OCCRP-nin araşdırması: “ABŞ-də 2 milyard dollarlıq tibbi sığorta fırıldağında ittiham olunan şəxs Rusiyada dəbdəbəli həyat yaşayır”

ABŞ tarixində aşkarlanmış ən böyük fırıldaq sxemlərindən birinin təşkilatçısı olmaqda ittiham edilən Brayan Satton Rusiyada sərbəst yaşayır. Onun bu ölkədə əldə etdiyi aktivlər arasında onlarla lüks avtomobil, Moskva yaxınlığında elit villa və Rusiya parlamentinin deputatı ilə əlaqəli qarışıq döyüş növləri klubunda pay var.

2015–2022-ci illərdə cinayətkar qrup ABŞ-nin müxtəlif ştatlarında yerləşən onlarla aptekdən istifadə edərək saxta reseptlər əsasında tibbi sığorta şirkətlərinə ümumilikdə 2 milyard dollara yaxın hesab təqdim edib.

Qrup bu hesablar üzrə 758 milyon dollardan çox vəsait əldə edib. İstintaqa görə, pulların böyük hissəsi ofşor hesablar vasitəsilə yuyulub, daha sonra iştirakçılar arasında bölüşdürülüb və ya sxemin davam etdirilməsinə yatırılıb.

Kaliforniyada 15 nəfər bu sxemdəki rollarına görə cinayət məsuliyyətinə cəlb olunub. Daha yeddi nəfər federal məhkəmədə özünü təqsirli bilib. Onlardan bəziləri sonradan on ilədək həbs cəzasına məhkum edilib.

Lakin prokurorların qrupun rəhbəri hesab etdiyi, Los-Ancelesdə doğulmuş 34 yaşlı Brayan Satton hələ də mühakimə olunmayıb. ABŞ Prokurorluğunun Bruklin ofisi ittiham irəli sürülmüş Sattonun azadlıqda olduğunu və yerinin müəyyənləşdirilmədiyini bildirir. Kaliforniyada ona qarşı açılmış ağır cinayət işi də aktiv olaraq qalır.

OCCRP-nin Rusiyadakı üzv mərkəzi “Important Stories”in jurnalistləri Sattonun Rusiyada olduğunu müəyyənləşdiriblər. Müharibə və avtoritar idarəçilik şəraitində olan ölkədə o, dəbdəbəsini gizlətmədən yaşayır.

Sattonun Rusiyadakı aktivləri arasında 23-ə yaxın “Mercedes-Benz” avtomobili, bir neçə başqa lüks maşın, Moskva yaxınlığındakı elit ərazidə villa, ailə üzvünün adına olan daha bir villa, müxtəlif şirkətlər və Rusiya parlamentinin deputatı ilə əlaqəli MMA klubunda pay var. Həmin deputatın ailəsi Çeçenistan rəhbəri Ramzan Kadırova yaxın hesab olunur.

Foto: Портал Недвижимости/YouTube
Foto: Портал Недвижимости/YouTube

“Transparency International” təşkilatının Rusiyadakı keçmiş rəhbəri İlya Şumanovun sözlərinə görə, ABŞ ədliyyə sisteminin Sattona Rusiyada çatmaq imkanı yoxdur.

“ABŞ və Rusiya arasında ekstradisiya haqqında müqavilə yoxdur. Hüquq-mühafizə orqanları arasındakı əməkdaşlıq isə yalnız terrorla mübarizə sahəsində davam edir. Onun ABŞ-yə ekstradisiya olunması ehtimalı sıfırdır”, - Şumanov bildirib.

O qeyd edib ki, beynəlxalq cinayətkarların təhlükəsiz sığınacaq kimi Rusiyanı seçməsi başadüşüləndir və yeni hadisə deyil. Şumanov buna misal olaraq neonasist yarımhərbi qrupun yaradıcısı Rinaldo Nazzaronun 2010-cu illərin sonlarında Rusiyaya köçməsini göstərib.

Brayan Satton və ailə üzvləri jurnalistlərin suallarına cavab verməyiblər. ABŞ Ədliyyə Nazirliyi, Santa-Klara dairəsinin prokurorluğu və Rusiya Daxili İşlər Nazirliyi də şərh sorğularını cavabsız qoyub.

“Mutant apteklər”

Sattonun adı və rəhbərlik etdiyi iddia olunan əməliyyat ilk dəfə 2015-ci ildə Kaliforniyada diqqət çəkib. Həmin vaxt “CBS” telekanalının əməkdaşlarından biri tibbi sığorta şirkətinin bir aylıq qida əlavəsinə görə 44 min dollar ödədiyini görüb.

