
ABŞ-nin "eBay" şirkəti jurnalist ailəsinə qarşı həyata keçirilən təqib və hədə-qorxu kampaniyasına görə təxminən 50 milyon dollar təzminat ödəyəcək.
Bu barədə "NBC News" məlumat yayıb.
Məlumata görə, Devid və İnna Ştayner elektron ticarət sahəsində fəaliyyət göstərən və "eBay" barədə də araşdırma materialları dərc edən nəşrin təsisçiləridir. Onların iddiasına əsasən, 2019-cu ildə şirkətin bəzi əməkdaşları rəhbərliyin narazılığına səbəb olan yazıları dayandırmağa məcbur etmək üçün ailəyə qarşı hədə-qorxu kampaniyası aparıblar.
Bildirilib ki, əvvəlcə Ştaynerlər sosial şəbəkələr vasitəsilə anonim təhdidlər almağa başlayıblar. Daha sonra onların ünvanına canlı tarakan və hörümçəklər, yas çələngi, "Halloween" bayramı üçün hazırlanmış qanlı donuz maskası, eləcə də həyat yoldaşının ölümündən sonra necə yaşamaq barədə kitab göndərilib.
Təhdid, izləmə, canlı həşəratlar: eBay jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
İddialara görə, Devid Ştaynerin adına pornoqrafik jurnallara abunə də rəsmiləşdirilib və həmin nəşrlər qonşuların ünvanına göndərilib. Bundan əlavə, "eBay" əməkdaşlarının cütlüyü izlədiyi, hətta onların avtomobilinə GPS izləmə cihazı quraşdırmağı planlaşdırdığı bildirilir.
İnna Ştayner deyib ki, uzun müddət bu hadisələrin arxasında kimin dayandığını anlamayıb. Onun sözlərinə görə, təxminən 20 il haqqında yazdığı şirkətin onu susdurmağa çalışacağını heç vaxt təsəvvür etməyib.
2020-ci ildə ABŞ federal prokurorları "eBay"ın yeddi keçmiş əməkdaşına qarşı ittiham irəli sürüblər. Onların əksəriyyəti cinayət sövdələşməsi və kibertəqiblə bağlı ittihamları qəbul edib. Nəticədə onlar müxtəlif cəzalara, o cümlədən həbs və ev dustaqlığına məhkum ediliblər.
2024-cü ildə "eBay" federal hakimiyyət orqanları ilə əldə olunan razılaşma çərçivəsində 3 milyon dollar ödəməyi qəbul etmişdi. İndi isə mülki iddia üzrə də tərəflər razılığa gəliblər.
Təhdid, izləmə, canlı həşəratlar: eBay jurnalist ailəsinə milyonlarla dollar təzminat ödəyəcək
Razılaşmaya əsasən, Ştaynerlər ümumilikdə 48.7 milyon dollar təzminat alacaqlar. Bunun 46.15 milyon dollarını "eBay", 2 milyon dollarını şirkətin keçmiş baş direktoru Devin Veniq, 500 min dollarını keçmiş top-menecer Vendi Cons, 50 min dollarını isə keçmiş kommunikasiya direktoru Stiv Uaymer ödəyəcək.
Şirkət bildirib ki, qalmaqaldan sonra rəhbərlik yenilənib, daxili nəzarət mexanizmləri gücləndirilib və əməkdaşlar üçün biznes etikası ilə bağlı təlimlərin həcmi artırılıb.
Oxu.az