Dəniz turizmi ən gəlirli sahəyə çevrilir






Azərbaycanla İranın imkanları bu sahədə iqtisadi inkişafa böyük təkan verə bilər

Çimərliklər dünya turizm sənayesində ən gəlirli sahələrdən biridir. Əksər insanlar ilin isti günlərini dəniz sahilində istirahət mərkəzlərində keçirməyə üstünlük verirlər. Hər il minlərlə xarici turist bu məqsədlə səyahətə çıxır. Dəniz sahilində yerləşən ölkələr də təbiətin onlara bəxş etdiyi bu sərvətdən məqsədli istifadə edərək bu turizm növündən böyük mənfəət götürürlər. Azərbaycanın Xəzər sahili bölgələrində çimərlik turizminin inkişaf etdirilməsi üçün də əlverişli imkanlar var.

Bu məqsədlə də İranla Azərbaycan Respublikası arasında dəniz turizminin genişləndirilməsi planı hazırlanır. EKO 2022 Turizm paytaxtları tədbirinin icraçı katibi Əli Mahfruzi açıqlamasında deyib ki, hazırda bunun üzərində iş aparılır. O qeyd edib ki,  bu plan haqqında gələn il İranın Sari şəhərində keçirilməsi nəzərdə tutulan İqtisadi Əməkdaşlıq Təşkilatına (ECO) üzv ölkələrin turizm paytaxtlarının iclasında bu haqda Azərbaycan tərəfi ilə danışıqlar aparılacaq. Plana əsasən iki ölkə arasında turistlərin istifadəsi üçün səyahət gəmilərinin açılması nəzərdə tutulur. EKO 2022 turizm tədbiri haqqında danışan Ə.Mahfruzi deyib ki, 2019-cu ildə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələrin iclasında üzv ölkələrin Turizm paytaxtlarının ilk tədbirinin 2022-ci ildə Mazandaran əyalətinin Sari şəhərində keçirilməsi haqqında razılıq əldə olunub. İƏT-ə üzv ölkələrin turizm nazirləri və bu ölkələrdən olan incəsənət xadimləri gələn ilin oktyabrında İƏT Turizm paytaxtları tədbirində iştirak edəcək.

Milli Məclisin deputatı, iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq"ə dəniz turizminin əhəmiyyətindən danışıb. O qeyd edib ki, dəniz turizmi son dövrlər regionda populyar və daha çox cəlbedici turizm xidmətlərindən birinə çevrilməkdədir:

"Azərbaycan yalnız İranla deyil, digər ölkələrlə, məsələn, Qazaxıstanla da dəniz turizminin inkişafıyla bağlı məsələləri müzakirə edir. Qeyd edim ki, Xəzər dənizi üzərindən belə turizm imkanları mövcuddur. Bu turizm növü imkan verir ki, ölkəyə gələn əcnəbi turistlər dəniz turu vasitəsilə həm Xəzəryanı ölkələrə, həm də bu anlaşmada iştirak edən ölkələrə səfərlər etsinlər. Bu baxımdan Azərbaycanla İran arasında da bu istiqamətdə potensial kifayət qədər böyükdür. Nəzərə alsaq ki, postpandemiya dövründə Azərbaycana gələcək turistlərin sayının artacağı proqnozlaşdırılır. Bu da nəticədə daha çox turistin ölkəmizə gəlməsinə, xüsusən də dəniz turizminə marağın artmasına səbəb ola bilər".

V.Bayramov diqqətə çatdırıb ki, İranla əməkdaşlıq bütövlükdə regiona daha çox turistin cəlb edilməsinə imkan verəcək:

"Təbii ki, bu da həm Azərbaycanın, həm də İranın turizm gəlirlərinin artması baxımından vacibdir. Nəzərə alaq ki, əcnəbi turistlərin bir qismi səfər edən zaman bir ölkə deyil, bir neçə ölkəyə getməkdə maraqlı olurlar. O baxımdan əməkdaşlıq  daha çox turistin ölkəmizə cəlbinə imkan verəcək. Ona görə də bu, birmənalı şəkildə hər iki ölkənin dövlət gəlirlərini artıracaq və turizmin inkişafı baxımından yeni imkanlar yaradacaq. Eyni zamanda qarşılıqlı turizm əlaqələrinin genişləndirilməsinə xidmət edəcək. Təbii ki, bu müzakirə edilən məsələnin reallaşması hər iki ölkənin iqtisadi inkişafı baxımından çox mühümdür".
Tarix: 3-08-2021, 08:14
Xəbəri paylaş



Xəbər lenti