Azərbaycanda media ilə bağlı məhkəmə mübahisələrində yeni bir hüquqi praktika formalaşmağa başlayıb. Əgər əvvəllər şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddialarda əsasən təkzibin dərc edilməsi, cavab hüququnun təmin olunması və ya mənəvi ziyanın ödənilməsi barədə qərarlar qəbul edilirdisə, son dövrlər məhkəmələr internetdə yayımlanmış yazı və videoların tamamilə silinməsi barədə də qərarlar çıxarmağa başlayırlar.
Bu qərarlar Ali Məhkəmənin 2025-ci il tarixli “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarından sonra “işləməyə” başlayıb. Həmin qərarda məhkəmələrin şəxsiyyət hüquqlarının pozulması hallarında müxtəlif müdafiə vasitələrindən istifadə edə biləcəyi göstərilir. Bunlara məlumatın silinməsi ilə yanaşı, təkzibin dərc olunması, cavab hüququnun təmin edilməsi, yanlış məlumatın düzəldilməsi, məlumatın anonimləşdirilməsi və digər hüquqi vasitələr də daxildir. Deməli, məlumatın internetdən silinməsi mümkün müdafiə üsullarından biridir və hər bir iş üzrə onun zəruriliyi ayrıca qiymətləndirilməlidir.
Bu yeni yanaşmanın tətbiq olunduğu işlərdən biri də Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi İlqar Qaralovun qəbul etdiyi qərardır.
Məhkəmə Bakupost.az, Medicina.az, Tezadlar.az, Bakufakt və “Kanal 13”də yayımlanmış bir sıra yazı və videoların internetdən silinməsi barədə qərar qəbul edib. Qərar artıq qanuni qüvvəyə minib.
Silinməsi tələb olunan yazıda nə vardı?
Material
Bakupost.az-a müraciət edən Salyan rayon sakini Gülşən Adışirinovanın videomüsahibəsi əsasında hazırlanıb.
Şikayətçi əməliyyatdan sonra görmə qabiliyyətini itirdiyini iddia edib, televiziya proqramında tanıdığı həkimə müraciət etdikdən sonra yaşadıqlarını danışıb. O, həmçinin əməliyyata qədər və sonrakı proseslə bağlı bir sıra iddialar səsləndirib.
Lakin yazı yalnız şikayətçinin dediklərindən ibarət deyil.
Bakupost.az jurnalist etikasının və “Media haqqında” Qanunun tələblərinə uyğun olaraq, haqqında ittihamlar səsləndirilən həkim Azər Kərimovun da mövqeyini öyrənməyə çalışıb.
Redaksiya həkimlə əlaqə saxlayıb. Lakin o, açıqlama vermək istəməyib.
Bundan sonra özünü həkimin nümayəndəsi kimi təqdim edən Elturan adlı şəxs redaksiyaya geniş açıqlama verib. O bildirib ki, xəstəyə yalnız linza əməliyyatı olunub, sonradan yaranan problemin səbəbi isə əməliyyat deyil, şəkər xəstəliyi nəticəsində torlu qişada baş vermiş dəyişikliklərdir. Onun sözlərinə görə, məsələ ilə bağlı ekspertiza rəyi mövcuddur, prokurorluq araşdırma aparıb və cinayət işi başlanması üçün əsas müəyyən etməyib. Nümayəndə şikayətçinin səsləndirdiyi ittihamların həqiqəti əks etdirmədiyini də bildirib.
Beləliklə, materialda həm şikayətçinin iddiaları, həm də qarşı tərəfin mövqeyi oxucuya təqdim olunub.
Silinmə yeganə hüquqi müdafiə vasitəsidirmi?
Ekspertlərin diqqət çəkdiyi əsas məqamlardan biri də budur ki, şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı mübahisələrdə məhkəmənin istifadə edə biləcəyi hüquqi vasitələr təkcə materialın internetdən silinməsi ilə məhdudlaşmır.
Ali Məhkəmə Plenumunun qərarında və qüvvədə olan qanunvericilikdə pozulmuş hüququn bərpası üçün bir neçə müdafiə üsulu nəzərdə tutulur. Bunlara təkzibin dərc olunması, cavab hüququnun təmin edilməsi, yanlış məlumatlara düzəliş edilməsi, məlumatın anonimləşdirilməsi, müəyyən hissələrinin çıxarılması, habelə zəruri hallarda materialın internetdən silinməsi daxildir.
Başqa sözlə, silinmə yeganə hüquqi vasitə deyil, mümkün müdafiə üsullarından sadəcə biridir və onun tətbiqi hər bir konkret iş üzrə proporsionallıq prinsipi nəzərə alınmaqla qiymətləndirilməlidir.
Məhz buna görə də Nəsimi Rayon Məhkəməsinin sözügedən qərarı media hüququ baxımından maraqlı müzakirələr doğurur.
Çünki
Bakupost.az-da dərc olunan materialda redaksiya yalnız bir tərəfin mövqeyini yaymayıb. Qarşı tərəflə əlaqə saxlanılıb, həkim açıqlama verməkdən imtina etdikdən sonra isə onun nümayəndəsinin geniş cavabı olduğu kimi dərc olunub. Yazıda səsləndirilən fikirlər də qəti hökm kimi deyil, tərəflərin iddiaları və mövqeləri kimi təqdim edilib.
Belə olan halda sual yaranır: əgər materialda balans prinsipi qorunub, qarşı tərəfin mövqeyi verilib və məlumat iddia kimi təqdim olunubsa, həmin yazının tamamilə internetdən silinməsi ən proporsional hüquqi müdaxilə hesab oluna bilərmi? Yoxsa bu halda təkzib, əlavə izahat, düzəliş, cavab hüququnun təmin edilməsi və ya digər hüquqi vasitələr kifayət edə bilərdi?
Bu sual təkcə Bakupost.az-la bağlı deyil. Son dövrlər internet mediasına münasibətdə formalaşmağa başlayan məhkəmə təcrübəsi göstərir ki, gələcəkdə jurnalistlər və media qurumları üçün təkzib və düzəlişdən daha ağır nəticə-yazının tamamilə internetdən silinməsi riski də yarana bilər.
Məhz buna görə də hüquqşünaslar hesab edirlər ki, ifadə azadlığı ilə şəxsin şərəf və nüfuzunun qorunması arasında tarazlığın necə müəyyən ediləcəyi əsas müzakirə mövzularından biri olacaq…
Elnur, BakuPost
Tarix: Bu gün, 10:30