Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...

Alıcılara xəbərdarlıq: Bu kərə yağları SAXTADIR - ONA GÖRƏ DƏ...
2026-cı ilin ilk altı ayında Azərbaycana kərə yağı və süddən hazırlanmış digər yağların idxalı həm həcm, həm də dəyər baxımından azalıb.

Bununla belə, bazarda müxtəlif marka və mənşəli məhsulların bolluğu istehlakçılar qarşısında seçim məsələsini aktuallaşdırır.

Maraqlıdır, təbii kərə yağını saxtasından necə ayırd etmək olar, eləcə də hansı məhsullara etibar etmək lazımdır?

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov “Cebheinfo.az”-a bildirib ki, yaxşı və ya pis mal anlayışı konkret məhsul partiyasına aiddir:

“Demək olmaz ki, hər hansı bir ölkənin bütün məhsulları, o cümlədən yağları keyfiyyətsizdir. Amma xeyli müddətdir, istehlakçılar mənə sual verirlər ki, necə olur, Yeni Zelandiyadan yağlar Azərbaycana ucuz qiymətə gəlir? Məhz bu barədə istehlakçıların ciddi şübhələri var.

Həmin dövrdə təxminən 5 şirkət, indi isə daha bir çox şirkət Azərbaycana yağ gətirir. Mən 8 il əvvəl Yeni Zelandiyada keçirilən konfransda olmuşam və Azərbaycana "Westgold" duzsuz kərə yağını göndərən şirkətə baş çəkmişəm.

Orada fermer təsərrüfatında oldum, inəklərin sağılmasını izlədim. Gördüm ki, inəklər açıq havada otlayırlar və qış yemindən istifadə olunmur. Bu da istehsal xərclərini azaldır.

Hətta Azərbaycan dilində qablaşdırılan yağları da gördüm və həmin məhsul haqqında müsbət fikir formalaşdırdım. Təxminən 30 il ərzində ilk dəfə bu yağla bağlı müsbət rəy bildirdim. Eyni zamanda, Yeni Zelandiya yağlarının Gürcüstan üzərindən Azərbaycana gətirilməsini müşahidə etmişdim və vaxtilə bunu tənqid etmişdim.

Bu gün Azərbaycanda kərə yağı bazarı kifayət qədər zəngindir. İstehlakçılar əsasən, “Nənəmin nehrəsi”, “Nənəmin yağı” adı ilə rayonlardan gətirildiyi deyilən məhsulları, eləcə də “İvanovka” mağazalarında satılan yağları almasınlar. Çünki onların hazırlanmasında bitki yağlarından istifadə olunur. Özəliklə də vətəndaşlarımız üzərində etiket olmayan yağları almasınlar.

Etiketli məhsulların isə üzərindəki məlumatları diqqətlə oxusunlar. Əgər yağlar vitrinlərdə açıq şəkildə satılırsa, onları əlləri ilə sıxaraq da məhsul haqqında müəyyən fikir formalaşdıra bilərlər. Daha bərk olan yağlar adətən daha təbii olur. Bitki yağı qarışdırılmış yağlar isə daha elastik və yumşaq olur.

Bu gün Azərbaycanda fəaliyyət göstərən supermarket şəbəkələrində satılan məhsullar AQTA-nın nəzarəti altındadır. Qurum etiket məlumatlarını və məhsulların tərkibini yoxlayır, uyğunsuzluq aşkarlanan halları isə ifşa edir.

Bir sözlə, bazarlarda təsadüfi yerlərdə satılan yağlara etibar etmək olmaz. Məhsul alarkən mütləq etiket məlumatlarına diqqət yetirilməlidir. Hazırda AQTA-nın nəzarəti xeyli güclənib və mağazalarda kərə yağı adı altında bitki yağının satılması demək olar ki, mümkün deyil”.

Eyyub Hüseynov əlavə edib ki, istehlakçılar bütün şübhəli hallarda AQTA-nın "1003 - Çağrı Mərkəzi"nə müraciət edə bilərlər.
Tarix: Bu gün, 14:38
Xəbəri paylaş



Xəbər lenti