
Bakının ayrı-ayrı rayonlarında baş verən tikinti proseslərinə baxanda adamın ağlına ilk gələn sual bu olur - bu rayonlara ümumiyyətlə kimsə nəzarət edir?
Paytaxtın müxtəlif ərazilərində səkilər zəbt olunur, yaşıllıq sahələrinə müdaxilə edilir, yaşayış massivlərinin arasında iri obyektlər peyda olur, sənədləri və tikintiyə icazələri ilə bağlı suallar doğuran tikililər ucaldılır. Bütün bunlar isə bir gündə baş vermir.
Tikinti aparılır, fundament qoyulur, mərtəbələr qalxır, obyekt böyüyür. Və bütün bunları görməmək mümkün deyil. Amma nədənsə bir çox hallarda aidiyyəti qurumlar yalnız məsələ ictimailəşəndən sonra “araşdırma aparılacaq” deməklə kifayətlənirlər. Bəs tikinti gedəndə harada idiniz?
Media soruşur, icra hakimiyyəti susur
Daha biabırçı mənzərə isə media sorğularına münasibətdə ortaya çıxır. Konkret ünvanda konkret tikintinin qanuni olub-olmadığını soruşulur. İcra hakimiyyətindən isə konkret cavab əvəzinə ümumi cümlələr verilir. Çox vaxt ümumiyyətlə, cavab verilmir, bəzən də məsələ başqa qurumun üzərinə atılır.
Adətən, bir neçə cümləlik şablon cavabla məsələ bağlanmış hesab edilir.
Bu yanaşma qəbuledilməzdir. Çünki jurnalist dövlət qurumundan əlavə məlumat istəmir.
Bu tikintiyə icazə verilib, yoxsa verilməyib?
Əgər verilibsə – sənədi nədir?
Əgər verilməyibsə – niyə tikinti dayandırılmayıb?
Əgər qanunsuzdursa – niyə obyekt hələ də fəaliyyət göstərir?
Bunlara cavab vermək əvəzinə ümumi ifadələrlə məsələni yola vermək dövlət idarəçiliyinin hansı prinsipinə uyğun gəlir, əsis və dəyərli icra başçıları...? Axı bu rayonlar sizə həvalə olunub və bütün məsuliyyəti də sizindir...
Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı, Xətai...
Son illər tikinti və torpaq məsələləri ilə bağlı şikayətlərin ən çox gündəmə gəldiyi ərazilər sırasında Abşeron, Binəqədi, Sabunçu, Xəzər, Suraxanı və Xətai rayonlarının adları çəkilir. Yəni, demək olar ki, bütöv Bakı şəhəri...
Bu rayonlara hazırda müvafiq olaraq Abdin Fərzəliyev, Elxan Allahverdiyev, Adil Vəliyev, Adil Əliyev və Rafiq Quliyev rəhbərlik edir.
Təbii ki, konkret tikintinin qanuni və ya qanunsuz olmasını yalnız aidiyyəti sənədlər və səlahiyyətli qurumların rəsmi araşdırması müəyyən edə bilər. Amma məsələ başqa yerdədir. Rayon rəhbəri ərazisində baş verənlərə görə siyasi və inzibati məsuliyyət daşıyan şəxslərdən biridir.
Əgər rayon ərazisində illərlə tikinti xaosu barədə şikayətlər səslənirsə, əgər media eyni problemləri dəfələrlə işıqlandırırsa, əgər vətəndaşlar eyni məsələdən təkrar-təkrar narazılıq edirsə, artıq “xəbərimiz yoxdur” arqumenti həm dövləti, həm vətəndaşı aldatmaqdır, həm də lağa qoymaqdır. Əlbətdə, ola bilsin, bu icra başçılarının pulu çoxdur və vətəndaşı lağa qoya bilərlər, amma dövləti lağa qoymaq, aldatmaq olmaz və bu məsuliyyətdir. Təəssüf ki, onlar dövləti də aldadırlar.
“Makler şəbəkəsi” iddiaları niyə araşdırılmır?
Torpaq və tikinti məsələləri ətrafında müxtəlif vasitəçilərin, maklerlərin və qeyri-rəsmi əlaqələrin olduğu barədə də ictimaiyyətdə çoxsaylı iddialar səslənir.
Bu iddiaları aidiyyəti qurumlar bunu araşdırmalıdır. Çünki qanunsuz tikinti təkcə tikinti aparan şəxsin qərarı ilə yaranmır. Torpaq satılır, sənəd hazırlanır, tikinti başlayır, kommunal xətlər çəkilir, obyekt böyüyür və bütün bunlar müəyyən müddət ərzində göz qabağında baş verir.
