Misir paytaxtının şimal-şərqində, Heliopolisdə yerləşən Baron Empeyn sarayı (Hind sarayı kimi də adlandırılır) hindu məbədi üslubunda tikilmiş möhtəşəm bir memarlıq nümunəsidir.Saray ekskursovodu AZƏRTAC-ın müxbirinə bildirib ki, cari ilin iyulunda Misir Prezidenti Əbdülfəttah əl-Sisinin açılışını etdiyi bu qiymətli memarlıq abidəsi 1907-1910-cu illərdə belçikalı memar Corc-Lui Klod tərəfindən dekorasiya olunub. Naxışlar və heykəllər, habelə divardakı ornamentlər Kambocadakı hindu məbədindən götürülüb. Sarayın binası Belçika biznesmeni və Misirşünas Baron Eduard Empeynin sifarişi ilə tikilib və onun adını daşıyır.
Sarayda XX əsrin əvvəllərinə aid nadir eksponatlarla yanaşı, həmin dövrdə Qahirənin mədəni həyatını əks etdirən sənədlər və fotoşəkillər də nümayiş etdirilir. Onun həyətində isə ilk dəfə Misir paytaxtına gətirilmiş tramvay mühafizə olunur.
Qeyd edək ki, Misirin Turizm və Qədim Abidələr Nazirliyi Baron Empeyn sarayını Qahirənin əcnəbi turistlər üçün görməli məkanları siyahısına əlavə edib.
Unikal memarlıq abidəsi ilə bağlı fotoşəkilləri oxuculara təqdim edirik.
Tarix: 17-08-2020, 07:46