləşmirdi. Kim ki, dünyasına, pula, sərvətə görə əyilmək istəyirdisə - bunu edirdi. Ehtiyaclı, amma gerçək müsəlman kimi yaşamaq istəyən də öz seçimində qala bilirdi. Əlbəttə, toxunduğumuz kimi, bir çox nümunələr var idi ki, məslək və əqidə sahibləri fəqət öz mövqelərinə görə Müaviyə tərəfindən məhv edilirdi. Amma bu ümumi, ağına-bozuna baxmadan bir hal deyildi.
Yezid lənətlik isə belə deyildi. Ona bilavasitə toxunmayan, amma məsləkli, vicdanlı insanın mövcudluğu belə, bu mənəvi cəlladı narahat edirdi. Yezid lənətliyin dönəminin əsas səciyyəvi xüsusiyyəti budur ki, bu cinayətkar ünsür bir nəfər də olsun ləyaqətli insanın sadəcə mövcudluğu ilə barışmaq istəmirdi. Bütün alçaltmalar, təhqirlər edilirdi ki, insanlar sınsınlar; sınmayanları isə qətlə yetirirdilər.
İnsan ya şəxsiyyətinin tapdanması ilə razı olmalı, ya həyatı ilə vidalaşmalı idi. Hakimiyyətinin 1-ci ilində Yezid lənətlik Kərbəla müsibətini törədir. 2-ci ilində Mədinəyə hücum edir və müqəddəs məkana bu hücumla bütün ümməti təhqir edir. 3-cü ildə isə hətta Məkkəyə hücum edir. Heç bir tabu, heç bir müqəddəs şey yox idi lənətlik Yezid üçün.
İslamın məhvi təhlükəsi yaranmışdı. Təbii ki, İmam Hüseyn (ə) belə vəziyyətin mövcudluğu ilə barışa bilməzdi. Və ümməti bu rəzalətli perspektivdən xilas etmək üçün, o Həzrət (ə) hərəkata başladı və öz həyatı bahasına mənəviyyatı, əxlaqı, izzəti xilas etdi. Öz həyatı, qanı ilə İslamı sığortaladı...
Allahım! Bizləri Hüseynçi qövmdən qərar ver! İmam Hüseynin (ə) yüksək dəyərlərini yaşadan olmaq tövfiqini bizlərə nəsib et! Amin!
Hacı İlqar İbrahimoğlu,
ilahiyyatçı-filosof,
"Dəyərlər"
Tarix: 24-08-2020, 08:26