Ağırçəkililər bir addım irəli: Sizdən nazir olmaz


Ağırçəkililər bir addım irəli:       Sizdən nazir olmaz
Bundan sonra insanların vəzifələrə bədən quruluşlarına görə təyin olunduğunu görsək, təəccüblənməyək
 
Dünya ölkələrində korrupsiyanın miqyasını təyin etmək heç də indiki kimi asan olmayıb. Əvvəl necə idi? Konkret ölkədə işləyən top menecerlərin “Bu ölkədə hansısa başqa ölkələrdən olan müəssisələrin açılması üçün rüşvət verilməsi və ya təklif edilməsi nə dərəcədə mümkündür?” sualına verilən cavablar əsas götrülməklə, rüşvət verənlərin göstəricisi hesablanırdı. Hər iki göstəricini - korrupsiya qavrayış indeksini və rüşvət verənlərin indeksini nəzərə alsaq, müəyyən bir ölkədə korrupsiyanın səviyyəsi barədə kifayət qədər real mənzərə əldə etmək mümkün olurdu.
 
Bundan əlavə, bu mövzuda araşdırma çərçivəsində vətəndaşlar həm korrupsiya faktları ilə birbaşa qarşılaşmaları, həm də həyatın müəyyən sahələrində korrupsiyanın səviyyəsi barədə fikirlərini açıqlayırlar. Pis variant deyil. Ancaq göründüyü kimi, bütün bu metodlar bəşəriyyətin həyatındakı köhnəlmiş üsullar, koronavirus dövrünün xurafatlarıdır. İndi isə maraqlı fakt budur ki, alimlər 15 postsovet ölkəsindən 299 nazir haqqında məlumatları təhlil edərək, onların piylənmə dərəcələri ilə ölkədə korrupsiya səviyyəsi arasında birbaşa əlaqənin olduğunu söyləyirlər.
 
Daha dəqiq desək, Monpelye Biznes Məktəbinin fransalı əməkdaşı Pavel Blavatski, kompüter texnologiyaları və konvulsional sinir şəbəkələrindən istifadə edərək, keçmiş Sovet İttifaqının 15 ölkəsindəki 299 nazirin obezlik dərəcəsini təhlil edə bilib. Sonra alim obyektivlik üçün bu məlumatları fərqli dövlətlərdə korrupsiyanın səviyyəsini müəyyənləşdirmək üçün aparılan bir neçə araşdırmaya istinad edərək, müqayisə edib.
 
Bunlar “Transparency International”, Dünya Bankının Korrupsiyaya Nəzarət İndeksi, Avropa Korrupsiyaya Qarşı Mübarizə və Dövlət Quruculuğu Mərkəzinin korrupsiya indeksi, Beynəlxalq Demokratiya və Seçkilərə Yardımı İnstitutunun korrupsiya indeksi və Bazel İnstitutunun korrupsiya indeksidir. Tədqiqatın nəticələrinə görə, müxtəlif ölkələrin 299 hökumət üzvündən 96-nın yüksək piylənmə dərəcəsi var - bədən kütlələri indeksi mümkün 40-dan 35-ə çatıb.
Blavatski hesab edir ki, nazirlərin obezliyi və ölkədəki korrupsiyanın səviyyəsi bir-biri ilə yaxın əlaqəli məsələlərdir. Bundan başqa, məlum oldu ki, hökumət nümayəndəsi nə qədər kökdürsə, həmin ölkə sakinləri orta hesabla bir o qədər az çəkilidirlər. Bununla yanaşı, göstəricilər müəyyən bir dövlətdəki siyasi vəziyyətdən asılı olaraq dəyişə bilər. Beləliklə, Ermənistanda 2018-ci il “məxməri inqilabdan” - Serj Sarkisyanın yerinə Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra nazirlərin bədən kütləsi indeksi vahid olaraq azalıb (Sarkisyan üçün bu göstərici mükün 40-dan 32,1, Paşinyan üçün isə 31.2).
 
Eyni zamanda, “Transparency International”ın 2019-cu il üçün müstəqil araşdırması, ölkələrin korrupsiya reytinqində Ermənistanı 105-ci yerdən 77-ci yerə qaldırdı. Yəni yuxarıda deyilən hesablamalar dolayı yolla öz təsdiqini tapıdı. Ən azı, Monpelye Biznes Məktəbindən olan Pavel Blavatski belə düşünür, lakin onun özünə də bir çox suallar yaranır.
 
Birincisi və ən sadəsi budur ki, onlarla ölkədən, təxminən üç yüz nazirin piylənmə səviyyəsini məsafədən qiymətləndirmək nə dərəcədə düzgündür? Onlarla qarşılaşmaq və necə deyərlər, qarınlarının ölçülərini yerində ölçərək qiymətləndirmək daha füzgün olmazdımı? Bəlkə elə tam fərqli nəticələr əldə ediləcəkdi?
 
