Əsası orta əsrlərdə qoyulmuş bu gözəl mənzərəli şəhər 900 illik yubileyini qeyd edir, lakin onun innovativ dizaynı bu şəhəri ekoloji davamiyyət və yaşayış üçün yararlılıq dərəcəsi baxımından dünyanın ən qabaqcıl şəhərlərindən birinə çevirir.Freiburg-un Breisgau rayonunda yerləşən tarixi Qədim Şəhər mərkəzində hərəkət edən tramvay "900 yaşlı gənc" şüarı ilə bəzədilib.
1120-ci ildə tacir qəsəbəsi kimi bünövrəsi qoyulmuş Almaniyanın bu şəhəri İsveçrə, Fransa və Almaniyanın sərhəd üçbucağının yaxınlığında yerləşən Qara Meşənin ətəyində salınıb. Şəhərin 900 yaşı tamam olsa da, əhalisi gəncdir. 220 min nəfərlik şəhər sakininin təxminən 10 faizi nüfuzlu Albert Ludwig Universitetində oxuyur. Bunun nəticəsində Freiburg Almaniya şəhərləri arasında əhalisi ən gənc olanların cərgəsindədir.
Şəhər meri Martin Horn 2018-ci ildə bu vəzifəyə seçiləndə cəmi 34 yaşında idi.
Şəhərin yolları, binaları və infrastrukturu nisbətən təzədir, çünki İkinci Dünya müharibəsi bombardmanlarından sonra yenidən tikilib və ya bərpa olunub. Bu inqrediyentlərin hamısı nəinki Almaniyanın, hətta bəlkə dünyanın da ən canlı, mütərəqqi, ekoloji cəhətdən ən təhlükəsiz və uşaqlar üçün rahat olan Freiburg şəhərinin formalaşmasında rol oynayıb.
Almaniyanın Qara Meşəsinin ətəyində möhtəşəm şəkildə qurulan, orta əsrlər Freiburg şəhəri bu il 900 illik yubileyini qeyd edir. Əksəriyyət üçün şəhərin ekoloji təhlükəsizliyinə önəm verilməsinin dönüş nöqtəsi 1975-ci ilin fevral ayına təsadüf edir. Minlərlə etirazçı Qara Meşənin dərinliyində, Freiburg-dan 30 km şimalda yerləşən bir torpaq sahəsində 9 ay ərzində düşərgə saldı.
Həmin tədbirdə iştirak edən və indi BUND (Almaniya Ətraf Mühit və Təbiətin Mühafizəsi Federasiyası) direktoru olan Aksel Mayer deyir ki, "o zaman etiraz dinclik və həmrəylik şəraitində keçib".
Cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən etiraz iştirakçıları ərazidə Wyhl nüvə stansiyasının inşası layihəsinin həyata keçirilməsinə yol verməməyi qarşılarına məqsəd qoymuşdular.
Doqquz ay sonra inşa işləri dayandırılır və vətəndaşlar tərəfindən idarə olunan bu müvəffəqiyyət nümunəsi Freiburg şəhərini alternativ düşüncə və yaşıllar hərəkatının yaranması mərkəzinə çevirir. Sonrakı onilliklərdə Freiburg sürətlə ətraf mühit iqtisadiyyatı və günəş enerjisi ilə bağlı tədqiqatların aparılması mərkəzinə çevrildi və yaşıllar hərəkatı çərçivəsində bir sıra nailiyyətlər əldə etdi:
Keçən il Freiburg bu innovative layihələri öyrənmək üçün dünyanın hər yerindən 25 minə yaxın rəsmini və urbanistləri şəhərə dəvət edib. Bu məlumat mübadiləsi sayəsində İtaliyanın şimalındakı bir qardaşlaşmış şəhər olan Padua o zamandan bəri İtaliyanın ən böyük günəş enerjisi stansiyasını quraşdırıb; ABŞ-ın Wiskonsin ştatındakı Madison şəhərində isə hazırda Freyburgdakı Günəş Mərkəzinə əsaslanan Ekoloji Dayanıqlıq Mərkəzinin inşası planlaşdırılır.
Son 45 ildə bu kiçik şəhər alternativ düşüncə və ekoloji dayanıqlıq üçün təcrübə meydançasına çevrilib. Bu ziyarətçilərin çoxuna bələdçilik edən Aiforia koloji davamlılıq agentliyinin əməkdaşı Andrea Philipp olub."Mənim avtomobilim yoxdur və buna heç ehtiyacım da yoxdur. Freiburgda hər yerə velosipeddə gedib çıxmaq olur," - Filip deyir.
Freiburg-da velosiped yollarının uzunluğu 400 km-dir və velosiped sayı avtomobillərdən ikiqat çoxdur, odur ki, bu şəhər velosipedçilər üçün cənnət məkan sayılır.
