Corc Jellinekə görə, dövlətin var olması üç ünsürə bağlıdır: insan, sərhədlər və iqtidar Biz bir çox dəyərlərin, mədəniyyətlərin insan yaranan gündən onunla birlikdə yarandığını bilirik. Lakin dövlətçilik dəyəri, ənənəsi daha sonraların məhsuludur. Çünki dövlətin var olması üçün müxtəlif mərhələlərdən keçmək lazım idi. Aristotel dövlət anlayışına o qədər yüksək qiymət verirdi ki, hətta hər toplumun, xalqın dövləti ilə bir gündə yarandığını qeyd edirdi. Onun düşüncəsinə görə, qədim insanlar sadəcə bioloji varlıq kimi kainatda var olublar. Lakin dövlətdə yaşayan insan özünü cəmiyyətdə önəmli bir şəxs kimi hiss edir, onun yaşamaq, işləmək, təhsil almaq hüquq var. İnsan həm də özünün dövlətin bir parçası olduğunu dərk edirdi.
Lakin heç də hər zaman dövlətdə yaşamaq imkanı insanlara xoşbəxtlik gətirməyib. Bəzi alimlər insanların ilk birliklərini - kortəbii toplu olaraq, qəbilələr, tayfalar halında yaşamalarını da xırda dövlət kimi dəyərləndirsələr də, müasir dövrdə bu, inkar edilir. Müasir tarixçilər deyirlər ki, erkən dövlətçiliyə gedən yol quldarlıq quruluşundan keçib ki, burada xırda dövlət qurumlarına rast gəlmək olur. Lakin onların bütöv sərhədlər daxilində möhkəmliyinin, güclü idarəetməsinin, nizami ordusunun olmaması onları dövlətçilik ənənəsi tarixindən kənar qoyur.
Quldarlıq kimi əziyyətli dönəmin sonu feodalizmlə nəticələndi ki, onun da öz çətinlikləri, dözülməzlikləri vardı. Feodallar özlərini toxunulmaz elan edib, əhali üzərində müxtəlif qanunlar qoya bilərdilər. Hətta, bəzən illik alınacaq vergini məhsulun həcminə görə deyil, torpağın sahəsinə görə almaları kəndliləri müflis edirdi.
Kapitalizm - əmək bölgüsünə əsaslanan quruluş idi. Ticarətə, sənayeyə kapital qoyuluşu, rəqabət, müflisləşmələr də ümumilikdə xalqa mənfi təsr edirdi. Çünki yenə də istismar edilən, əzilən xalqlar idi.
Dövlət Bütün quruluşlarda müəyyən dövlət idarəetmə funksiyaları vardı. Lakin dövlət dəyərləri üç ünsürdən meydana gəlmişdi ki, idarəetmə bunun üçüncü ünsürü idi.
Corc Jellinek dövlətçilik haqqında yazılan və 1900-cü ildə nəşr olunan “Üç ünsür” kitabında daha dəqiq dəyərləndirmələr edib. Onun yazdığına görə, dövlətin var olması üçün üç ünsür var ki, onlardan birincisi insandır. İkincisi torpaq bütünlüyü və sərhədlər, üçüncüsü isə bu iki dəyərə sahiblənmək, onları qorumaq və idarə etmək üçün olan güc – iqtidardır. Lakin heç nə bununla yekunlaşmır.
Dövlət sözü ərəbcə “dövlə” sözündən yaranıb. Tədavül edən, əldən-ələ keçən, dəyişən mənasını bildirir. Qədim Yunanıstanda, əsasən şəhər dövlətləri mövcud olduğundan, şəhər mənasını verən “polis” adı istifadə edilirdi. Romalılar isə dövlətə “civitas” ya da “res publica” deyirdilər.
Orta əsrlərdə Şərqdə “dövlət” və ya “xilafət” adı istifadə edilərkən, Qərbdə “imperium” – hökmdarlıq, yaxud “reqnum” - krallıq adlarından istifadə edilirdi.
Xalq Lakin müasir baxışla əsaslandırsaq, hər ikisində dövlətin əsas iki ünsürü - insan və torpaq birliyi dəyərləri qorunmurdu. Yalnız şahlar, krallar qanun idilər. Xalqın nə düşündüyü, onun necə yaşamaq istəməsi dövlətləri idarə edənləri maraqlandırmırdı. “Ümumxalq işi” mənasını verən respublika ilk dəfə Romada e.ə.509-cu ildə yarandı və e.ə. 30-cu illərə kimi davam etdi. Bu zaman senatda qəbul edilmiş məsələlərin bir də xalq yığıncağında müzakirəyə çıxarılması, xalq nümayəndələrinin də fikirlərinin öyrənilməsi respublika üçün mühüm məsələlərdən biri idi.