Resepti icra edən və sığorta şirkətinə hesab təqdim edən Los-Anceles apteki Sattonun ailəsinə məxsus olub. “CBS Evening News” həmin ilin iyununda bu barədə süjet yayımlayıb. Telekanalın prodüseri aptekdə Sattona yaxınlaşaraq suallar verməyə çalışsa da, o, sualları cavablandırmayıb və qapını bağlayıb.

Sonradan hüquq-mühafizə orqanları bu fəaliyyətlə maraqlanmağa başlayıblar. Kaliforniyada 2020-ci ildə təqdim edilmiş ağır cinayət ittihamında qrupun Los-Anceles ətrafında beş aptekə sahib olduğu bildirilib.

İttiham sənədində bu obyektlər “mutant apteklər” adlandırılıb. Sənədə əsasən, həmin apteklər adi dərman satışı ilə məşğul olmaq əvəzinə, ağrıkəsici kremlər və uzunmüddətli istifadəyə nəzərdə tutulmuş tibbi avadanlıqlar üçün saxta reseptləri icra edən fabriklər kimi fəaliyyət göstəriblər.

“Apteklərin bir çoxu adi apteklər kimi təchiz olunmamışdı. Reseptsiz dərmanların alınması o qədər nadir hal idi ki, obyektlərdən birində əməkdaşlar kassa aparatından istifadə etməyi belə bacarmırdılar”, – ittiham sənədində qeyd olunub.

Prokurorların iddiasına görə, aptekləri reseptlərlə təmin etmək üçün qrup aqressiv çağrı mərkəzi yaradıb. Operatorlar adi vətəndaşlara dəfələrlə arzuolunmaz zənglər edir, qarşı tərəfi öz həkimi və ya sığorta şirkətinin əməkdaşı ilə danışdığına inandırırdılar.

Bu yolla şəxsi və tibbi məlumatlar əldə edilir, daha sonra həmin məlumatlardan yüksək qiymətli reseptlər yazılması üçün istifadə olunurdu. Heç nədən xəbərsiz şəxslərə sifariş etmədikləri tibbi avadanlıqlar və ağrıkəsici kremlər göndərilirdi.

Nəticədə 15 nəfər sxemdə iştirakını etiraf edib. Onlar Kaliforniya üzrə genişmiqyaslı fırıldaq əməliyyatının təşkilində və sığorta şirkətlərinə təxminən 40 milyon dollar zərər vurmaqda iştirak etdiklərini bildiriblər.

Daha sonra Nyu-Yorkun Bruklin rayonunda aparılan federal araşdırma eyni sxemin daha geniş və iddialı mərhələsini əhatə edib. Federal prokurorların hesablamalarına görə, bu dəfə sığorta şirkətlərinə təqdim olunan saxta tibbi hesabların ümumi məbləği 2 milyard dollara yaxın olub. Həmin məbləğin 758 milyon dollardan çoxu ödənilib.

Mürəkkəb şəkildə qurulan əməliyyat zamanı pasiyentlərə zəng edilərək onlara reseptlə satılan dərmanların çox ucuz və ya pulsuz veriləcəyi vəd olunub. Həkimlər baş tutmamış telemedisin görüşlərini təsdiqləməyə cəlb edilib, sığorta şirkətlərinə isə bəzi hallarda ümumiyyətlə pasiyentlərə çatdırılmayan dərmanlara görə hesab göndərilib.

Sxemin iştirakçıları ölkə üzrə onlarla aptek alaraq fəaliyyətlərini Nyu-York, Nyu-Cersi, Pensilvaniya, Texas və Alabama kimi ştatlara genişləndiriblər. ABŞ hüquq-mühafizə orqanlarının diqqətindən yayınmaq üçün Rusiya da daxil olmaqla xarici ölkələrdə çağrı mərkəzləri yaradıblar.

Əməliyyatda iştirak edən yeddi nəfər federal məhkəmədə özünü təqsirli bilib və məhkum olunub. Lakin hüquq-mühafizə orqanlarının çata bilmədiyi Satton məsuliyyətə cəlb edilməyib.

Rusiyada dəbdəbəli həyat

ABŞ Ədliyyə Nazirliyi telemedisin fırıldağının arxasında dayanan qrupu “Moskvada yerləşən cinayətkar təşkilat” kimi təsvir edir.

Rusiyanın daşınmaz əmlak reyestri və sızdırılmış məlumat bazaları göstərir ki, Satton və ailəsi ən azı 2019-cu ildən Rusiyada möhkəmlənməyə başlayıblar.

Rusiya yol polisinin sızdırılmış məlumatlarına görə, Satton həmin il Rusiyada “Range Rover” və “Rolls-Royce Wraith” alaraq öz adına qeydiyyata saldırıb. Bunlar sonradan genişlənən avtomobil kolleksiyasının ilk nümunələri olub.