İkincisi, bu müsyönün diqqətini niyə yalnız keçmiş SSRİ respublikalarına yönəltdiyi məlum deyil. Bunu Malayziyanın sabiq Baş Naziri Nəcib Razakın 12 il həbs cəzasına məhkum edildiyi və 42 milyon avro cərimə olunduğu fonunda soruşuram. Belə bir cəza, 28 iyul çərşənbə axşamı, keçmiş hökumət başçısını korrupsiyada günahkar bilən Kuala Lumpurdakı bir hakim tərəfindən qəbul edildi. Gördüyünüz kimi, korrupsiya hər yerdə var. Nəcib Razakın cılız olmasına baxmayaraq, “Transparency International” tərəfindən aparılan 2019-cu il tədqiqatında Malayziya 51-ci yeri tuturdu.
 
Mən hələ 20 mart 2018-ci ildə Fransa polisinin Nikola Sarkozini, 2007-ci il seçki kampaniyasının Liviyadan mümkün qanunsuz maliyyələşdirilməsi ilə əlaqədar istintaq çərçivəsində həbs etdiyini demirəm. Müasir Fransa tarixində keçmiş dövlət başçısının həbsdə olması bir ilk idi. Daha sonra, 17 may 2019-cu ildə Fransa Konstitusiya Şurası Sarkozinin prezidentlik kampaniyasını qeyri-qanuni maliyyələşdirmə şübhəsi ilə cinayət təqibinin konstitusiyaya zidd olması barədə iddiasını rədd etdi.
 
Nəhayət, 13 iyun 2019-cu ildə “France Presse” agentliyi öz mənbələrinə istinadən, Milli Maliyyə Prokurorluğu tərəfindən Sarkoziyə qarşı yeni bir araşdırma başlatdığı barədə məlumat yaydı. Səbəb isə Sarkozinin alış-verişə çıxan zaman 500 avroluq əskinaslardan istifadə etməsi idi. Düzdür, burada heç bir qanun pozuntusu yox idi, amma prokurorluq hesab edirdi ki, Liviyadan qeyri-qanuni maliyyələşmə ittihamları fonunda keçmiş Prezidentin bu addımı şübhələr doğurur... Bu da sənə Fransa! Bu da sənə cılız Sarkozi! Görəsən, müsyö Blavatski hara baxır?!
 
Və burada diqqətimizi öz ölkəmizə yönəldirik. “Transparency International”ın 2019-cu il hesabatına görə, Azərbaycan özü reytinqini 26 pillə yaxşılaşdıraraq, 30 balla 180 ölkə arasında 126-cı sırada qərarlaşıb. Müsyö Blavatskinin araşdırmalarına və məntiqinə əsaslansaq, deməli, bütün bunlar ölkəmizdə kök nazirlərinin az olması səbəbindən baş verib?! Bağışlayın, bu, yalnız yaxşı və əsaslı yeməyi sevən insanları təhqir etməkdir! İndi nə edək - kilolu insanları heç bir vəzifəyə təyin etməyək?! Artıq çəki insanın işinin nəticəsi üçün göstərici ola bilərmi? Belədirsə, fiziki cəhətdən sumo güləşçisinə bənzəyən, amma gürcü iqtisadi islahatlarının atası sayılan mərhum Kaxa Bendukidze fenomenini hara yazaq?!
 
Belə olan şəraitdə korrupsiyanı nəhayət məğlub edən bir ölkə kimi tanınmaq nə çox cazibədar görünür. Belə çıxır ki, tam qələbə üçün ölkədə nazir və digər əsas vəzifələrə yalnız bədəncə incə xanımlar və cənabları təyin etmək kifayətdir. Özümüzdə belələrini tapa bilməsək, həmişə model görünüşlü insanların bol olduğu Fransa və ya İtaliyadan da sifariş verə bilərik. Model görünüşlü nazir – bundan daha yaxşı nə ola bilər ki?! Yəqin ki, müsyö Blavatskinin dərin düşüncələri elə bundan ibarətdir. Ancaq ona heç bir iradımız yoxdur. İrad bütün axmaqlıqları və cəfəngiyyat araşdırmalarını maliyyələşdirməyə hazır olanlaradır.
 
Burada mərhum yumorist Mixail Zadornov yada düşür. Kişinin yerinə lap dilxor oldum. Yadımdadır, o, Rusiyanın növbəti Prezidentinin kim olacağına dair bir araşdırma apardığını deyirdi. Zadornovun düsturuna əsasən, Rusiya Prezidenti kürsüsündə keçəl və tüklülər növbə ilə bir-birini əvəzləyir. Qeyd edim ki, mərhum satirist Monpelye Biznes Məktəbindən və ümumiyyətlə heç bir yerdən maliyyə almayaraq bu araşdırmanı etmişdi. Zadornovun bəxti gətirmədi, amma Blavatski daha şanslı oldu.
 
Blavatski misalı onu göstərir ki, biz sabah ölkələrdə demokratiyanın səviyyəsinin yüksək çinli məmurların bədəninə görə - ayaqların əyriliyi, kürəyin enliliyi və ya gözünün rəngi əsasında müəyyən edilməsi barədə hansısa araşdıma nəticələrinə rast gəlsək, gərək təccüblənməyək…
Müəllif: Əkbər Həsənov   
Tarix: 1-08-2020, 21:39
Xəbəri paylaş



Xəbər lenti