Lakin daha sonra Qərbdə yaranan imperiyalar dövründə xalq özünü təsdiqləyə bilmirdi. Müharibə olardısa, hamılıqla müharibəyə getməliydi. İdarəçilər istərdilərsə, torpaqları əllərindən alınar, istənilən sürgünə göndərilə və ya öldürülə bilərdilər.
Bütün buları din adına, tanrı adına həyata keçirirdilər. Qədimdən bəri imperatorlar, hökmdarlar özlərini tanrının oğlu, tanrının yer üzündəki vəkili adlandıraraq hökmranlıq edirdilər. Orta əsrlərdə bu missiyanı Qərbdə kilsələr, Şərqdə isə xilafət dövlətləri həyata keçirdi.
Hüquq Erkən orta əsrlərdə Şərqdə nisbətən hərəkətlilik vardı. Bəzən xilafətə qarşı hər hansı azadlıq hərəkatları baş qaldırırdı. Çünki Şərq elm, şəxsi inkişaf səviyyəsinə görə də irəlidə idi. Lakin Qərbdə vəziyyət daha kəskin idi.
İlk dəfə Qərbdə insan haqları konsepsiyası adlandırılan “Böyük Azadlıqlar Xartiyası” mənası verən “Maqna Karta” 1215-ci ildə İngiltərədə qəbul edildi. 800 il yaşı olan bu tarixi sənəd latınca yazılmışdı. Konsepsiya kral ilə baronlar arasında imzalanmışdı və kralın səlahiyyətlərini qismən məhdudlaşdırmağa yönəlmişdi. Konsepsiyaya görə, məhkəmə keçirilmədən qanunsuz olaraq heç kim həbs edilməməli idi.
Lakin XVIII əsrə kimi qanunlara əməl edilməyib. Orta əsrlərdə İngiltərədə hakim baronlar həm də azad adamlar idilər. Bu konsepsiya ancaq onlara aid edilməyə başlanıldı. Xalq isə yenə də qanunlardan kənarda qalmışdı. Uzun müddət bu sənədin varlığı yada düşməyib.
Lakin İngiltərədə 1642-ci ildə başlanan vətəndaş müharibəsinin gedişində bu sənədin maddələrindən istifadə edilərək müqavilə bağlandı. İmperiya dövründə sənəd müstəmləkə xalqlarına qarşı dəyənək rolunu oynadı və imperiya bu qanunlardan öz xeyrinə istifadə etməyi bacardı.
ABŞ-da 1791-ci ildə qəbul olunan “Hüquqlar haqqında bill”də “Maqna Karta”nın bəzi qanunlarından yararlandılar. Hindistanın milli azadlıq mübarizi Mahatma Qandi isə insan haqları uğrunda mübarizəsində bu sənədin tamamına istinad etmişdi. 1948-ci ildə “Maqna Karta” əsasında “Ümumbəşəri İnsan Haqları Deklarasiyası” yaradıldı.
İdarəetmə formaları Aristokratiya Yaxşıların hakimiyyəti. Qədim Romada yuxarı imtiyazlı təbəqənin birlikdə yaratdığı idarəetmə forması idi. Bütün hakimiyyət onların əlində cəmləşmişdi.
Demokratiya Xalq dövlətin əsas ünsürü kimi qəbul edilir. İdarə edənlər xalqa imtiyazlar verirlər, onun yaşamaq, təhsil almaq, inkişaf etmək, söz azalığından istifadə etmək kimi hüquqlarını tanıyırlar. Hər bir ölkə demokatik şərait yaratmalı, onun inkişafı üçün qanunlar qəbul etməlidir. Zaman keçdikcə burjua demokratiyası, liberal demokratiya və s. növləri formalaşıb.
Despotizm Ölkədə hüquq, qanun var olsa da, dövləti idarə edən şəxs bunlara məhəl qoymur. Bütün hakimiyyəti öz əlində cəmləşdirib, öz düşüncəsinə görə dövləti idarə edir. Tarixdə ilk despotik dövlət Qədim Misir dövləti olub.
Monarxiya İdarəetmələr arasında ən kəskini monarxiya idi. Sülalə dövlətləri də monarxiya üsul idarəsi hesab edilir. Burada qeyri-məhdud hakimiyyətə malik bir rəhbər (monarx, hökmdar, imperator, xan, şah) var. Mütləq monarxiyalar, əsasən son orta əsrlərdə meydana gəlmişdi.
