Şəms Təbrizi: “Xəzinələr hər zaman gizli və dərin yerlərdə olur” İslam dininin daxili və batini tərəfi olaraq təyin olunan təsəvvüfün kökü ilə bağlı mübahisələr olduğu kimi, nəzəriyyəsi ilə bağlı fikir ayrılıqları da mövcuddur. Ərəbcədən “yun” mənasını verən təsəvvüf həm də “Peyğəmbərlərin yolu” adlandırılan “sufi” sözünün kökündən gəlir.
Lakin mən təsəvvüfün hərfi mənasından yox, az da olsa, nəzəri mənasından danışmaq istəyirəm. Çünki təsəvvüf haqqında məlumat əldə etmədən, bilmədən və araşdırmadan rəy verəndə fikirlərin yanlış başa düşülməsi qaçılmazdır. Çünki təsəvvüfə xarici mənanı ehtiva edən sözlərlə, zahiri məna ilə münasibət bildirmək yalnış qənaətlərə gətirib çıxara bilər.
Bir neçə il bundan əvvəl Türkiyənin Konya şəhərində Həzrəti Mövlanənin məzarını ziyarət etməyə getmişdim və səfər əsnasında təsadüfən yaşlı bir adamla tanış olmuşdum. Bir az söhbət edəndən sonra isə onun ilahiyyat üzrə elmlər doktoru olduğunu öyrənmişdim. Mövzumuz sufilikdən düşüncə, təsəvvüfü bütün incəlikləri ilə izah etməyə çalışmışdı.
Ziyarəti tamamlayıb evə qayıdandan sonra onun haqqında araşdırma aparmış və onun təsəvvüf elmi üzrə alim olduğunu öyrənmişdim. Bir müddət sonra isə onun kitabını əldə etmişdim. Həmin kitab mənim üçün Mövlanə Cəlaləddin Rumi haqqında yazılmış ən dəyərli vəsaitlərdən biri təəssüratı bağışlamışdı. Əlqərəz, həmin şəxs məşhur professor Emin İşıq, kitab isə “Belhin güvercinleri” idi.
Söhbət əsnasında professor mənə təsəvvüfə necə meyl etməyindən danışmışdı və işlətdiyi bir cümlə məni həddindən artıq mütəəssir eləmişdi. Çünki bu ifadə təsəvvüfün haqqında danışacağım nəzəriyyəsini açırdı.
Kitabı əldə edəndən sonra həmin cümlə kitabda da rastıma çıxmışdı: “Mən Mövlanəni tanımadan onun haqqında yanlış ifadələr işlətmişəm. Buna səbəb isə Mövlanədən eşitdiyim bir cümlə olmuşdu. Cümlə isə belə idi: “O minarələr dağılsa, daha yaxşıdır””.
Professor, məhz Mövlanənin bu fikrinə görə ona “kafir və zındıq” deyənlərə qoşulduğunu, ancaq araşdırma aparandan sonra bu ifadənin fırıldaqçı bir müəzzinə görə işləndiyini öyrəndiyini və həm ona zındıq deyənlər, həm də öz adına utandığını yazırdı: “Maraqlanıb əsərlərini oxudum. Oxuduqca, gördüm ki, yerli və əcnəbi, onu tanıyaraq ona heyran olmayan bir Allahın qulu yoxdur”.
Məhz bu müzakirə mənə təsəvvüfün “önmühakimə” nəzəriyyəsini bir neçə cümlə ilə anlatmışdı. Çünki təsəvvüf zahiri elmdən çox, batini elmdir. Təsəvvüf üzdən fərqli, daxildən isə başqa mənalar ehtiva edir.
Şəms Təbrizinin dediyi kimi: “Xəzinələr hər zaman gizli və dərin yerlərdə olur”. Bəli, təsəvvüf də belədir. Çünki təsəvvüf o qədər dərindir ki, zahirən verilən istənilən məna yanlış ifadələrə gətirib çıxara bilər. Bu qayda həm də təsəvvüfün əsas qaydalarından olan önmühakiməli olmamağa çağırışın əsas izahlarındandır.
Fikrimə təsəvvüf aləminin böyük mütəffəkkiri, şair Yunus Əmrə haqqında bir tarixçə ilə davam etmək istəyirəm: Yunus Əmrənin yaşadığı dövrdə tanınmış və hörmətli, lakin ona kin və nifrət bəsləyən, həm də düşmən gözü ilə baxan Molla Qasım adlı bir şeyx olur. Molla Qasım davamlı olaraq Yunus Əmrə ilə ədavət etsə də, sonda səhvindən peşman olur və hətta, müxtəlif rəvayətlərə görə, Yunus Əmərənin müridi olur. Yunus Əmrə Molla Qasımla müzakirələrinin birində ona deyir: “Görünənlərin elmi olduğu kimi, görünməyənlərin də elmə ehtiyacı var. Zahiri bilmək haqqımız olduğu halda, batini bilmək niyə haqqımız olmasın? Çünki alovu ən yaxşı alovda yanan insan təsvir edə bilər. Alovda yanmayan insan alovu olduğu kimi təsvir edə bilərmi?”
Nəhayət, yazdıqlarıma əsasən, gəldiyim iki əsas nəticəni qeyd etmək istəyirəm:
1) Araşdırmadan verilən istənilən rəy ancaq səhvlərə yol açacaq;
2) Maddi elmlərə bələd olduğumuz üçün, mənəvi elmlər daha böyük əhəmiyyət kəsb edir. Mənəvi elmlərə isə həm mənəvi, həm də dünyəvi elmlərə bələd olmadan yetişmək olmaz.
Bu da o deməkdir ki, təsəvvüf həm maddi, həm də mənəvi elmdir. Mənəvi elmi anlamaq üçün isə bütün sərhədləri aşmaq, bütün məhrumiyyətlərdən azad və qərəzsiz olmaq lazımdır. Çünki mənəviyyat insanı müqəddəsləşdirib ən uca zirvələrə qaldırmağa qadirdir.
Müəllif:
Mərahim Nəsib
Tarix: 1-08-2020, 08:29