
AQTA sosial şəbəkələr üzərindən həyata keçirdiyi nəzarət tədbirləri zamanı qanunsuz satışa çıxarılan “Tea By Gunay” və “Metobix çayı” adlı “arıqlama çayı” məhsullarını aşkarlayıb.
AXS.az bildirir ki, bu barədə Xitab24.az-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, araşdırma zamanı Həsənova Günay Abas qızı və Mehtizadə Çiçək Alı qızının müxtəlif apteklərdən əldə etdikləri təbii otlardan çay hazırlayaraq ev şəraitində qablaşdırdıqları və müvafiq icazə sənədi olmadan “Instagram” hesabları vasitəsilə satdıqları müəyyən edilib. Həmçinin onların sosial media hesablarında özlərini “həkim-dietoloq” kimi təqdim etdikləri aşkarlanıb.
Məhsulların üzərində yararlılıq müddəti, istehsalçının ünvanı, tərkibi və digər zəruri məlumatların qeyd olunmadığı, eləcə də xəstəliklərin müalicəsində istifadə edildiyi barədə məlumatların yerləşdirildiyi müəyyənləşdirilib.
Faktlarla bağlı inzibati protokol tərtib olunub, məhsullardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Qanunsuz sahibkarlıq və tibbi fəaliyyətlə bağlı aidiyyəti dövlət orqanlarına da müraciət edilib.