“Boğaz heyvanların hamısı abort edildi, sağ qalmağı bacaranlar da dəhşətli vəziyyətdədir” Şəki bölgəsinin ən mənzərəli guşələrindən birində, Daşüz kəndində yerləşən Respublika Atçılıq Turizm Mərkəzi dəhşətli bir faciəyə düçar olub: mərkəzin tövlələrində hər gün atlar ölür.
Acından ölmək! Bu, çox kədərlidir, amma bu günümüzdə belə bir vəziyyətin olması daha qəribədir.
İlk həyəcan siqnalı məşhur kulinariya mütəxəssisi, bloger Fərhad Aşurbəyli tərəfindən verildi. O, öz “Facebook” səhifəsində, necə deyərlər, bir dəri-bir sümük qalan atlar haqqında bir yazı yerləşdirdi: “Dostlar! Şəkidə dəhşətli bir faciə baş verir! Bir tövlə at yemsiz qaldı. Bu vəziyyətin necə olmasını təsəvvür edə bilmirəm, yalnız mərhəmətli insanların atları bəsləmək üçün bacardıqları yerlərdən yardım topladıqlarını bilirəm. Kim nə ilə bacarırsa, kömək etsin!”.
Dərhal at yemi üçün pul köçürməyə hazır olan onlarla mərhəmətli insan statusa cavab verdi. Şəfqət və rəğbət çox gözəldir, bəs qurbanları çarəsiz heyvanlar olan bu dəhşətli vəziyyətə görə kim cavabdehdir?
AYNA-nın əməkdaşı Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Seleksiya və Damazlıq Mərkəzinin elmi tədqiqatçısı, “Qarabağ və Dilboz cinslərinin Dövlət Damazlıq Kitabı”nın müəllifi, Şəkidə atçılıq turizmi sahəsində xidmətlər göstərən özəl bir şirkəti idarə edən Taleh Mustafayevlə əlaqə saxlayıb. Məlum olub ki, elə Taleh Mustafayevin özü Bakıdan olan dostlarından aclıqdan ölməkdə olan atları xilas etmək ümidi ilə Şəkidəki dövlət mərkəzinin atları ilə bağlı baş verənlər barədə sosial şəbəkələrdə danışmasını xahiş edib.
“35-i dövlətin olan 80-ə yaxın at məmurların laqeydliyi səbəbindən ölür. Yemək yoxdur! Çətinliklə qışladıq, doğar atların demək olar ki, hamısı abort edildi, indi qalan son bir ilin cavanları, daha doğrusu, sağ qalmağı bacaranlar dəhşətli vəziyyətdədir. Bu il, ümumiyyətlə cütləşmə olmadı. Mədəniyyət Nazirliyi balansında olan Mərkəzdə saxlanılan atların taleyinə biganədir. Hər gün insanlar məmurların vicdanının oyanacağına və yemək üçün pul ayrılacağına ümid edirlər. Ancaq vəziyyət hər gün daha da pisləşir. Mərkəzdəki insanlar bir neçə aydır maaşlarını ala bilmirlər. Buna görə də heyvanları da bəsləyə bilmirlər. Artıq özləri köməyə ehtiyac duyurlar”, - deyə Mustafayev bildirib.
Qeyd edək ki, Mustafayevin özünün bu Mərkəzlə heç bir əlaqəsi yoxdur, o, öz atlarını yetişdirmək və Şəkidə at turları təşkil etməklə məşğuldur. Dediyinə görə, Atçılıq Turizm Mərkəzi vaxtilə Azərbaycanda ən böyük olan Olimpiya Ehtiyatları Respublika Uşaq və Gənclər Atçılıq Məktəbinin bazasında yaradılıb.
“2006-cı ildə, o dövrdən bu günə qədər Mədəniyyət Nazirliyinin (əvvəllər Mədəniyyət və Turizm Nazirliyi) balansında olan bir mərkəz yaradıldı. Bir vaxtlar burada bir neçə at cinsi yetişdirilib saxlanılırdı - ərəb atları, ingilis yarışçıları, alman “trakenlər”, axaltəkin (türkmən) atları və s. Atlara lazımi dərəcədə qulluq olunurdu”, - deyə müsahibimiz vurğulayıb.
Əlavə edib ki, mədəniyyət naziri Əbülfəs Qarayev işdən çıxarıldıqdan sonra Mərkəzin maliyyəsi kəsilib: “Bu il, ümumiyyətlə vəsait olmadı. Atlar indi ancaq saman yeyir. Belə qida ilə yaşaya bilməyən heyvanlar aclıqdan ölməyə başladı. Dövlət atları ilə birlikdə “özəl” atlar da - nazirlərə hədiyyə verilən, sadəcə ehtiyacları olmadığı üçün taleyin ümidinə buraxılanlar da məhv olur”.
Mustafayevin sözlərinə görə, atları xilas etmək hələ də gec deyil: “Heyvanların immuniteti zəifləyir, ancaq lazımi qayğı ilə ilyarıma-iki ilə onları normal həyata qayıtmaq olar. Bildiyim odur ki, orta hesabla bir ata gündə 10 manat pul lazımdır. Bunlar qidalar, vitaminlər, dərmanlara gedir”.
Uzun illər Şəkinin mənzərəli yerlərində at gəzintisi turları təşkil edən Taleh Mustafayev atçılıq turizminin çox gəlirli bir turizm növü olduğuna inanır: “Pandemiyadan əvvəl müxtəlif ölkələrdən çox sayda qonağımız var idi, hamısı at turlarının böyük azarkeşləridir və onlara bu sahədə xidmətlər göstərməkdən məmnunluq duyurduq. Bu, bahalı bir turizm növüdür”.
“Mədəniyyət Nazirliyinin bu bədbəxt atlara ehtiyacı yoxdursa, Mərkəzi Milli Turizm Agentliyinə təhvil verə bilərdilər və əminəm ki, bu gün belə acınacaqlı vəziyyətə gəlməzdik”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.
Fotoları təqdim edirik
Tarix: 23-04-2021, 10:21