TƏBİB-in dəstəyilə koronavirusun ölkəmizdə yayılması statistikasını əks etdirən, ümumi məlumatları mütəmadi olaraq vətəndaşlara çatdıran “e-tebib” tətbiqi hazırlanıb.
Pravda.az-ın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında mobil tətbiqlə bağlı məlumat verilib.
Bildirilib ki, mobil tətbiq hazırlanarkən Böyük Britaniya, Sinqapur və Cənubi Koreyanın təcrübəsindən istifadə edilib, bir sıra analoji mobil tətbiqlər təhlil olunub.
Qeyd edilib ki, COVİD-19 pandemiyası ilə bağlı həm Google, həm də Apple şirkəti tərəfindən proqramlar yüklənərkən ciddi prosedurlara riayət etmək məcburidir. Hazırda mobil proqram bir sıra önəmli funksiya daşıyır. Koronavirus infeksiyasına yoluxmuş şəxslərin gündəlik statistikası, Nazirlər Kabineti yanında Operativ Qərargahın xəbərləri, profilaktik tədbirlər, xəstəliyin simptomları, Qaynar xətt nömrələri və iki vacib funksiya var.
Bildirilib ki, həmin iki funksiya infeksiyanın yayılmasının qarşısını almaqda priventiv tədbirlərin görülməsində yardımçı olacaq. “Bluetooth” vasitəsilə xəstəliyə yoluxmuş şəxslərin aşkar olunması, məlumatlandırılması və təlimatlandırılması, eyni zamanda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin koronavirus üzrə laboratoriyasının test nəticələrini həmin mobil tətbiqə göndərmək imkanı yaradılıb. Mobil tətbiqin yeni versiyası yeniləndikdən sonra əlavələr də olacaq.
Qeyd edilib ki, karantinə alınan şəxslər gün ərzində müxtəlif saatlarda şəkil çəkmə vasitəsilə proqrama daxil olarkən bilinir ki, həmin şəxs evdədir və özünü təcrid olunub. “Bluetooth” texnologiyasının daha geniş tətbiqi istifadəçiləri müxtəlif statuslara bölmək imkanı olacaq. Yəni göy rəng olduqda onu bildirəcək ki, həmin şəxs heç bir test analizi verməyib və COVİD-19 olan şəxsin yanında onunla təmasda olmayıb. Sarı rəng o deməkdir ki, şəxs koronaviruslu xəstə ilə təmasda olub və özünütəcrid etmək məsləhət görülür. Qırmızı status o deməkdir ki, həmin şəxs koronavirusa yoluxub, karantin kommunikasiya statusuna çevrilib. Yaşıl rəng isə o deməkdir ki, həmin şəxsə testin nəticəsinin neqativ olduğu məlumatı gəlir və yenidən göy statusa çevrilir ki, həmin şəxs həm neqativdir, həm də virusa yoluxmuş şəxslə təmasda olmayıb.
Xaricə səfər edərkən də həmin vacib məlumatlar mobil tətbiqə göndəriləcək ki, şəxs bilsin ki, həm bizim ölkəmizdə, həm də getdiyi ölkədə hava limanında, təyyarədaxili hansı qaydalara əməl etmək vacibdir.
İAMAS sisteminə inteqrasiya edilir, riskli ərazilər haqqında məlumatların yığılması QR kod vasitəsilə olur. QR kod mobil tətbiqdə olacaq. Hansısa restoran, ticarət mərkəzi, insanların kütləvi yığışdığı yerdə QR kodla daxil olduqda həmin statuslar vasitəsilə görünəcək ki, bu şəxs heç kimi yoluxdurmayacaq və əgər orada yoluxmuş şəxs olarsa, o zaman həmin istifadəçinin mobil tətbiqinə xəbərdarlıq gələcək ki, yaxın 14 gün ərzində yoluxmuş şəxsin yanında olmusuz.
Eyni zamanda qeyd edilib ki, müxtəlif mobil operatorların abunəçiləri üçün e-tebib mobil tətbiqindən istifadə edilən zaman internet qrafiki tam pulsuzdur.
Tarix: 20-06-2020, 13:56