Jurnalistlərin əldə etdiyi aktivlər siyahısına əsasən, Sattonun avtomobil kolleksiyasına müxtəlif illərdə istehsal olunmuş altı BMW, daha iki “Rolls-Royce” və 23 “Mercedes-Benz” daxil olub. Avtomobillərin istehsal tarixləri 36 illik dövrü əhatə edib.

Həmçinin 2019-cu ildə Brayan Sattonun atası olduğu güman edilən 64 yaşlı qohumu Devid Satton Moskva yaxınlığında dəbdəbəli villa alıb. Təxminən 600 kvadratmetr sahəsi olan evin geniş şəxsi bağı və ayrıca qonaq evi var.

Villa “Barvixa 21” adlı, mühafizə olunan elit kottec qəsəbəsində yerləşir. Kompleksin evlərinin amerikalı memar Frenk Lloyd Raytın üslubunda tikildiyi bildirilir.

Qəsəbə Moskvanın qərbindəki elit Rublyovka ərazisində, 20 hektarlıq meşəlik istirahət zonasının yanında yerləşir. Kompleks Rusiya Prezidenti Vladimir Putinin Novo-Oqaryovodakı məşhur iqamətgahından cəmi beş kilometr aralıdır.

Sızdırılmış məlumat bazasına görə, sonrakı illərdə Satton ailəsinin üç üzvü – Brayan, Devid və Mila Satton bu ünvanı yaşayış yeri kimi göstəriblər.

Devid və Mila Sattona qarşı da Kaliforniyada tibbi sığorta fırıldağı işi üzrə ittiham irəli sürülüb. Lakin onların nə vaxtsa saxlanılması və ya mühakimə olunması barədə məlumat yoxdur. Onlar da jurnalistlərin suallarına cavab verməyiblər.

Brayan Sattonun “Barvixa 21”də daha böyük əraziyə sahib olmaq planları olub. O, 2025-ci ildə eyni yaşayış kompleksində daha bir villa alıb. Daha sonra bu ərazini əvvəlki evi sökülmüş qonşu torpaq sahəsi ilə birləşdirib.

Foto: HomeHunter.ru/VK
Foto: HomeHunter.ru/VK

Nəticədə onun kompleksdəki mülkünün ümumi sahəsi 6 500 kvadratmetri keçib. Bu, standart futbol meydançasının ölçüsünə yaxındır.

Rusiya kommersiya reyestrinə əsasən, Satton 2019-cu ildə Moskvada “Well Connect” adlı çağrı mərkəzi də yaradıb. Şirkətin internet saytı hazırda fəaliyyət göstərməsə də, Rusiyanın “VKontakte” sosial şəbəkəsindəki səhifəsi hələ də açıqdır.

“Biz tibb sahəsində marketinqlə məşğul olur, diaqnostika üsullarını və müştərilərin müalicəsini daha yaxşı istiqamətə yönəldirik”, - şirkətin səhifəsində yazılıb.

Rusiyanın sızdırılmış vergi məlumatlarına görə, Satton 2020–2021-ci illərdə bu şirkətdən 125 milyon rubl, yəni təxminən 1,6 milyon dollar gəlir əldə edib.

Brayan Satton Rusiyada kömür ticarəti ilə də məşğul olmağa çalışıb. O, 2019-cu ildə Moskvada “Coal Trade” şirkətini təsis edib.

Şirkətin saytında tərəfdaşlar arasında Rusiyanın ən böyük polad istehsalı və mədən şirkətlərindən bəziləri, o cümlədən “Evraz” və onun kömür biznesi “Raspadskaya”nın adı göstərilib.

Satton 2022-ci ilin sonuna qədər “Coal Trade” şirkətindəki 90 faizlik payını saxlayıb. Daha sonra şirkəti son sahibləri məlum olmayan başqa bir firma alıb.

“Evraz”ın zavodları və “Raspadskaya” 2024-cü ildə ABŞ-nin sanksiyalarına məruz qalıb.

Mövcud maliyyə məlumatlarına görə, “Coal Trade” 2021-ci ildə təxminən 4,4 milyon, 2022-ci ildə isə 1,6 milyon dollar mənfəət əldə edib. Lakin Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsindən sonra şirkətin fəaliyyəti sürətlə zəifləməyə başlayıb.

Satton 2022-ci ilin noyabrında Moskvanın kənarındakı Qorçakovo kəndində yerləşən kiçik “Relaxzon” fitnes və spa mərkəzini də alıb.

“Vahid Rusiya” ilə əlaqəli döyüşçülər

Brayan Sattonun Rusiya ilə münasibətlərinin bütün təfərrüatları məlum deyil.

