Əhalinin 13 faizindən çoxu yoxsulluq səviyyəsindən də aşağı yaşayır


2024-cü ildə əhalinin təqribən 13,2 faizi 270 manatdan az gəlir əldə edib. Yəni adambaşına düşən gəlirlər yaşayış üçün müəyyən edilmiş minimum həddən aşağı olub.

Bu barədə məlumat Dövlət Statistika Komitəsinin 2024-cü il “Ev təsərrüfatı tədqiqatının yekunları”na dair məcmuəsində yer alıb.

Ötən il müəyyən edilmiş yaşayış minimumu 270 manat olub. “Yaşayış minimumu haqqında” Qanuna əsasən, 2024-cü ildə işləyən əhali üçün yaşayış minimumu 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün isə 235 manat müəyyənləşib. Beləliklə, əhalinin 13,2 faizi yoxsulluq həddindən də aşağı səviyyədə yaşayıb.

Yaşayış minimumundan aşağı gəlir əldə edənlərin payı kənd yerlərində daha yüksəkdir. Belə ki, kənd yerlərində yaşayanların 17 faizi, şəhər yerlərində isə 10 faizinin yaşayış minimumunu qarşılamayan gəlirə malik olduğu aşkarlanıb.

Tədqiqata əsasən, 2024-cü ildə ölkədə əhalinin 13,2 faizinin gəliri 180-270 manat, 26,7 faizinin isə  271-340 manat civarında olub.  

Bundan əlavə,  əhalinin 12,3 faizi minimum əməkhaqqı səviyyəsində – 340-380 manat gəlir əldə edib. Lakin bu göstərici “komfortlu həyat” deyil, yalnız “minimum tələbatların ödənilməsi” səviyyəsi kimi qiymətləndirilə bilər.

Əhalinin 33,8 faizinin gəliri 38-600 manat, 14 faizinin isə 600 manatdan çox təşkil edib.

Tədqiqatın nəticələrinə əsasən, adambaşına düşən orta aylıq gəlir 359,2 manat, istehlak xərcləri isə 363,5 manat olub. Bununla belə, əhalinin 52,2 faizinin gəliri 180-380 manat arasında dəyişib. Bu isə o deməkdir ki, ötən il əhalinin aylıq gəlirləri gündəlik istehlak xərclərinin ödənməsi üçün kifayət etməyib.

Ev təsərrüfatlarında adambaşına düşən istehlak xərclərinin strukturuna nəzər saldıqda qida xərclərinin üstünlük təşkil etdiyi görünür. Belə ki, aylıq istehlak xərclərinin 43,5 faizi (158,1 manat) qida məhsullarına, 5,8 faizi (21,2 manat) geyim və ayaqqabıya, 7,7 faizi (28,7 manat) qaz, su və işıq kimi kommunal xərclərə, 5,3 faizi (19 manat) səhiyyə xidmətlərinə, 6,6 faizi (24,3 manat) nəqliyyat xidmətlərinə, 12,1 faizi (44,6 manat) isə müxtəlif xidmətlərə sərf olunub.

Ev təsərrüfatları büdcələrinin seçmə tədqiqatı əhalinin müxtəlif qrup və təbəqələrinin həyat səviyyəsi haqqında iqtisadi-statistik məlumatların əldə edilməsi məqsədilə aparılır. Bu tədqiqat Avropa Statistika Bürosunun (Avrostat) və Dünya Bankının metodologiyasına uyğun olaraq həyata keçirilir və bütün iqtisadi rayonları əhatə etməklə hər rüb 10 510 ev təsərrüfatında aparılır.

Tarix: Bu gün, 13:57
Xəbəri paylaş



Xəbər lenti