Professor Ramazan Siracoğlu Qurban bayramının fəlsəfəsindən yazdı:"BAYRAMIN MÜBARƏK, AZƏRBAYCAN!"

Ramazan SİRACOĞLU, professor
 
Qurban bayramı dünyanın əksər xalqlarının xüsusi təmtəraqla qeyd etdikləri dini mərasimdir. Çox qədim tarixə malik bu bayramın bütün dini inanclarda özəl yeri var. Qurban bayramının əsas məqsədi ALLAHa yaxın ola bilməkdir.
Təsadüfi deyil ki, bu bayramın hərfi mənasında da “yaxınlaşmaq, yanaşmaq” anlamı var.
Miladdan öncəki dövrlərdə midiyalılar, akkadlar, şumerlər, qibtilər, yəhudilər, yunanlar, hindlilər qurbanları tonqalda yandırırdılar. Mərasimə tamaşa edən insanlar inanırdılar ki, alovda yanan qurbanın tüstüsü yuxarıya – göy üzünə yüksəldikcə, insanların arzu və istəklərini də özü ilə bərabər  ilahi dərgaha çatdırır. Cahiliyyə dönəmində hətta insanlar da qurban edilirdi.
İslam Peyğəmbərinin  özü haqqında söylədiyi “Mən iki qurban edilmişin oğluyam” ifadəsi heç də təsadüfi deyil.
Peyğəmbərimiz “iki qurban edilmiş” söyləyəndə öz atası Abdullahı və özünün mənəvi ulu babası saydığı Həzrət İsmaili nəzərdə tutmuşdu.
“Qurani-Kərim”də İbrahim Peyğəmbərin hansı oğlunu – İsmaili, yoxsa İshaqı – kəsmək istəməsi ad olaraq dəqiq yazılmasa da, biz müsəlmanlar o şəxsin məhz İsmail olduğunu qəbul edirik və onun məhz belə olduğuna inanırıq.
“Qurani-Kərim”də həmin əhvalat bu şəkildə cərəyan edir. İbrahim Peyğəmbər oğluna müraciət edir: “Ey oğlum, yuxumda səni kəsdiyimi görürəm”(“Saffat”, 102-ci ayə)
İbrahim Peyğəmbərin oğlu da atasına ehtiramda zərrə qədər də qüsura yol vermir: “Ay atam, sənə əmr olunanı elə”. (“Saffat”, 102-ci ayə)
Həm ata, həm oğul, ALLAHın iradəsinə qarşı gəlməyi əsla düşünmədən ilahi istəyi yerinə gətirməkdə qətiyyət göstərirlər. Ata  ixtiyar yaşında ALLAHın ona əta etdiyi ciyərparəsini öz əli ilə, oğul da öz iradəsi ilə qurbangaha gedirlər.
Bu əhvalatda İbrahim Peyğəmbərin və oğlunun misilsiz iman sahibi olduğu vurgulanırHər ikisi (ALLAHın əmrinə) boyun əydiklərində və (İbrahim  kəsmək üçün onu) alnı üstə (üzüstə) yerə yıxarkən Ona səsləndik: Ey İbrahim!” (“Saffat”, 104-cü ayə)
“Tövrat”da bu əhvalat daha müfəssəl şəkildə  verilib. Orada “Yaradılış – Təkfin” surəsinin 6-cı ayəsində buyurulur ki, İbrahim Peyğəmbər bıçağı və közü götürdü, odunları oğlu İshaqın belinə yüklədi. İshaq soruşdu ki, odun və od buradadır, bəs kəsib yandıracağımız qurbanlıq quzu haradadır? İbrahim Peyğəmbər “ALLAH özü göndərəcəktir, oğlum” dedi. (“The fire and the wood are here, but where is the lamb for a burnt offering?” Abraham said, “God himself will provide the lamb for a burnt offering, my son.” Genesis, 22, 8 )