Sızdırılmış sənədlərdə Devid Sattonun Sovet İttifaqında doğulduğu göstərilir. Brayan isə Los-Ancelesdə anadan olub və ABŞ vətəndaşıdır. Hər iki şəxs 2017-ci ildə İsrail vətəndaşlığı alıb. Brayan Satton 2022-ci ildə Rusiya pasportu da əldə edib.

Bundan əlavə, Brayan Sattonun Çeçenistanla əlaqələrinin olduğu görünür. Ramzan Kadırovun sərt üsullarla idarə etdiyi respublikada hətta Rusiyanın federal hüquq-mühafizə orqanlarının fəaliyyəti məhdud hesab olunur.

Polisin məlumat bazasına görə, Sattonun Rusiyada məlum olan ilk yaşayış ünvanı Çeçenistanın paytaxtı Qroznı yaxınlığındakı Arqun şəhərində olub.

Sonrakı qeydlərdə də onun Qroznıdakı ünvanla əlaqəsi göstərilib. Eyni zamanda, Moskva ünvanlarından biri onun əsas yaşayış yeri kimi qeyd olunub.

Korporativ sənədlərə görə, Satton 2022-ci ilin iyununda “United Russian Fighters” - URF adlı MMA klubu və döyüş komandasının 10 faizlik payını alıb.

Klub Rusiya parlamentinin hakim “Vahid Rusiya” Partiyasından olan deputatı Bexan Ağayevlə əlaqəlidir.

Bexan Ağayev, “Vahid Rusiya” Partiyasından deputat. Foto: "Vahid Rusiya"
Bexan Ağayev, “Vahid Rusiya” Partiyasından deputat. Foto: "Vahid Rusiya"

Komandanın “Instagram” hesabında Ağayev klubun “yaradıcılarından biri” kimi təqdim olunur və “ölkənin inkişafına hər gün mühüm töhfə verən əsl Rusiya vətənpərvəri” adlandırılır. Hesabda onun komandaya dəstəyini davam etdirdiyi də bildirilir.

Deputatların biznes fəaliyyəti ilə məşğul olması qadağan edildiyindən Ağayevin URF-in arxasındakı şirkətdə şəxsi payı yoxdur. Lakin şirkətin 40 faizi onun oğlu Deniyə məxsusdur.

“Important Stories”in əvvəlki araşdırmasına görə, URF Rusiyanın Ukraynaya qarşı müharibəsində Rusiya ordusuna yardım göstərməkdə fəal iştirak edir.

Foto: United Russian Fighters/Instagram
Foto: United Russian Fighters/Instagram

2022-ci ildən ABŞ-nin sanksiyaları altında olan Bexan Ağayevin ailəsi Ramzan Kadırova yaxın hesab edilir.

Kadırov 2013-cü ildə Ağayevin atası Vaxa Ağayevin 60 illik yubileyi münasibətilə şəxsi təbrik videosu yayımlayaraq onu “əziz qardaşı” adlandırıb. O, Vaxa Ağayevə “Çeçenistan Respublikasının fəxri vətəndaşı” adını da verib.

Elə həmin il Çeçenistanın Urus-Martan şəhərində küçələrdən birinə Vaxa Ağayevin adı verilib. 2020-ci ildə COVID-19-dan vəfat edən Vaxa Ağayev Çeçenistan neftinin ticarəti ilə məşğul olan biznesə rəhbərlik edib.

Bexan Ağayev Sattonla münasibətlərinin mahiyyəti barədə suallara cavab verməyib. Onun oğlu da jurnalistlərin sorğusunu cavabsız qoyub.

“Transparency International”ın Rusiyadakı keçmiş rəhbəri İlya Şumanov bildirib ki, müasir Rusiyada nüfuzlu şəxslərin dəstəyi olmadan mülkiyyət hüquqlarını qorumaq və ya təhlükəsizlik qüvvələrinin təzyiqindən yayınmaq, demək olar, mümkün deyil.

Onun fikrincə, Sattonun Rusiyada əldə etdiyi mülk və aktivlərin gələcəkdə onun nüfuzlu rusiyalı dostlarının nəzarətinə keçməsi ehtimalı yüksəkdir.

“Rusiyanı tərk etmək qərarına gəlsə, onu çoxlu sürprizlərin gözlədiyini ehtimal etmək olar. Federal Təhqiqat Bürosunun ABŞ-də axtarışda olan şəxsləri üçüncü ölkələrdə saxlaması ilə bağlı uzun iş siyahısı var”, - Şumanov bildirib.

Tarix: Bu gün, 16:47
Xəbəri paylaş



Xəbər lenti