
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi növbəti tender müsabiqəsini yekunlaşdırıb.
Məlumata görə, qurumun Mənzil İstismar Departamenti Biləsuvar rayonunda yerləşən məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmir işlərini həyata keçirəcək. Layihə çərçivəsində yaşayış evlərində müxtəlif təmir və bərpa işlərinin görülməsi nəzərdə tutulur.
Tenderin qalibi REAL-İNŞAAT MMC olub. Şirkət görüləcək işlər müqabilində dövlət komitəsindən 454 min 937 manat alacaq.
Qeyd edək ki, cari ilin əvvəlindən etibarən komitə tərəfindən Biləsuvar rayonunda müxtəlif layihələr və təmir işləri üzrə bir neçə tender keçirilib. Rəsmi məlumatlara əsasən, bu istiqamətdə ayrılan vəsaitin ümumi məbləği milyonlarla manat təşkil edir.
Müzakirələrə səbəb olan məqam isə ondan ibarətdir ki, hazırda ölkədə əsas diqqət işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə yönəldiyi halda, komitənin Biləsuvar rayonundakı məcburi köçkün qəsəbələrinə yenidən iri həcmdə vəsait ayırması suallar doğurur.
Bəzi ekspertlər hesab edir ki, ayrılan vəsaitin bir hissəsi işğaldan azad olunmuş ərazilərdə yeni mənzillərin tikintisinə və ya infrastruktur layihələrinə yönəldilə bilərdi. Bununla yanaşı, komitənin son aylarda əsasən Biləsuvar rayonu üzrə ardıcıl tenderlər keçirməsi də diqqət çəkən məqamlardan biri kimi qiymətləndirilir.
Bizimesr.com