Belə olan halda sual yaranır - bütün bu prosesləri niyə aidiyyatı qurumlar görmür? Yoxsa görürlər, amma müdaxilə etmək üçün tikintinin tamamlanmasını gözləyirlər? Bəlkə, orda ümumiyyətlə tikinti aparmaq olmaz?
Tikinti təhlükəsizliyi, şəhərsalma və tikintiyə dövlət nəzarəti ilə bağlı səlahiyyətləri olan digər qurumların da fəaliyyəti araşdırılmalıdır. Xüsusilə iri obyektlər, çoxmərtəbəli tikililər və yaşayış ərazilərində aparılan tikinti işləri ilə bağlı bir sual açıq qalır. Bu obyektlər tikilərkən aidiyyəti qurumların müfəttişləri hara baxır? Əgər tikinti qaydalara uyğundursa, bunu sənədlərlə göstərmək mümkündür.
Oğru kimi obyekt tikmək, qarşısında böyük yük avtomobili saxlamaq, gecə ilə ağacları məhv etmək kimi fərəldaq əməliyyatlar daha neçə il davam edəcək? Bu biabırçılığa niyə son qoyulmur və bunu sonlandırmağa qoymayan amillər hansılardır? Qanunlarmı yoxdur, yoxsa?
Əslindəı bütün qanunlar yerindədir və işləkdir. Bəs o zaman problem nədir? Əlbətdə bu sualıən cavabı da var - Qanunla mümkün olmayanı mümkün etmək bacarığı və onu mümkün edən vasitələr... Acgöz məmur, gözü doymayan sahibkar və...
Bakı “kim nə istəyir tikir” şəhərinə çevrilməməlidir
Bakı bazar deyil. Bakı şəxsi maraqlar naminə istənilən boş sahənin zəbt edilə biləcəyi, səkilərin bağlanacağı, həyətlərin daraldılacağı, yaşıllıqların məhv ediləcəyi və sonra da “sənədləşmə məsələsi araşdırılır” deyilərək məsuliyyətdən yayınmaq mümkün olan şəhər olmamalıdır, əziz və əzəmətli icra başçıları...
Şəhərsalma qaydaları ona görə mövcuddur ki, şəhər plansız və nizamsız şəkildə böyüməsin. Təhlükəsizlik normaları ona görə mövcuddur ki, insan həyatı risk altına atılmasın. Səkilər ona görə mövcuddur ki, insanlar avtomobil yolunda yox, piyada yolunda hərəkət etsin. Yaşıllıqlar ona görə qorunur ki, hər boş ərazi betonlaşdırılmasın. Bunların hər biri qanunun tələbidir. Siz isə Bakını böyük bir dərd yuvasına çevirirsiz... Məhz sizin əməllərinizin nəticəsində Bakıda insanların dövlətə, qanunlara, qaydalara inamı itir və tikinti aparmaq istəyən hər kəs sənədlərə, qaydalara deyil, başqa yollara əl atır. Çünki, buna imkan verirsiz... İstəyirsiz vəziyyət hələ uzun illər belə davam etsin... Bu böhtan deyil, iddia da deyil, reallıqdır...
Artıq “araşdırılır” cavabı kifayət etmir
Rayon icra hakimiyyətləri və digər aidiyyəti qurumlar bilməlidir ki, sorğulara formal cavab verməklə məsələ bitmir.
İcazə var – göstərin.
Sənəd var – açıqlayın.
Qanunsuzluq yoxdur – əsaslandırın.
Qanunsuzluq var – tədbir görün.
Əgər dövlət qurumu öz ərazisində baş verən tikintiyə nəzarət edə bilmirsə, bunun səbəbi izah edilməlidir. Əgər nəzarət edir, amma qanunsuz tikintilər yenə də davam edirsə, o zaman daha ciddi suallar yaranır. Çünki bir tikilini görməmək mümkündür. İki tikilini görməmək mümkündür. Amma rayon boyu tikinti xaosunu görməmək artıq izah tələb edir.
Çünki bu şəhərin gələcəyi bir neçə icra başçılarının, 5-10 sahibkarın, maklerin tikinti marağından daha vacibdir. Bu şəhərdə insanlar yaşayır, uşaqlar böyüyür, adam kimi adamlar yetişir...
Tarix: Dünən, 18:13