Yəqin ki, I Pyotrun əmri ilə bütün Rusiyadan qəribə "əşyaların" gətirildiyi Kunstkamera adlı muzey barədə hər kəs eşitmiş olar.
Orada çoxsaylı mədəni irsə aid təbərrüklər, eləcə də "eybəcərlərin" - fiziki qüsurlu insanlarla heyvanların məşhur cəsədləri saxlanılır. Lakin bəzən Kunstkameraya sıravi insanlar da düşürdü.
Milli.Az onlardan birini, müasirlərinin yazdığına görə, Böyük Pyotrun həyat yoldaşının məşuqu olmuş, sarayın yaraşıqlı kişilərindən olan Villim Mons haqda yazını dəyərli oxucularına təqdim edir.
İmperatriça Yekaterinanın kamergeri və məşuqu Villim İvanoviç Mons
Valideynləri Vestfaliyadan Rusiyaya köçəndə, Villim Mons hələ uşaq idi. Bacıları Matryona ilə Anna imperator sarayının görkəmli xanımlarından və deyilənlərə görə, I Pyotrun məşuqələri olub.
Paytaxt Sankt-Peterburqun ən gözəl qadınlarının həsəd apardığı qüvvətli, yaraşıqlı Villim bir neçə hərbi yürüşdə iştirak eməklə Pyotra yaxınlaşıb, onun adyutantı oldu.
Villim Monsun bacısı Annanın Moskvadakı evi. Rəssam A.N.Benua, 1909-cu il.
Bacılarının nüfuzu sayəsində Villim imperatriça Yekaterina Alekseyevnanın yanında şərəfli bir vəzifəyə yiyələndi. O, əvvəlcə Yekaterinanın kamer-lakeyi, sonra da kamergeri oldu. Villim Mons imperatriçanın maliyyə işlərini idarə edir və yazışmalarını aparırdı. İmperator ailəsi yanında olduğu on il ərzində Villim Mons özünə sərvət topladı, çoxlu sayda mal-mülkə sahib oldu, Sankt-Peterburqda və Moskvada bir neçə ev tikdirdi.
Rusiyalı imperatriça və Böyük Pyotrun həyat yoldaşı I Yekaterina. Rəssam Jan Mark Natye, 1717-ci il.
Onun firavan həyatı 1724-cü ilin noyabrında gözlənilmədən sona çatdı. Mons maliyyə israfçılığı, xəzinədən oğurluq və rüşvətxorluq ittihamları ilə həbs olundu. Əslində isə, yüksək təbəqələrdə deyilənlərə görə, çar Pyotr həyat yoldaşı imperatriça Yekaterinanı Monsla birlikdə birmənalı olmayan vəziyyətdə yaxalamışdı.
Yekaterinanın himayədarlığına baxmayaraq, 30 yaşlı Mons zəncirlənərək mühakimə olundu. Onun Sankt-Peterburqun mərkəzində böyük insan izdihamı qarşısında başı kəsildi.
Böyük Pyotrun portreti. Rəssam Pol Delaroş, 1838-ci il.
Yekaterinanın xəyanəti Pyotrun ona olan münasibətini olduqca pisləşdirdi. Çoxsaylı eşq macəraları ilə tanınmış imperator Monsun başının kəsilərək, bir qabda spirtə qoyulmasını əmr etdi. Həmin qab bir neçə gün imperatriçanın otağında saxlanıldı, sonra da Kunstkameraya aparıldı.
1741-ci ilə aid qravürada təsvir edilmiş Kunstkamera.
Kunstkameradakı spirtə qoyulmuş eksponatlar.
O hadisədən sonra Pyotrla Yekaterina bir süfrə arxasına əyləşmədi və müxtəlif otaqlarda yatdılar. Lakin cəmisi üç ay sonra, Pyotr ölüm ayağında olduğu vaxt həyat yoldaşını bağışladı.
Monsun başı təsbit edilib basdırılana qədər, hələ yarım əsr Kunstkamerada saxlanıldı. I Pyotrun iştirak etdiyi çoxsaylı sevgi üçbucaqlarından birinin aqibəti məhz bu cür həll olundu.
Tarix: 16-08-2020, 13:11