Bu cür məqsədli dizayn müharibədən sonrakı planlaşdırma dövrünə təsadüf edir. Digər alman şəhərləri abadlaşdırma planlarını nəqliyyat infrastrukturu əsasında qururdularsa, Freiburg-dakı planlaşdırılma fərqli prinsipə söykənərək, əsas diqqəti tramvay və velosiped yollarına və geniş piyada zonalarına ayırdı.
Almaniyanın qalan yerlərində geniş avtomobil magistral yolları və avtomobil parkları qurulduğu bir dövrdə Freiburg 1969-cu ildə ətraf mühitə uyğun olan, ekoloji səyahət sistemlərinə əsaslanan nəqliyyat proqramını işləyib hazırladı.
Freiburg-un Wiwilíbrücke körpüsü, velosipedçilərin ixtiyarına verilmiş şəhər yollarından biridirŞəhərin bütün yaşıllıq təşəbbüslərini göstərən pulsuz Yaşıl Şəhər xəritəsi ilə tanış olduqdan sonra nəhəng mavi Wiwilíbrücke körpüsündən keçərək Kafedral meydanındakı Fermerlər Bazarına tərəf getdik.
13-cü əsrin qotika qülləsinin kölgəsində, bazar günü istisna olmaqla, hər səhər yerli məhsulların satıldığı şəhər bazarı burada yerləşir. Təklif olunan məhsulun çoxu orqanikdir. Biz Köhnə Şəhəri 10 km uzunluğunda olan və hər gün 15000 velosipedçinin hərəkət etdiyi xüsusi bir velosiped yolu zolağı ilə tərk etdik. Sürətlə axan Dreisam çayı sahili boyu gəzdiyimiz zaman Philipp mənə yaxınlıqdakı qatar xəttinin genişləndirilməsini kompensasiya etmək məqsədi ilə ətraf mühit üçün hazırlanmış bir bərpa layihəsi haqqında danışdı.
"Çayın sağ tərəfinin axını ikiqat genişləndirilib və nəticədə quşlar və böcəklər tədricən həmin zonaya qayıtmağa başlayıb," - o deyib.
Futbol matçları keçirilən günlərdə SC Freiburg klubunun azarkeşləri 24000 nəfərlik tutumu olan yerli Schwarzwald stadionuna axışır. Bu, günəş enerjisi ilə işləyən Almaniyanın ilk futbol stadionudur. 1993-cü ildə günəş panelləri stadionun damına quraşdırıldığı gündən bəri bu stadion ildə 250 min kilovat-saat elektrik istehsal edir. Nəticədə həm stadion enerji ilə tam təmin olunur, həm də ki, artıq qalan enerji şəhərin elektrik şəbəkəsinə qaytarılır.
Bu dizayn günəş panellərindən elektrik enerjisi alacaq və yaxınlıqdakı istehsalat zavodundan istilik enerjisini təkrar istifadə edəcək yeni Freiburg Stadionunun layihəsində də tətbiq olunub.
10000 əlavə oturacaq yeri olan bu stadionda ilk futbol matçının 2020-ci ilin sonunadək keçiriləcəyi gözlənilir.
Ətrafdakı Qara Meşə yerli sakinlər üçün xoş bir sığınacaq və istirahət məkanıdır. Geniş dağ silsiləsində piyadalar üçün cığırlar, ictimai bağlar, bağ sahələri, velosipedçilər üçün cığırlar, uşaq bağçalarına aid kiçik meşə sahələri yerləşir. Freyburq əsilli Konstantin Hoffmann uşaqlığını təbiətlə sıx təmasda keçirməsini xatırlayır.
SC Freiburg klubunun stadion kompleksi günəş enerjisi və təkrar istifadə olunan istilik enerjisi ilə işləyir"Freyburg-da böyümək o deməkdir ki, harada olursan, ol, dağlar və meşə ilə əhatə edilirsən, onları görürsən, - o deyir. - Uşaq bağçasından bizi tez-tez ən yaxın meşəyə aparırdılar. Deyərdim ki, təbiət, ətraf mühit və ekoloji dayanıqlıq düşüncələrimə kök atıb".
Şəhər mərkəzindən cəmi 3 km məsafədə yerləşən şəhərətrafı Vauban icması bənzər bir ekoloji şüurlu bir etikaya sahibdir. Burada vətəndaş cəmiyyəti "kollektiv inşa" qaydasından faydalanır. Vətəndaşlar birlikdə bir torpaq sahəsi alıb özləri burada bir yaşayış binası tikir, daha tikinti şirkətindən fərdi bir ev almırlar. Hoffmann deyir ki, əslində, "insanlar daha yaşıllıqsevər, daha alternativ və daha çox sosialdırlar". Vauban-ın 5500 sakini ətrafdakı 40 hektar ərazini əhatə edən kooperativlərdə, fərdi evlərdə və ya sosial mənzil binalarında yaşayır.