İbrahim Peyğəmbərin  öz oğlunu ALLAH yolunda qurban kəsmək cəhdi “Qurani-Kərim”lə “Tövrat”da həmən-həmən eynidir.
Bir fərq var: “Qurani-Kərim”də İbrahim Peyğəmbərin oğlu hadisənin lap başlanğıcından bilir ki, atası onu qurban kəsmək istəyir, “Tövrat”da isə oğul hadisələrin ən sonunda bu işdən xəbərdar olur.
Dünya rəssamları İbrahim Peyğəmbərin öz oğlunu qurban kəsməsi səhnəsini çox işləmişlər. Məsələn, Rembrant Van Reynin (1606-1669 ) bu mövzuda çəkilmiş rəsm əsəri çox məşhurdur. Alman  mənşəli rusiyalı Gerhardt Vilhelm von Reyternin  (Gerhardt Wilhelm von Reutern- 1794-1865) 1849-cu ildə böyük məharətlə çəkdiyi rəsm əsəri də  izləyicilərdə böyük təəssürat yaradır.
Özünü  atasının iradəsinə təslim etmiş oğlunun gözlərini görməmək üçün  onun üzünü sol əliylə tutmuş İbrahim Peyğəmbər sağ əlindəki bıçağı qətiyyətli hərəkətlə ovladının  boğazına çəkmək istədiyi dramatik anda ALLAHın əmriylə bir qoruma mələyi Həzrət İbrahimin əlini havada tutur. Həmin zaman İbrahim Peyğəmbərin üzündə həm məmnunluq, həm də ALLAH əmrinin icrasının gerçəkləşməməsindən doğan əndişə hissini rəssam çox böyük ustalıqla kətana əks etdirmişdir.
Qurban kəsmək sadəcə heyvan kəsib ət yemək  deyil. Yuxarıda qeyd olunduğu kimi, insanların bir-birinə yaxın olması, zənginlərin yoxsul insanlara, maddi və mənəvi köməyə ehtiyacı olanlara dəstək olmasıdır, möhtacların dərdindən hali olması, problemlərinin çözülməsinə yardım göstərməsi deməkdir.
ALLAHın əmridir: “ALLAH sənə yaxşılıq etdiyi kimi yaxşılıq elə. (“Qəsas”, 77-ci ayə)
Dünya hamımıza bir sınaq meydanıdır. Dünya malını fetişləşdirib onun əsirinə çevrilmək olmaz. Buna ən adi bir nümunə çəkmək olar: normal durumda  insan üçün təxminən iki metrlik yorğan-döşək yetərlidir. Təsəvvür edin ki, birisi özünə 2 km uzunluğunda 10 m qalınlığında yataq hazırladır. Nə qədər də məntiqsiz hərəkətdir, deyilmi? Burada “Varlığa nə darlıq?” prinsipi çox yersiz görünür.
Sərvəti, var-dövləti həddən biqərar xəsis Qarunun başına gələnləri  xatırlatmağa dəyər. “Qurani-Kərim”ə görə, xəzinələrinin açarlarını daşımaqda güclü bir dəstənin çətinlik çəkdiyi (“Tövrat”a görə, Qarunun xəzinələrinin açarlarını 300 qatır (!) daşıyırmış) Qaruna əmisi oğlu Musa Peyğəmbər “imkanın varikən yoxsulları düşün, möhtacları  unutma” söyləsə də, ehtişamı, təmtərağı, nəfis libasları, əyləncəli məclisləri, ləziz yeməkləri xoşlayan, yaltaqların dil boğaza qoymadan uydurduğu sözləri dinləməkdən zövq alan, olub-bitənləri məddahlarının təqdimatında görən, bohem həyatına düşkün, gerçəklik hissini itirən Qarun onu dinləmədi. Ona elə gəlirdi ki, malik olduğu hər şeyi öz halal əməyi və elmi ilə qazanıb: “Söylədi: Bunlar mənə mənim bilik və bacarığıma görə mənə verilib”. (“Qəsas”,78-ci ayə )
Axırda elə günə düşdü ki, nə hədsiz sərvəti, nə də səhərdən axşamadək onun qapısında qulluq edənlər ona yardım edə bildi. Qarun fasiq oldu, gözqamaşdırıcı mal varlığına aldanıb ALLAHın əmrinə qarşı gəldi, ilahi ədaləti unudub yer üzünə fitnə-fəsad saldı. ALLAHın əmridir: “Yer üzünə fəsad salma, həqiqətən, ALLAH fəsad törədənləri sevmir”. (“Qəsəs”, 77-ci ayə)
İlahi və bəşəri qanunlar bizi mümkün olan yerədək yaxşılıq etməyə çağırır. Hər zaman güvəndiyimiz, inandığımız, könül verdiyimiz, “Qurani-Kərim”ə əməl etmək bizim insanlıq borcumuzdurALLAH yolunda xərcləyin, yaxşılıq edin, gerçəkdən də ALLAH yaxşılıq edənləri sevir”(“Bəqərə”, 195-ci ayə)
Təəssüf ki, bəşəri, keçici zövqün əsiri olanlar çox vaxt ilahi hökmləri görməzdən gəlirlər. XIX əsrin məşhur maarifçi şairi Seyyid Əzim Şirvani necə də gözəl buyurub:
Dünyanı tutub demə, cənnət də mənimdir,
Həqdən bu təmənnanı sual eyləmək olmaz.
Seyyid, hərəmi – Ərşdə Xaliq əməl istər,
Məhşərdə durub cəng ü cidal eyləmək olmaz.
Qurban bayramı qardaşlıq, yardımlaşma, barışma və həmrəylik bayramıdır. Fədakarlıq, bağışlama, umu-küsünü unutma, elliklə sevinmə, xoş diləklərin, gözəl arzuların gerçəkləşməsi yolunda qarşılıqlı şəkildə əl-ələ tutuşma bayramı, ehtiyacı olanları ziyarət etmə, bir təbəssümə tamarzı olanlara, bir xoş sözə həsrət qalanlara mərhəmət göstərmə günüdür.
Qurban bayramı məkrli düşmənə qarşı güzəştsiz mübarizənin şiddətləndiyi anda bir bayraq altında tək amal, tək hədəf uğrunda mətin sıralarda dağ kimi sıralanma günüdür, dədə-baba yurdumuzun işğalçılardan təmizlənməsi naminə milli birlik günüdür.
Qurban bayramı insanın onu həyatı boyu təqib edən, daim onu harama sürükləyən, haqq yolundan – nicat yolundan uzaqlaşdıran nəfsinə qarşı mübarizə günüdür.
ALLAH vətən uğrunda, bayraq, dövlət müstəqilliyimiz yolunda şəhid olanlara, özünü Azərbaycana qurban edənlərə rəhmət etsin, qalan vətəndaşlarımıza uğurlar versin, ÜÇRƏNGLİ BAYRAĞIMIZIN yenidən Şuşada, Laçında, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Xankəndində dalğalandığı günü görməyi bizə nəsib etsin, inşallah.
Bayramın mübarək, AZƏRBAYCAN!
Tarix: 31-07-2020, 08:16
Xəbəri paylaş



Xəbər lenti