Monarxiya dövlətlərində xalqın iradəsi nəzarə alınmır. Xalqın heç bir istəyi və təklifi dövlətdə keçərli deyil. Monarxiya atadan oğula, nəsildən nəsilə keçən uzunmüddətli idarəetmə sistemidir. Antik monarxiya Afinada, Spartada mövcud olub. Daha sonra kapitalizmin tələblərinə uyğun olaraq konstitusiyalı monarxiya, parlamentli monarxiya, federal monarxiya sistemləri formalşıb.
Diktatura Bütün hakimiyyətin bir şəxsin əlində cəmləşməsidir. Ölkə polis sistemi ilə idarə edilir. Tarixdə il diktatura Qədim Romada e.ə I əsrdə meydana gəlib. Burada senat hakimiyyətin bir nəfərin əlində cəmləşməsi üçün qərar qəbul edirdi.
Tarixdə hərbi feodal diktatura və faşist diktaturası da mövcud olub. Yaponiyada Syoqun rejimi ilk hərbi feodal diktatura hesab olunur. Faşist diktaturası isə İtaliyada 1919-cu ildə meydana gəlib. Bu, sağ radikal siyasi hərəkat idi. Daha sonra Almaniyada faşıst diktaturası qurulub.
Yeni sistem XX əsrin əvvələrində, dünya düzənini kökündən dəyişən dünya müharibəsi başlandı. Nəticədə imperiyalar dağıldı, yeni dövlətlər meydana gəldi. Lakin bu da son olmadı. Dünyanı bürüyən iqtisadi böhran, sistemsiz və mübahisəli Millətlər Cəmiyyətinin fəaliyyətinin azalması dünya ağalığı ideyasını yenidən gücləndirdi.
İkinci Dünya müharibəsindən sonra ölkələr yenidən parçalandı. Yeni yaranan dövlətlərin idarəetməsinə nəzarət etmək üçün 1945-ci ildə bir qurum yaradıldı - Birləşmiş Millətlər Təşkilatı (BMT). Ora qəbul olunmaq üçün dövlətlər yeni sistem qurmalı, bir sıra öhdəliklər götürməli idi.
Onlardan biri də dövlətlərin bir-biri ilə qarşılıqlı siyasi, iqtisadi və mədəni əlaqələrinin təmin edilməsi idi. Həmçinin, beynəlxalq müstəvidə müharibə şəraitində yaşayan ölkələrdə sülhün, təhlükəsizliyin qorunması, ərazi bütövlüyü daxilində yaşayan xalqların, millətlərin azadlığı, təhsil, səhiyyə hüuquqlarının təmin edilməsi idi.
Respublika üsul idarəsi Hazırda dünyada ən çox yayılmış idarə üsuludur. Bu üsula görə dövləti idarə edən şəxs xalq tərəfindən seçilir. Burada qanunlar xalqın iradəsi üzərində hazırlanır və dövləti idarə edən şəxs xalqın birinci xidmətçisi hesab olunur.
Respublika idarə forması ilk dəfə e.ə. V-IV əsrlərdə Afinada formalaşmışdı. Romada aristokratlar respublikası isə e.ə V-II əsrlərdə mövcud olub.
Respublika idarə üsulu hazırda prezidentli və parlamentli respublika formalarına malikdir. Prezidentli respublika formasında ölkədə icraedici (prezident), qanunverici (parlament) və məhkəmə sistemləri mövcud olur. Ən uğurlu və yeni forması parlamentli respublikadır. Burada hökumət prezident qarşısında deyil, parlament qarşısında məsuliyyət daşıyır. Avstriya, Almaniya, İrlandiya, İtaliya və Hindistan parlamentli respublika idarə üsulunu ən uğurla formalaşdıran ölkələrdir.
Lakin istisnalar da mövcuddur. Hazırda dünyada respublika idarə üsulunun, sadəcə formal xarakter daşıdığı ölkələr də var ki, onlar, əslində polis rejimi, diktatura ilə ölkələri idarə etməkdədir. Buna Yaxın və Orta Şərq ölkələrində daha çox rast gəlmək mümkündür.
Avropa İnsan Haqları Məhkəməsi və digər beynəlxalq insan haqları təşkilatları hər il ölkələr üzrə reytinq açıqlayır. Burada insanların həyat şəraiti, söz, vicdan, mətbuat azadlığı və digər kateqoriyalar üzrə göstəricilər mövcuddur.
Lakin tarix boyu mövcud olan, qəbul ediımək istənilməyən bir həqiqət var: Xalq hər zaman azadlığa meyillidir. Azad və sosial dövlətdə də, əzab-əziyyətli ölkələrdə yaşadıqda da azadlıq xalqlar üçün bütün dəyərlərdən öndə gəlir.
Müəllif:
Şəhla Cabbarlı
Tarix: 19-06-2020, 23:16