Bütün mənzil və evlər Freiburg-un 65 kVt / kv m aşağı enerjili tikinti standartına uyğundur, kənardan alınan minimal həcmdə enerji isə elə bu ərazidə yerləşən ağac istehsalının tullantıları hesabına işlədilən istilik sistemlərindən hasil olunur.
Vauban-ın ekoloji cəhətdən əlverişli ərazisində az enerji sərf edən binalar yerləşirBu şəhərdə tətbiq olunan innovativ sosial layihələri sadalamaq uzun çəkər, lakin Philipp mənə şəhərdə olmayan bir şeyi söylədi: avtomobillər.
Vauban-da avtomobil sahibliyi göstəricisi hər 1000 sakinə 172 maşın təşkil edir, Freiburgda həmin göstərici 393, yaxınlıqdakı Stuttgart sənaye şəhərində isə bu rəqəm 531-dir. Vauban-da avtomobil parkları uşaqlar üçün oyun meydançalrına çevrilib. Göründüyü kimi, bir avtomobilə sahib olmaq Vauban-da sosial intihar etmə kimi qəbul olunur.
"Kimsə avtomobili çox uzun müddət ərazidə park edərsə və ya maşının sahibi olduğunu bildirməzsə, qonşularla problem yaranır, - Philipp qeyd edir.
Digərləri isə ittihamedici baxışlardan xilas olunmaq üçün maşınlarını qonşu şəhərlərdə "gizlədirlər".
Şəhər daxilində 50 Bugginger Strasse ünvanında şəhərin ən iddialı yenilənmə layihələrindən biri həyata keçirilir.
Həmin ünvanda yerləşən 16 mərtəbə hündürlüyündə bina qeyri-adi görünməsə də, Filip qeyd edir ki, əslində, bu binanın enerji və istilik sərfiyyatı daxili cihazlar, insanların bədən istiliyi, işıq lampalarının istiliyi və bu kimi digər passiv enerji mənbələri hesabına təmin olunur.
Freiburg meriyasının yeni Town Hall binası 2017-ci ildə dünyanın inşa edildiyi zaman sərf etdiyindən daha çox enerji istehsal edən ilk ictimai binası olmuşdu10 il əvvəl şəhərsalma və planlaşdırma üzrə Stadtbau şirkəti Freiburg-un mənzil çatışmazlığı probleminin həlli çərçivəsində aparılan işlərə uyğun olaraq, 90 mənzillik binanı 139 mənzillik binaya çevirən bir layihə gerçəkləşdirib.
Enerjiyə qənaət edən işıqlandırma sistemi və liftlər, günəş panelləri, üçlü şüşəli pəncərələr və çardaqda yerləşdirilmiş yeni istilik sistemi sayəsində 1968-ci ilin Brutalist üslubunda inşa edilmiş binasında şəhərin sərt standartları nəzərə alınaraq, enerjidən istifadənin 78 faiz azalmasına nail olunub.
Hətta sosial uyğunlaşma amili də nəzərə alınıb.
"Kimsə başqa yerə köçərsə, evin sakinləri boşalmış yerə təzə köçəcək adamla bağlı səsvermə keçirilər. Beləliklə, misal üçün, gitaraçı qonşunuzun olmağını istəmirsinizsə, ona "yox" demək imkanınız var," - Philipp gülümsəyərək deyir.
İki kilometr şərqdə yerləşən şəhər meriyasının yeni Town Hall binasının xarici görünüşü yüngül və işıqlı konstruksiyaları ilə daha çox müasir bir ticarət mərkəzini xatırladır.
Onun xarici divarları 4000 kv.m ümumi sahəsi olan günəş modulları ilə örtülüb. Bu bina dünyanın ilk ictimai binasıdır ki, istehlak etdiyindən daha çox enerji istehsal edir və elektrik enerjisinin artığını şəhərin elektrik şəbəkəsinə qaytarır.
Yaşıllar partiyasından olan keçmiş bələdiyyə başçısı Dieter Salomon-un 16 illik rəhbərliyi altında inşa edilən binanın günəş panelləri ilk ildə 560 meqavatt elektrik enerjisi istehsal etdi - həmin enerji dörd nəfərdən ibarət 140 ailənin illik enerji ehtiyaclarının ödənməsinə bəs edir.
Beləliklə, problemin həllində yaradıcılıq və orijinallıq nümayiş etdirən bir şəhər üçün gələcək nə vəd edə bilər? Bu şəhərdə keçən il doğuş statistikası daha da artıb, odur ki, şəhər əhalisinin daha da cavanlaşacağı gözlənilir.
2030-cu ilə qədər atmosferə CO2 tullantılarının 50 faiz azaldılması və 2050-ci ilə qədər bərpa olunan mənbələrdən 100 faiz enerjinin alınması hədəfləri müəyyən edilməklə Freiburg şəhəri daha da yaşıl bir sabaha doğru inamla addımlamaqda davam edir.
//BBC Azərbaycanca
Tarix: 29-07-2020, 07:34