Vahid Əhmədov: “Rəqabət Məcəlləsinin qəbul edilməsinə mane olan monopolistlər hələ də mövcuddur”




“Rəqabət Məcəlləsinin qəbul edilməsinə mane olan monopolistlər hələ də mövcuddur və onlar istəmirlər ki, belə bir məcəllə qəbul edilsin”.
 
Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
 
Deputat bildirib ki, Milli Məclisin plenar və komitə iclaslarında bu məsələ tez-tez müzakirəyə çıxarılır, Rəqabət Məcəlləsi həmişə gündəmdədir: “Biz məcəlləni II oxunuşda qəbul etmişdik, amma sənəd ali qanunverici orqan tərəfindən III oxunuşa çıxarılmadı. Əslində II oxunuşda qəbul edilən sənədlər normal idi, heç bir dəyişikliyə ehtiyac yox idi. Sonradan sənəd üzərində hökümət müəyyən dəyişikliklər edəcəkdi, amma artıq 10 ildən çoxdur ki, sənəd gəlib çıxmır”.
 
V.Əhmədov hesab edir ki, bu məcəllənin qəbul edilməsi çox vacibdir: “Çünki Azərbaycanda inhisarçılıq halları çoxdur, təəssüf ki, azad rəqabət yoxdur və bazarda monopolistlər fəaliyyət göstərirlər. Qeyd edim ki, sənədin qəbul edilməsinə mane olan monopolistlər hələ də var, istəmirlər ki, belə bir məcəllə qəbul edilsin. İndiki zamanda rəqabət məcəlləsinin qəbul edilməsi bu kimi halların qarşısını almaq, azad rəqabəti təmin etmək üçün olduqca əhəmiyyətlidir. Hesab edirəm ki, hazırda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyində Rəqabət Məcəlləsi ilə bağlı ciddi tədbirlər görülür və yəqin ki, biz bu məcəlləni qəbul edəcəyik”.
 
Qeyd: 2006-cı ildə ölkə başçısı tərəfindən Milli Məclisə təqdim edilən məcəllə, II oxunuşdan keçsə də, uzun illərdir ali qanunverici orqan tərəfindən III oxunuşa  çıxarılmır. Lakin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 2020-ci ilin yekunlarına dair hesabatında qeyd olunub ki, Rəqabət Məcəlləsinin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb. Məcəllə ilə əlaqədar qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub.
Tarix: 18-02-2021, 17:46
Xəbəri paylaş



Xəbər lenti