
Azərbaycanda əhalinin orta ömür uzunluğu və pensiya yaşı ilə bağlı məsələlər sosial-iqtisadi gündəmin əsas müzakirə mövzularındandır.
Hüquqşünas Sahib Məmmədov ölkədəki mövcud pensiya mexanizmi və orta ömür göstəriciləri arasındakı uyğunsuzluqları təhlil edib.
Hüquqşünas qeyd edib ki, rəsmi statistikaya əsasən, Azərbaycanda orta ömür göstəricisi 74,6 yaş təşkil edir. Bu göstərici kişilər üçün 73,6 yaş, qadınlar üçün isə 78,4 yaş həddindədir:
“Bu rəqəmlərə əsasən, kişilər əmək pensiyasına çıxdıqdan sonra orta hesabla 8,6 il, qadınlar isə 13,4 il pensiya alırlar. Lakin reallıqda orta ömür uzunluğu ilə bağlı göstəricilərin daha aşağı olduğunu iddia edən rəylər də var.”
Sahib Məmmədov pensiya kapitalının hesablanması qaydalarına da toxunub. O bildirib ki, Azərbaycanda əmək pensiyası təyin edilərkən gözlənilən pensiya ödənişi müddəti 12 il (144 ay) kimi qəbul edilir. Pensiya yaşına çatdıqdan sonra işləməyə davam edən şəxslər üçün isə 6 ildən bir yenidənhesablama aparılarkən bu müddət 6 il (72 ay) müəyyən olunur.
Mütəxəssis ölkədəki yaşlı əhalinin payına və beynəlxalq təcrübəyə diqqət çəkərək əlavə edib:
“Hazırda ölkədə 70 və ondan yuxarı yaşı olan şəxslər ümumi əhalinin 4,6 faizini təşkil edir. Müqayisə üçün qeyd edək ki, bir sıra MDB dövlətlərində kişilərin pensiya yaşının mərhələli şəkildə 65-ə çatdırılması nəzərdə tutulur və ya planlaşdırılır. Məsələn, Rusiya Federasiyasında kişilər üçün 65, qadınlar üçün isə 60 yaş həddinin müəyyən edilməsi mərhələli şəkildə həyata keçirilir”.
EDnews